Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyyələr müzakirə olunur. Bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, tövsiyyələr ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır: “Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar, misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyyələr arasında öz əksini tapıb. Məsələn, “Mehti” - “Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.


Nizami Cəfərov - Milli Məclisin Mədəniyyət komitəsinin sədri 

N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyyə olunmur: “Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyyə olunmur”.

Komitə sədri əlavə edib ki, ümumiyyətlə, həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun: “Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq”.


Azərbaycan Respublikasının Milli Məclisi 

Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə gəlincə isə, N.Cəfərov bildirib ki, bu istiqamətdə müzakirələr hazırda aparılır: “Biz Milli Məclisin Mədəniyyət komitəsi kimi bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da “Adlar və soyadlar” haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər”.