KİVDF DƏ DƏYİŞƏCƏKMİ? - Mediaya dövlət dəstəyi effektiv hala gətirilməlidir

Prezident Administrasiyasında aparılan struktur və kadr dəyişikliklərindən sonra Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyəti ətrafında bir qədər qeyri-müəyyənlik yaranıb. Fondun çap mediasına maliyyə yardımları ilə bağlı müsabiqəni elan etməsinin yubanma ehtimalı maliyyə alan qəzet redaksiyalarında narahatlığı bir qədər də artırıb.

Ötən il Fondun Müşahidə Şurası sözügedən müsabiqəni dekabrın 18-də elan edib və qalib redaksiyaların adlarını 10 gün sonra - dekbarın 28-də açıqlayıb.

Xatırladaq ki, gələn ilin dövlət büdcəsindən KİVDF-nin maliyyələşdirilməsinə ötən il olduğu qədər - 4 milyon manata yaxın vəsait ayrılıb. Bu dəfə yardımın hansı formada veriləcəyi, ümumiyyətlə, KİVDF-nin fəaliyyətinin yenidən təşkil olunması və onun funksiya və səlahiyyətlərinin dəyişdirilməsi gündəmdədir.

 

 

Bu günə qədər tətbiq olunan yanaşmanın çap mediasının inkişafına gətirib çıxarmadığı məlumdur. Qəzet sənayesi artıq oxucu tələbatı hesabına deyil, KİV rəhbərlərinin "iş yerlərini qorumaq" prinsipi əsasında, sırf büdcə hesabına yaşayır. Çünki mediada hökm sürən qeyri-rəsmi senzura, “dişsizlik” və bəzən hətta səviyyəsizlik ona marağı kəskin azaldıb, reklam mənbələri bu və ya başqa səbəblərdən çap mediasından uzaq düşüb. Habelə, medianın iş dünyası, biznes strukturları ilə əlaqələri də qırılıb. Ötən illlərdə büdcədən milyonlarla vəsait ayrılsa da, çap mətbuatının bu problemlərinin heç biri həllini tapmayıb, onların Fondun verdiyi vəsaitlərdən asılılığı daha da artıb.

Vəziyyətin bu həddə pisləşməsinin əsas səbəblərindən biri də KİVDF-nin tətbiq etdiyi maliyyələşmə mexanizmlərinin ədalətli və inkişafı stimullaşdıran istiqamətdə olmamasıdır. Məsələn, aylıq 20 min manat vəsait alan qəzetlərin bir çoxu, habelə 10 min manat yardım alan nəşrlərin əksəriyyətinin ölkədə ictimai-siyasi duruma zərrə qədər təsirləri yoxdur. Hətta bu qədər vəsait ayrılmasına baxmayaraq, onların varlığı ilə yoxluğu bilinmir.

KİVDF-də müəyyənləşdirilən bölgüyə görə ictimai-siyasi qəzetlər 3 kateqoriyaya - gündəlik, günaşırı və həftəlik, bölünərək maliyyələşdirilir.

Bu ilin ikinci yarısında elan olunmuş müsabiqənin qaliblərinin adları iyulun 28-də açıqlanıb. Belə ki, "Bakı - Xəbər", "Yeni Müsavat", "Səs", "Yeni Azərbaycan", "Mövqe", "Kaspi" və onu rus versiyası "Kaspiy" qəzetlərinin hər birinə aylıq 20 min manat, həftədə 3 dəfədən çox nəşr olunan, "Həftə içi", "Novaya Vremya", Azernews", "525-ci qəzet", "Paralel", "Xalq Cəbhəsi", "Olaylar", "Hürriyət", "Üç nöqtə", "Ədalət", “Palitra", "Azad Azərbaycan", "Şərq" qəzetlərinin hər birinə aylıq 10 min manat, "Türküstan", "Oxu məni", "Unikal", "Hərbi and", "The Business Times" qəzetlərinə isə aylıq 5 min manat maliyyə yardımı ayrılıb.

 

 

Qeyd edək ki, Fond bu kateqoriyaları qəzetlərin gündəlik satış tirajına uyğun müəyyənləşdirildiyini bildirsə də, bu prinsp daim narazılıq mənbəyi olub. Çünki birinci kateqoriyaya daxil edilən əksər nəşrlərin satış tirajı mübahisə mövzüsüdür. Ölkədə qəzet satışı şəbəklərinin sıradan çıxması, yeni qurulan şirkətlərin qəzet satışında maraqlı olmaması gündəlik 3 mindən artıq qəzetin harada satılması ilə bağlı suallar yaradır. Adıçəkilən nəşrlər abunə yolu ilə KİVDF-nin tələb etdiyi satış həcmini ödədiklərini bildirsələr də, bu abunəçilərin qəzet oxucuları olmadığı məlumdur.

Həllini gözləyən problemləri sıralasaq, ilk yerdə ölkənin ictimai-siyasi həyatına təsir edən, gündəmi müəyyənləşdirən nüfuzlu onlayn medianın dəstəklənməsidir. Əlbəttə, burada söhbət onların KİVDF sayağı maliyyələşdirilməsindən getməməlidir. Bununla bağlı inkişaf etmiş ölkələrin təcrübəsinə müraciət etmək olar. 

Qəzet redaksiyaları ifrat senzuradan azad edilməli, dövlətin əlində olan sosial reklamlar və digər stimullaşdırıcı alətlər nüfuzlu onlayn nəşrlər, habelə çap mediası arasında ədalətli şəkildə bölünməlidir.

Eyni zamanda media iri şirkətlərin sosial məsuliyyət layihələrinə cəlb olunmalı, dövlət qurumlarının informasiyalarına əlçatanlığı yaxşılaşdırılmalıdır. Çap mediası üçün başlıca problemlərdən biri yayım şəbəklərinin yenidən təşkil olunması, qəzet oxunması mədəniyyətinin təşviqidir.

Əgər, KİVDF-nin fəaliyyəti indiki yarasız, monoton, qeyri-şəffaf zolaqdan çıxarılaraq yenidən təşkil olunacaqsa, ilk növbədə yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır.  “AzPolitika.info”

  

 






Fikirlər