“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirdi - VİDEO
“Azərenerji” “Bakı” İstilik Elektrik Mərkəzini qışa hazır vəziyyətə gətirib. "AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki, “Azərenerji” ASC “Bakı” İstilik Elektrik Mərkəzində təmir-bərpa işləri apararaq 2 saylı aqreqatın gücünü 40 meqavatdan 50 meqavata qaldırıb. Qeyd edək ki, 1902-ci ildə “Ağ şəhər” adı altında istismara verilən və Azərbaycanın ilk elektrik stansiyalarından biri olan, hazırda isə “Bakı” İstilik Elektrik Mərkəzi olaraq fəaliyyət göstərən müəssisə elektrik enerjisinin istehsalı ilə yanaşı istilik təchizatı üçün də fəaliyyət göstərir. «Reabilitasiya Proqramı” çərçivəsində istilik mərkəzinin 2 saylı aqreqatının ehtiyat hissələri dəyişdirilib, istilik təchizatı üçün bəzi borular yenilənib, təmir edilib və test edildikdən sonra istismara verilib. Elektrik enerjisi istehsal edib ümumi sistemə ötürməklə yanaşı Əhmədli, 8-ci kilometr qəsəbələri də daxil olmaqla Xətai və Nizami rayonlarındakı əksər yaşayış binalarını istiliklə təchiz edən “Bakı” İstilik Elektrik Mərkəzində noyabr ayının 15-dən etibarən payız-qış mövsümü qrafikinə uyğun olaraq istilik təchizatı işə qoşulacaq.