NİYAZ NİFTİYEV aclığa başlamasının səbəblərini açıqladı - Təcridxanadan MƏKTUB
Xəbər verdiyimiz kimi, Bakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb. O, bu aksiyaya başlamasının səbəblərini vəkili vasitəsilə göndərdiyi qısa məktubda açıqlayıb. "AzerTaym.az" "Bakupost.az"-a istinadla həmin məktubu təqdim edir: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə mənim və qeyrilərinin barəsində olan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş şahidlərin 15-i məişət tullantılarının daşınmasına görə Bələdiyyənin inzibati binasında yığımı həyata keçirən “Karat-60” MMC-nin əməkdaşlarına 3-18 manat civarında pul ödədiklərini, əvəzində kassa mədaxil qəbzlərini aldıqlarını, arayış alarkən heç kimə rüşvət vermədiklərini, onlardan əlavə pul tələb olunmadığını bildirmişlər. Digər şahidlər isə ümumiyyətlə, arayışa görə borcları olmadığından heç bir vəsait ödəmədiklərini bildirmişlər. Mənim sədrlik etdiyim 07 aprel 2020 - 14 aprel 2020-ci ilə qədər verilən 3 arayışın yalnız 2-nə görə hər birindən 6 aylıq tullantılara görə 18 manat olmaqla, cəmi 36 manat pul alınmışdır. Bunlardan sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev barəmdə cəza tələb etməkdən imtina etdiyinə görə ağır cəza tələb edən digər ittihamçı prokurorla əvəz edilmişdir. Xatırladım ki, cinayət işinin istintaqını aparan 3 müstəntiq dəyişdirilmişdir. Bununla Baş Prokurorluq barəmdə bəraət hökmünün çıxarılmasına mane olmaq və məni həbsdə saxlamaq niyyətini göstərir. Mənə qarşı olan bu haqsızlıqa etiraz əlaməti olaraq 10.08.2021-ci tarixdən aclıq aksiyasına başlamışam. Niyaz Niftiyev, 10.08.2021, Bakı İstintaq Təcridxanası”