MTN ŞEFİNİN “XAÇ ATASI” VƏ … - Əli Əsədova qarşı ŞOK İTTİHAMLAR
Prezident İlham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun başının üstünü qara buludlar alıb. İqtisadi sahədə bir çox səlahiyyətləri olan Əli Əsədov sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vurulmasından sonra yenidən hədəfə çevrilənlər siyahısındadır. Onun Eldar Mahmudovla yaxın münasibətlərinin olduğu haqda məlumatlar var. Ondan sonra isə Musa Süleymanovla Gürcüstanda davam edən “Kubik-Rubik Otel Kazino” kompleksində işlər dayandırılıb. Bu kompleks “ADO-G” şirkətlər qrupuna məxsus idi. Ancaq “ADO-G” şirkətlər qrupunun gizli sahibi də əslində Əli Əsədovdur və bunu bilməyən yoxdur.“Kubik-Rubik Otel Kazino”Kompleksinin dayandırılma səbəbləri də maraqlıdır. Kompleksin sahibi kimi görünən, əslində isə Əli Əsədovun inanılmış adamlarından biri olan Musa Süleymanov da Beynəlxalq Bankın kreditorlarının siyahısındadır. Onu hətta borclu olduğu külli miqdarda vəsaitə görə, həbs də ediblər. Diqqətli oxucu xatırlayar. Seçkilərdən bir müddət əvvəl xural.com Musa Süleymanovun oğlu Rəşad Süleymanovun da deputatlığa namizədliyini irəli sürəcəyini yazmışdı. Burada qeyd etmək yerinə düşər ki, Əli Əsədovun oğlu Hidayət Əsədov, Musa Süleymanovun oğlu Rəşad Süleymanov və sabiq MTN şefinin oğlu Anar Mahmudovun həm də dost olduqları və onların üçünün də Milli Məclisdə təmsil olunmaq arzularının olduğu haqqında da məlumat xural.com-un arxivlərində vardı.
Əli Əsədovla Eldar Mahmudovun yaxınlığı uzun illər bundan əvvələ dayanır. Hələ gənclik illərindən dostluq edirlər. Bir yerdə oxuyublar. Maraqlıdır ki, Eldar Mahmudovun bu vəzifəyə təyin olunmasında da Əli Əsədovun rolunun olduğu bildirilir. Konkret olaraq ölkənin ali rəhbərliyi ilə Mahmudovun tanışlığı da Əli Əsədovun vasitəsilə baş tutubmuş. Sabiq MTN şefinin yaxınları da məhz bunu bildikləri üçün Əli Əsədovu hər zaman “Ağsaqqal” bilir və onu MTN şefinin “Xaş Atası” kimi qiymətləndirirdilər.
Əli Əsədovla Eldar Mahmudovun qrup yoldaşı olduqları və bir otaqda qaldıqları bildirilir. Onlarla bir yerdə təhsil alan çox adamlar var ki, hazırda müxtəlif vəzifələrdə çalışırlar. Məsələn, Milli Bulvar İdarəsinin sədri Əfqan Şahmarov (“Ulduz” zavodunun sabiq direktoru) da Əli Əsədov və Eldar Mahmudovla bir yerdə oxuyub və onun Milli Bulvar İdarəsinə təyinatı da məhz “Xaç Atası”nın sayeyi-mərhəmtindən olub.
Əli Əsədov bu səbəblə işlərini daha da genişləndirib. Milli Bulvar İdarəsi və Dövlət Bayraq Meydanı İdarəsi onun kurasiyasında olub. Ölkənin bir çox sahələri kimi sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev həbs olunandan sonra, onun iqtisadi müəssisələri də Əli Əsədovun ixtiyarına keçib. Bir çox iş adamları Fərhad Əliyevin həbsi ilə topyekun Əli Əsədovun və onun adamlarının tabeçiliyinə verilib və fəaliyyətlərini onun yanında davam etdiriblər. Bunlardan biri də iş adamı Musa Süleymanovdur.
Xural.com-a məlumat verən mənbəmiz bildirir ki, əslində, Əli Əsədovun vurulması hadisəsinə Dövlət Bayraq Meydanı Kompleksi İdarəsində baş verən hadisələrdən və onun direktoru Rəşad Məmmdovun həbsindən sonra start verilib. Necə deyərlər, Rəşad Məmmədovun erməni çıxması ilə Əli Əsədovun işi də “ermənicə”yə çevrilib.
Sadəcə, bir ucu sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova qədər uzanan güclü himayədarları onu həbs olunmağa qoymayıblar və zaminə buraxdırmağa nail olublar. Musa Süleymanov da olub üzərinə ölkədən çıxma qadağası qoyulan 7.600 adamdam biri. “Kubik-Rubik Otel Kazino” Kompleksinin Gürcüstanda dayandırılma səbəblərindən biri də bu olub. Təbii ki, burada artıq Əli Əsədov ona kömək edə bilməyib.
Biz əvvəlcə Rəşad Süleymanovun istəyini ictimailəşdirmiş və bu haqda onun fb ünvanındakı mesaj qutusuna informasiya sorğusu göndərmişdik. Ancaq təəssüf ki, cavab ala bilmədik. Və təbii ki, Hidayət Əsədov və Anar Mahmudov haqqında informasiyalar onların valideynlərinin durumları qənaətbəxş olmadığından eləcə də arxivə göndərildi. Görünür, Əli Əsədovun vurulma prosesi Eldar Mahmudovun vurulma prosesindən daha əvvələ gedib çıxır.
Xural.com-a verilən məlumatlarda deyilir ki, Əli Əsədovun obyektləri də axtarış aparılan obyektlərin sırasındadır. Hətta onun köməkçisinin bu yaxınlarda həbs olunduğu da gələn xəbərlər arasındadır. Yəni anlaşılan, Əli Əsədovun Kürdəxanı təcridxanası ilə tanışlığı artıq başlayıb.