Mingəçevirdə dövlətin pullarına "DİVAN TUTULUB"

Mingəçevirdə dövlətin pullarına "divan tutulub"

Təmir, abadlıq işlərində dəhşətli maxinasiyalar; həbsdə olan şirkət sahibinə 14 milyon manat verilib Hesablama Palatasının apardığı audit "Bizim Yol"un araşdırmasını təsdiqlədi

Hesablama Palatası Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə və təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələrindən narazı qaldığını bir müddət əvvəl açıqladı.

Məlum oldu ki, mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması təxmini hesablamalar əsasında tərtib edilib. Abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyəri və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilib, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı da əlavə və artıq ödənişlərə yol verilib. Kommunal xidmətlərini həyata keçirən İH-nin struktur vahidləri tərəfindən büdcə vəsaitinin təyinatı dəyişdirib və təsərrüfat gəlirləri hesabına saxlanılmalı xərclərin ödənilməsinə yönəldilib, mənzil fondunun gəlirləri üzrə vəsait az hesablanılıb, debitor borcun yığılması, xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-yə yaranan borc daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib. Eyni zamanda, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşrut üzrə məsafənin müəyyənləşdirilmədiyi, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilmədiyi, bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı, hesablaşmaların nağd qaydada həyata keçirildiyi aşkarlanıb.

Şişirdilmiş qiymətlər, eyni şirkətlər

Əslində auditor rəyində göstərilən nöqsanların çoxunun mövcudluğunu bir müddət əvvəl "Bizim Yol" qəzeti yazmışdı. İH-in müsabiqələrindən kənarda qalan şirkət rəhbərinin redaksiyaya ünvanladığı şikayət məktubu əsasında araşdıraraq ortaya çıxartmışdıq ki, şəhər İH-ə ayrılan vəsaitlərin xərclənməsi zamanı həm şişirtmələr var, həm də nəyə görəsə eyni şirkətlərə böyük pullar verilir. Göründüyü kimi bunlar auditor rəyində də əksini tapıb. O təhlil konkret dövrü əhatə edirdi. İndi isə şəhər İH-in 5 ildə xərclədiyi ümumi vəsaitləri Satınalmalar üzrə Dövlət Agentliyinin verdiyi məlumatlara əsasən araşdırmışıq. Hər biri 100 min manatın altında olan "xırda-xuruş" xərcləri sadalamayacam. 2010-cu ildə Mingəçevir İH abadlığa 839 606 manat ("Mingəçevir-Tikinti" MMC), mənzil fondunun əsaslı təmir işlərinə 362 868 manat ("Palıdlı" MMC), asfalt örtüyünün əsaslı təmirinə 2 377 344 manat ("ATF" MMC), küçələrin abadlaşdırılmasına 199 499 manat ("Palıdlı" MMC), meydan, xiyabanların təmiri, abadlaşdırılmasına 298 598 manat ("Fərdi Tikinti"firması), mal və materialların alınmasına 133 337 manat ("Fəqan xidmət təşkilatı" MMC) xərcləyib. Həmin il Mülkü Müdafiə Qərargahının Ehtiyat Səfərbərlik Anbarının əsaslı təmirinə 95 944 manat ("Miri-S" MMC) sərf edib. Bunu təsadüfi yazmadım, çünki bu xərc maddəsi sonrakı illərdə də təkrarlanıb. 
2011-ci ildə şəhər İH üzrə yaşayış binalarının alkoponla üzlənməsi, qapı, pəncərələrin plastik materialla əsaslı təmiri 939 386 manat ("İnşaat-A Tikinti İstehsalat" MMC), mal və materiallar 131 000 manat ("MİRİ-S" MMC), abadlaşdırma 458 971 manat ("Tikinti-Təmir" MMC), yenə mal-materiallara 154 478 manat sərf olunduğu göstərilib ("Palıdlı" MMC). 2012-ci ildə yenə iri vəsaitlər xərclənib: 499 907 manat ərzaq məhsulları ("İaşəçi" MMC), 149 940 manat ət və ət məhsulları ("Ət, süd aqrar sənaye" müəssisəsi), 1 498 700 manat abadlıq, 498 540 manat yaşayış binalarının fasad-divar səthlərinin təmiri, rənglənməsi və dam örtüklərinin təmiri (hər ikisi "Mingəçevir-tikinti" MMC), 105 447 manat Mülkü Müdafiə Qərargahı anbarında əsaslı təmir ("Pərqam" MMC), 201 415 manat abadlıq və mal-materiallara ("Fəqan" xidməti təşkilatı), 2 260 708 manat prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri ("ATF" MMC), 569 690 manat abadlıq ("Tikinti-Təmir" MMC), 345 095 manat mənzil fondunun əsaslı təmir işləri, 191 018 manat işıqlandırma üçün mal-materiallar (hər ikisi "Palıdlı" MMC), 109 337 manat da yenə mal-materiallara ("Fərid" xidmət təşkilatı) sərf olunub.

