DÖVLƏT BORCUMUZ – Vəziyyət pis deyil, ancaq yenə də TƏDBİRLİ OLMALIYIQ...

Malliyyə Nazirliyinin açıqladığı borc statistikasına görə, 1 yanvar 2021-ci il tarixinə Azərbaycanın birbaşa xarici dövlət borcunun məbləği 8 milyard 100 milyon dollar təşkil edib. Bu, ümumi daxili məhsulun (ÜDM) 19 faizini təşkil edir. Bir il bundan əvvəl bu göstəricilər müvafiq olaraq 8 milyard 320 milyon dollar  17,3 faiz olub. Eyni zamanda, cari ilin əvvəlinə ölkəmizin dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə alınmış xarici borc üzrə şərti öhdəlikləri 721 milyon dollara bərabər olub ki, bu da ÜDM-in 1,7 faizi deməkdir. Beləliklə, ümumilikdə xarici dövlət borcu 8,821 milyon dollar, manat ifadəsi ilə 14 milyard 996 milyon manat olmaqla ÜDM-in 20,7 faizini təşkil edir. 2020-ci ilin əvvəlinə isə şərti öhdəliklər daxil olmaqla Azərbaycanın xarici dövlət borcu 9 milyard 91 milyon dollara, və ya ümumi daxili məhsulun 18,9 faizinə bərabər idi. Deməli, son bir ildə xarici dövlət borcumuz mütləq ifadədə 270 milyon dollar və ya 3 faiz azalıb, lakin onun ÜDM-dəki payı əksinə 1,8 faiz artıb.

Reallıq ondan ibarətdir ki, sabit mübadilə məzənnəsi şəraitində xarici dövlət borcunun ÜDM-də payının azaldılmasına iqtisadi artım amili də mühüm təsir göstərir. Yəni, iqtisadi artım zəiflədiyi təqdirdə borcun nominal dəyər ifadəsi ilə azalması avtomatik olaraq onun ÜDM-ə nisbətinin azalmasına gətirmir, bu nominal ÜDM-in azalması dərəcəsindən də asılıdır. Müvafiq olaraq ölkədə əlavə dəyərin həcminin artması xarici borcun ÜDM-də payının da azalmasına gətirib çıxarıb.

2020-ci ildə koronavirus pandemiyası bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da kəskin mənfi təsirlərini göstərdi, ÜDM həm real, həm də nominal ifadədə azaldı. ÜDM-in nominal ifadədə azalması faizinin xarici dövlət borcunun mütləq məbləğinin azalması faizini xeyli üstələməsi xarici borcun ÜDM-ə nisbətinin yüksəlməsinə səbəb oldu. ÜDM-in fiziki həcmi azaldıqda təbii ki, borcun ÜDM-də riyazi əmsalı artır.

 

 

Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda 3,4 faiz real artım gözlənilir., Dünya Bankı və Beynəlxalq Valyuta Fondu isə daha mülayim 1,9-2 % iqtisadi artım gözləyirlər. Bu halda cari ilin sonunda ÜDM-də xarici borcun da faiz nisbətinin azalacağını və 20 faizdən aşağı düşəcəyini gözləmək mümkündür.

Daxili dövlət borcuna gəlincə, 2021-ci il yanvarın 1-ə qədər Azərbaycanda birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat təşkil edib, bu da ÜDM-in 2,4 faizi deməkdir. Həmçinin, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəlikləri, yəni 216,3 milyon manat (ÜDM-in 0,3 faizi) vəsaiti də nəzərə alsaq, daxili dövlət borcunun ümumi məbləğinin 1 milyard 942,1 milyon manata bərabər (ÜDM-in 2,7 faizi) olduğunu görə bilərik. 2020-ci il ərzində daxili dövlət borcu 527 milyon manat məbləğində artıb. Bunun səbəbi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın icrası olaraq xarici borcalmanın tədricən azaldılması məqsədilə ötən ilin artan dövlət büdcəsi kəsrinin daxili dövlət borcalması hesabına bağlanılması, habelə yerli maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində milli valyutada dövlət istiqrazlarının emissiyasının artırılması ilə bağlıdır.

Borc anlayışı ümumiyyətlə hər bir cəmiyyədə mənfi assosiasiya yaradır, insanlar borclanmadan ehtiyat edirlər. Dövlətin borcunun artması təbii ki, yaxşı hal deyil və hər bir ölkə üçün müəyyən risklər yarada bilər. Borcun ÜDM-də payının 50 fazidən çox olması təhlükəli hədd hesab edilir. Bəzi inkişaf etmiş ölkələrdə dövlət borcunun ÜDM-ə nisbəti 100 faizdən artıqdır. Avropa Birliyinə daxil olan ölkələr dövlət borcunun 60 faizdən artıq olmaması barədə qərarlaşdırıblar. Borc bu səviyyəni keçən kimi növbəti illərdə onun azaldılması üçün tədbirlər görülməlidir. Hazırda dünya ölkələrinin borc göstəricilərinə nəzər saldıqda, Azərbaycanın belə bir təhlükədən uzaq olduğunu görmək olar. Ölkəmizin valyuta ehtiyatları xarici dövlət borc öhdəliklərini 5 dəfə üstələyir. Son 3 ildə Azərbaycan xarici dövlət borcunu 982 milyon manat (577 milyon ABŞ dolları) azaltmağa nail olub.

2020-ci il dünya iqtisadiyyatı üçün olduqca ağır bir il olub. İqtisadiyyatın çökməsinin qarşısının alınması üçün əksər dünya dövlətləri, ö cümlədən Azərbaycan dövləti ölkə iqtisadiyyatına və sahibkarlara müxtəlif dəstək və təkan tədbirləri həyata keçirdi, bu məqsədlər üçün əlavə maliyyə vəsaitləri ayırdılar. Bu ayırmaların maliyyə təminatı dövlətlərin ehtiyat və yığım fondları, əksər hallarda isə əlavə borclanma hesabına oldu. Son qiymətləndirmələrə görə, 2020-ci ilin əvvəli ilə müqayisədə dünya dövlətlərinin məcmu dövlət borcu 10 trilyon dollar artaraq, 78 trilyon dollar çatıb ki, bu da dünya ÜDM-in 94 faizini təşkil edir.

2020-ci ildə ölkəmizin məcmu dövlət borcu (xarici və daxili) isə mütləq ifadədə cəmi 68 milyon manat və ya ilin əvvəlinə nisbətdə 0,4 faiz məbləğində artıb.

Haqqına danışaq, Vətən müharibəsində zəfər qazanılmış, eyni zamanda COVID-19 pamdemiyasının təlatümləri ilə səciyyələnən bir il üçün heç də pis nəticə deyil. Lakin, buna baxmayaraq arxayınlaşmaq düzgün olmaz, borca münasibətdə hər zaman ayıq-sayıq, tədbirli olmalıyıq.

Elbrus Cəfərli






Fikirlər