Oğuzun icra başçısı pulu yollara belə "axıdır" - Tenderlərin qalibi öz şirkətidir?
Oğuz Rayon İcra Hakimiyyəti Oğuz şəhərində yolların təmiri üzrə satınalma müsabiqəsinə yekun vurub. "AzerTaym.az" hit.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Uğan” MMC-dir. Qurumla şirkət arasında bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 594 720 AZN təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Uğan” MMC-nin 14 oktyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 22800 AZN olan şirkətin hüquqi ünvanı Oğuz rayonu Daşagil kəndində yeləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Əmir Allahverdi oğludur. Araşdırmalarımız zamanı məlum olub ki, Əmir Əliyev keçmiş məmurdur. O, vaxtilə Oğuz rayonunda maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. “Uğan” MMC əsasən Oğuz Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olur. İddialara görə, bunun səbəbi şirkətin icra başçısı Eyvaz Qurbanova yaxın şəxsə məxsus olmasıdır. Bəzi məlumatlarda isə “Uğan” MMC-nin elə Eyvaz Qurbanova məxsus olduğu bildirilir. Eyvaz Qurbanov 2011-ci ildən Oğuz rayonunun icra başçısıdır. “Uğan” MMC də Eyvaz Qurbanovun rayona rəhbərlik etməsindən sonra davamlı olaraq yerli hakimiyyətin keçirdiyi tenderlərin qalibi olmağa başlayıb. Oğuz Rayon İcra Hakimiyyəti ötən il də Oğuz şəhərində yolların təmiri ilə bağlı tender elan edib və qalib şirkət “Uğan” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 599 269.49 AZN təşkil edib. Maraqlıdır ki, ötən il yarım milyondan çox vəsait xərclənən Oğuz şəhərinin yollarının bir il sonra yenidən təmirinə ehtiyac duyulub və bu dəfə də icra hakimiyyəti təmir işlərinə yarım milyondan artıq vəsait xərcləmək istəyir.
Açıq mənbələrdə “Uğan” MMC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.