Böyük məbləğlərin şübhəli ünvanları

2013-cü ildə də böyük vəsaitlər xərclənib və eyni şirkətlərə verilməklə bərabər, reputasiyasında problem olanlara da iri pullar axıdılmaqda davam edilib. Əvvəlki illərdə görülmüş eyniadlı işlərə görə dörd tender "Palıdlı" MMC-yə üst-üstə 2 444 669 manata həvalə olunub. Azadlıq prospektində 16 mərtəbəli binada yanğın səbəbindən rəhbəri həbs olunan "Qlobal Konstrakşn" MMC-yə yüksəkmərtəbəli yaşayış evlərinin fasadının təmir və üzlənməsi üçün 3 999 864 manat vəsait ayrılıb. Daha bir mübahisəli podratçı "Fəqan" xidmət təşkilatı da əvvəlki illərdə olduğu kimi, İH-dən tapşırıq alıb: 259 860 manatlıq mal-material ondan satın alınıb. Bu şirkət Mingəçevir və Goranboyda xeyli tenderi şübhəli şəkildə qazanıb. İH-in "Fərid" xidmət təşkilatı ilə işbirliyinin də olduğu barədə prokurorluğa müraciət edilib. Mülki Müdafiə Qərargahının anbarı üçüncü il də əsaslı təmir olunub və bu dəfə 9 983 manat sərf edilib. "Tikinti-Təchizat Dizayn" MMC-nin iki uşaq bağçası və iki məktəbin təmirinə hər biri yarım milyon manata yaxın olmaqla ümumülikdə 1 996 061 manat gedib. "ATF" MMC-yə şəhərdaxili, prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmirinə görə 4 307 349 manat verilib. 1 999 702 manatı Dostluq parkında abadlıq üçün "Lider Monolit" MMC, 999 840 manatı yaşayış binalarında liftlərin dəyişdirilməsinə görə "Gilan-Lift" MMC alıb, qalan 397.568 manatlıq iş də üç müəssisə arasında bölünüb. Dediyim kimi, sadəcə dəyəri altı rəqəmin üstündə olan tenderləri yazdım.

2014-cü ildə yaşayış binalarının üzlənməsi və işıqlandırılması üçün "Qlobal Konstrakşn"a düz 9 999 254 manat ödənib. Üst-üstə 14 milyon havaya sovruldu, çünki sonradan həmin tezalışan konstruksiyalar insanların həyatı və əmlakına təhlükə törətdiyindən Prezidentin göstərişi ilə respublikada kütləvi şəkildə söküldü. O vəsaitlərin büdcəyə qaytarılıb-qaytarılmadığı barədə məlumat verilmir. Yanğına görə hazırda rəhbər şəxslərinin həbsdə olduğu "Global Construction" MMC-nin fasadların üzlənməsi ilə bağlı iki tenderdə iştirakını təsdiqləyən məlumat var. Şirkətin web-saytında göstərilirdi ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadını dəyişdirib. Bu məlumatlardan çıxış etsək, ümumilikdə 10 binaya dövlət büdcəsindən 14 milyon manat verilib, hər binaya 1,4 milyon manat düşür. Təkcə üzlük və dam örtüklərinin dəyişdirilməsinə bu qədər vəsaitin ayrılmasının irimiqyaslı korrupsiyadan xəbər verdiyini biz hələ Palatanın apardığı auditdən əvvəl yazmışdıq. Mingəçevir İH-in "favoritlərindən" olan "Palıdlı" yenə həmin il gördüyü işləri təkrarlayıb və bu dəfə çeşidli təmir işləri, mal-materiala görə 6 tenderdə aldığı 5 399 555 manat büdcəsini tamamlayıb. Digər "favorit" "Tikinti-Təchizat-Dizayn" MMC-yə 3 749 014 manatlıq abadlıq, təmir işlərinə görə 5 tender qazandırılıb. "ATF" firmasına məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri kimi bir iş verilib, amma dəyərli olub - 2 567 614 manat. Bu müəssisələrə ayrı işlər də həvalə olunub, bununla belə söz verdiyim kimi "xırdalığa" getmirəm. 3 252 530 manatlıq iri vəsaitlər də digər şirkətlər arasında bölünüb.

