DÖVLƏT AGENTLİYİ İNHİSARÇILIĞA XİDMƏT EDİR? - Agentliyin qanunsuz fəaliyyəti aşkarlanıb

Azərbaycanda bəzi dövlət qurumlarının məlum maraqlardan çıxış edərək, ölkədə inhisarçılığa şərait yaratdığı, azad rəqabət mühitinin yaranmasına imkan vermədiyi heç kimə sirr deyil. Bunun nəticəsi olaraq, ölkədə azad, müasir dünya standartlarına cavab verən biznes mühitinin formalaşması heç cür baş tutmur.

İnhisarçılıqla mübarizə sahəsində dövlət siyasətini reallaşdırmalı olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti son zamanlar bir qədər ləng də olsa, müəyyən addımlar atmaqdadır. Bir müddət əvvəl sözügedən Dövlət Xidməti sement və klinker bazarında aparılan araşdırmalar nəticəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə "Norm" ASC-yə qarşı iş qaldırmışdı. Sement bazarındakı inhisarçılardan olan bu şirkətlə bağlı qeyd olunurdu ki, “Norm” bazardakı hökmran mövqeyindən istifadə edərək, sahibkarlara qarşı qanunsuzluqlara, belə demək mümkünsə, manipulyasiyalara yol verir.

Bu dəfə isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri sahəsində rəqabətin məhdudlaşdırılması hallarını aşkarlayıb.

 

 

“AzPolitika.info” xəbər verir ki, xidmətin rəsmi məlumatına görə, məqsəd təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən hallarının qarşısının alınmasıdır: “Araşdırmalar “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən, özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə aparılır.”

Göründüyü kimi, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” rəsmən inhisarçılığa şərait yaratmaqda, icbari tibbi sığorta xidməti bazarına burada adı çəkilməyən hansısa özəl tibb müəssisələrinin daxil olmasına imkan verməməkdə günahlandırılır. Bu isə açıq şəkildə sözügedən agentliyin kimlərinsə xeyrinə icbari tibbi sığorta xidməti bazarında azad rəqabətin yaranmasına imkan verməməsi deməkdir.

Agentlik rəhbərliyinin bununla kimlərin “əlinə oynadığı” barədə hər hansı məlumat verilmir. Təbii ki, bununla da hansısa tibb müəssisələri böyük gəlirlər etdiyi halda, digərləri bu imkanlardan məhrum edilir. Rəqabət mühitinin olmaması isə eyni zamanda bu sahədə vətəndaşlara tibbi xidmətin də səviyyəsini aşağı salmış olur.

Hər halda, ümid edək ki, bu araşdırma məntiqi nəticəsini verəcək və bu sahədə agentliyin qanunsuz fəaliyyətilə bağlı daha detallı məlumat veriləcək.

Xatırladaq ki, ölkə başçısının 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevdir. “AzPolitika.info”

 

 

 






Fikirlər