İcra Hakimiyyəti Ziya Məmmədovun obyektlərini sökür? - FOTO
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonunda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazıdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkarlanıb. BŞİH-dən Valyuta.Az-a verilən məlumata görə, təşkil edilmiş komissiya tərəfindən tikilən müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb. Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi quvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib, qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib. Valyuta.Az qeyd edir ki, həmin hasar və tikililərin uzun illər mövcud olmasına baxmayaraq, məhz indi Bakı Şəhər İcra Hakimiyyətinin yadına düşməsi təsadüfi deyil. Qeyri-rəsmi məlumatlara görə, bu ərazilər vaxtı ilə nəqliyyat naziri olan Ziya Məmmədova yaxın şəxslər tərəfindən zəbt edilmişdi. Görünür son vaxtlar Ziya Məmmədovun açıq hədəf halına gəlməsindən sonra, bu ərazilərin də "azad olunması" məsələsini aktuallaşdırıb.