Korrupsiyanın alarmı - yenə "9" rəqəmi

2015-ci ilin 6 ayında şəhər İH əksər tenderdə "9"-ları yan-yana düzüb. Az məbləğ tapılar ki, içərisində üç "9" olmasın. Məsələn, 1 saylı tam orta məktəbin əsaslı təmiri 999 899 manat, 7 saylı tam orta məktəbin əsaslı təmiri 999 639 manat, 9 saylı tam orta məktəbin əsaslı təmiri 999 869 manat olub və nəticədə 2 999 407 manatlıq işlər "Tam Ortaqlı İnşaatçı Şirkəti"nə həvalə edilib. Hesabı elə qurublar ki, alınan rəqəm də 3 milyonun bir addımlığında üç "9"-la bitib. Füzuli parkı və ətrafında abadlıq 2 999 340 manat, mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması 399 758 manata "Palıdlı" MMC-yə verilib. Əvvəlki illərdə də bu rəqəm tez-tez qarşımıza çıxır. Dövrəyə davamlı "9"lar girəndə şərhə ehtiyac qalmır, gözünüzü yumub rahatca "orada korrupsiya var", deyə bilərsiz. Palatanın haqqın ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının təxmini hesablamalar əsasında tərtib edildiyi barədə iradı bunu sübut edir. İşıqlandırma işlərinin görülməsi üçün mal-materialların alınması 217 877 manata yenə bu şirkətə həvalə olunub, nə təsadüfdürsə burada bir dənə də olsun "9" rəqəmi yoxdur. Yenə ümumilikdə 3 616 975 manatlıq iş bir şirkətə verilib. Yaşayış binalarının fasadının üzlənməsi, dam örtüyünün təmiri keçən il də Mingəçevir üçün aktual olub və bu işə iki tenderdə cəmi 2 259 442 manat vəsait ayrılıb. İşi görən "Mingəçevir-Tikinti" MMC-yə yenə bir dəfə 499 609 manat dəyərində abadlıq, sonra 231 700 manata da prospekt və küçələrin işıqlandırma sisteminin yenidən qurulması işi həvalə edilib. "Günəşli", "Bağlar" yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən ümumi uzunluğu 10 km dairəvi avtomobil yolunun yenidən qurulması 4 949 726 manat ("ATF" MMC) olub. Hər kilometrə 494 972 manat - yəni yarım milyon pul xərclənib. Belə çıxır ki, 1 metrə 494 97 manat gedib. Mingəçevirdə heç mənzilin kv/m-i bu qiymətə satılmır. Prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri ilə bağlı 2 671 508 manatlıq iş də yenə "ATF"-ə həvalə olunub. İH 1 440 000 manatlıq kommunal texnika ("Original Motors" MMC), 562 557 manatlıq da ərzaq məhsulları satın alıb ("İaşəçi" MMC). Hər birinin dəyəri 100 min manatdan yuxarı bir neçə tenderin də qiyməti ümumilikdə 565 483 manat olub. İri rəqəmlər abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyəri və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənildiyi ilə bağlı Palatanın hesabatındakı qeydlərin obyektiv olduğunu təsdiqləyir.






Fikirlər