“Zakir Qaralovu qovmuşdular, mən bərpa elədim ” – Keçmiş baş prokuror

Kamran Əliyev baş prokuror seçiləndən sonra ilk islahatlara bəzi rayon prokurorlarını təqaüdə göndərməklə başladı. 6 rayonun prokurorunu, 1 ədliyyə generalını yaşla əlaqədar təqaüdə göndərdi. Əslində, yaşla əlaqədar prokurorluq sistemində çox prokurorlar təqaüdə göndərilməlidir. 

Prokurorluq sistemində gedən islahatlarla bağlı 1993-1994-cü illərdə ölkənin baş prokuroru işləmiş Əli Ömərov “Yeni Sabah”a açıqlamasında  Kamran Əliyev haqda danışıb: “Mən baş prokuror olanda Kamran Əliyev Rusiyadan mənə ərizə verdi ki, Azərbaycana gəlmək istəyirəm. Mən də onu qəbul elədim, gördüm savadlı oğlandı, hüquq elmlər namizədidir, əmrini verdim Azərbaycana prokurorluq sisteminə işə götürdüm. Həmçinin, Zakir Qaralovu o vaxt prokurorluq sistemindən qovmuşdular, mən onu yenidən bərpa elədim işinə”.

İşdən çıxarılan Xətai rayon prokuroru Yusif İldırımzadə və Nəsimi rayon prokuroru Salman Məmmədli barədə danışan Ə. Ömərov deyib ki, Yusif İldırımzadə savadlı mütəxəssis olub: “Gəncədə bir yerdə işləmişik. Salman müəllimi də tanıyıram, mənim vaxtımda da işləyib. İndi necə işləyib, nə təhər işləyib onu ondan yuxarı orqanlar bilər”. 

Ə. Ömərov DTX-nın əməliyyat apardığı rayonlarda işləyən hüquq-mühafizə orqanlarının yarıtmaz fəaliyyəti haqda suala cavab olaraq bildirib ki, qanunu hamı yerinə yetirməlidir: “Vəssalam. İcra hakimi də, rayon prokuroru da, rayon polis şöbəsinin rəisi də hamısı qanunlara əməl eləməlidir. Onların işləyib-işləməməyini camaat yaxşı görür. Mən nə deyə bilərəm. Rayon prokurorları camaatın şikayətləri barədə tədbir görə bilməyiblərsə, özlərindən yuxarı prokurora göndərməli idilər ki, mənə belə şikayət olunub səlahiyyətim çatmır və bacarmıram, xahiş edirəm bir tədbir görəsiniz”.






Fikirlər