KÖRPÜ UÇURAN ŞİRKƏTƏ MİLYONLUQ TENDER - Sabiq başçı Ağsunun abadlaşdırılmasını nədən “ATF” MMC-yə həvalə edib?
Struktur islahatları, eləcə də rayon icra hakimiyyətlərindəki mənimsəmə faktları ilə bağlı aparılan son araşdırmalar və həbslər bu orqanlardakı əsas korrupsiya mənbələrindən biri olan tender mövzusunu bir daha gündəmə gətirir. Belə ki, məhz tenderlər, dövlət satınalmaları zamanı əsasən rayon rəhbərlərinə, yaxud digər məmur-oliqarxlara yaxın şirkətlərlə aparılan “pay bölgüsündən” əldə olunan vəsait icra başçılarının əsas gəlir mənbələri sırasında xüsusi yer tutur. 2019-cu ilin yanvar-dekabr aylarında Ağsu rayonunda dövlət qurumları tərəfindən keçirilən tenderlərlə bağlı statistik məlumatlara nəzər yetirdikdə maraqlı mənzərə ilə rastlaşmış oluruq. “AzPolitika.info” xəbər verir ki, həmin tenderlərin qalibləri arasında xüsusi diqqət cəılb edən şirkətlərdən biri “ATF” MMC-dir. Rəsmi hesabatlaradn aydın olur ki, yanvar-dekabr aylarında Ağsuda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 15 min 246 manat olan 28 tender keçirilib. Və təbii ki, ən ən iri məbləğdə tenderlər keçirən də rayonun İcra Hakimiyyətidir- 8 milyon 244 min 671 manat. Bu məbləğin əsas hissəsi Ağsu rayonunda 2019-cu ilin 5 fevral tarixində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan tikinti-təmir işləriləəlaqədardır. Ancaq rayona ayrılan vəsaitin kifayət qədər böyük bir hissəsi də sırf abadlıq işlərinə aiddir. Belə ki, bu işlərə ümumilikdə 1 milyon 130 min manata yaxın vəsait ödənilib. Həmin işlər üzrə tenderin qalibi isə yuxarıda qeyd etdiyimiz “ATF” MMC-dir. Şirkətlə “Ağsu şəhərində abadlıq işləri” bəndi üzrə 637.295 manat, “Ağsu şəhərində asfalt-beton işlərinin görülməsi” bəndi üzrə isə 492.823 manat dəyərində müqavilələr bağlanıb. Təsadüfi deyil ki, abadlıq və yol infrastrukturu ilə bağlı işlərə ayrılan pullar ən çox mənimsəmə, korrupsiya riski daşıyan büdcə vəsaitləri hesab olunur. Ona görə də bu sahədə keçirilən tenderlərə, həmin tenderlərdə iştirak edən şirkətlərə və büdcə vəsaitlərinin istifadəsinin şəffaflığına xüsusi önəm verilməlidir. Ağsu rayonunun abadlaşdırılmasına dair tenderin məhz “ATF” MMC-yə nəsib olması isə ona görə diqqət cəlb edir ki, bu şirkətin adı 2018-ci ilin iyununda Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı açılan cinayət işində keçir. Belə ki, həmin vaxt məhz “ATF” MMC çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərmiş, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına və digər qurğulara bir neçə milyon manatlıq ziyan vurmuş əsas şirkətlərdən biri olub. Hətta mətbuatda sabiq nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi təqdim edilən şirkətin sahibi Azad Muradov dövlətə vurulan külli miqdarda ziyana görə həbs də edilib. Bu şirkətin adı həmçinin “Azəryolservis”ASC-nin rəhbərliyinin də iştirakı ilə həyata keçirildiyi iddia edilən maxinasiyalarda hallandırılıb. Lakin göründüyü kimi, bütün bunlar Ağsu rayon İcra Hakimiyyətinin 2019-cu ildə keçirdiyi milyonluq tenderin məhz bu şirkətə nəsib olmasına maneə yaratmayıb. Onu da qeyd edək ki, şirkətin qazandığı hər iki tender Ağsunun vəzifəsindən azad edilən sabiq icra başçısı Ənvər Seyidəliyevin rayona rəhbərlik etdiyi dövrdə baş tutub.