“Kamran Əliyevi prokurorluqda işə mən qəbul etdim” - Keçmiş Baş prokurorlar DANIŞDILAR

Mayın 1-də ölkə başçısının sərəncamı ilə Kamran Əliyev Azərbaycan Respublikasının yeni Baş prokuroru təyin edildi.

 Bu təyinata qədər Kamran Əliyev Baş prokurorunun müavini və Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrini icra edib.

 Yeni baş prokurorun fəaliyyəti haqqında Modern.az-a danışan Azərbaycanın sabiq baş prokuroru İlyas İsmayılov onunla şəxsi tanışlığının olmadığını diqqətə çatdırıb:

 “Cəmi bir dəfə Kamran Əliyevlə telefon danışığımız olub. Buna baxmayaraq, yeni Baş prokurorla bağlı təəssüratlarım müsbətdir. Həmçinin,  ətrafımda olan başqa insanların da onun haqqında rəyləri müsbət olub. Ona görə düşünürəm ki, Kamran Əliyev yerində olan təyinatdır”.

 Digər sabiq baş prokuror Əli Ömərov isə Kamran Əliyevi tanıdığını deyib. O qeyd edib ki, 1993-cü ildə Baş prokuror olanda Kamran Əliyev ona ərizə ilə müraciət edib:

 “Kamran Əliyev ərizədə qeyd etmişdi ki, Rusiyada işləyir və bura qayıtması üçün onu Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edim. Kamran Əliyevi qəbul etdim, biz söhbətləşdik və anladım ki, doğrudan da öz gücünə oxumuş, öz gücünə hüquq elmləri namizədi elmi dərəcəsi almış, əxlaqı yerində bir insandır. Bundan sonra onun Azərbaycan Baş prokurorluğunun o zamankı elmi-tədqiqat mərkəzinə işə götürülməsinə dair əmr verdim. Yəqin ki, bizim o zamankı söhbətimiz Kamran Əliyevin yadında olar.

 Kamran Əliyev Respublikanın Baş prokuroru təyin edildi. Mənim üçün bu qürurverici bir hadisədir, çünki məndən sonra ölkənin 3 Baş prokuroru olmuş şəxslərin heç biri mən Baş prokuror olarkən Respublikanın prokurorluq orqanlarında işləmirdilər. Eldar Həsənov daxili işlər orqanlarında işləyirdi, İnterpolun milli bürosunun rəisi idi və onu özümə 1-ci müavin gətirdim. Zakir Qaralov prokurorluq orqanlarından xaric olunmuşdu və onun ailə vəziyyətini nəzərə alaraq, yenidən öz vəzifəsinə bərpa etdim. Kamran Əliyev isə qeyd etdiyim kimi Rusiya Federasiyasının prokurorluq orqanlarında işləyirdi. Bilmirəm, bəlkə də bu nadir bir haldır ki, bir Baş prokuror prokurorluğa işə gətirdiyi insanlardan üçü ondan sonra onun kimi ölkənin Baş prokuroru olurlar”.

 Əli Ömərov onu da qeyd edib ki, Baş prokuror ilk növbədə qanunun aliliyini üstün tutmalıdır:

 “Qanunun hamı üçün eyni olmasını rəhbər tutmalıdır. Cinayət edənləri kiminsə xahişinə, kiminsə tapşırığına görə buraxmamalı, onların cinayətlərini ört-basdır etməməlidir. Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev də Kamran Əliyevlə videoformatda keçirdiyi qəbul zamanı qeyd etdi ki, kimliyindən asılı olmayaraq, heç kim məhsuliyyətdən kənarda qalmamaldır. Buna bariz nümunə kimi bir neçə icra başçısının və digərlərinin həbs olunmasını misal gətirdi.

 Prezident İlham Əliyev yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevin qarşısında mühüm tapşırıqlar qoydu. Bu ağır və şərəfli vəzifəyə təyin olunması ilə əlaqədar Kamran Əliyevi ürəkdən təbrik edir və ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.






Fikirlər