Azərbaycanda qüvvədə olan qadağaların – TAM SİYAHISI
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin mayın 31-dən yumşaldılmasına qərar verilib. Buna baxmayaraq, bir sıra qadağalar hələ də qüvvəsindədir. “AzerTaym.az” həmin qadağaların siyahısını təqdim edir: • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; • “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; • toy məclislərinin təşkilinin qadağan olunması; • bütün kütləvi tədbirlərin dayandırılması; • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 22:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • masaj və hamam xidmətlərinin göstərilməsi.