ŞOK İDDİA: “Bəzi valideynlər xəstə uşaqları məktəbə göndərir“ - REPORTAJ
Son günlər yoluxma sayında nəzərəçarpacaq artım müşahidə olunur. Artıq 9 məktəb distant təhsilə keçib. Müəllim və şagirdlər arasında yoluxma sayının artmasından sonra məktəblərin bağlanması ilə bağlı çağırışlar da artıb. Təkcə valideynlər deyil, hətta bəzi şagirdlər də məktəblərin bağlanmasını tələb edirlər. Valideynlər övladlarının və özlərinin sağlamlığına görə narahatlıq keçirirlər. Ənənəvi təhsildən distant təhsilə keçməyi tələb edənlər sosial şəbəkələrdə xeyli fəallaşıblar. Bunun əksini düşünən, əyani təhsilin davam etməsini arzulayanlar da az deyil. Nə etməli? Məktəblər bağlanmalıdır, yoxsa üzbəüz təhsil davam etməlidir? Yenisabah.az-ın əməkdaşı M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbdə müşahidə aparıb. Övladı sözügedən məktəbdə təhsil alan ana məktəbin iki həftəlik bağlanmasını təklif edib: “Məkəbin bağlanmasını çox istəyərdim. Çox yox, iki həftəlik bağlansın. Məktəblərlə yanaşı kolleclərin, digər təhsil müəssisələrinin də bağlanması yaxşı olardı. Məktəbdə qayda-qanunlara əməl olunur. Lakin bəzi valideynlər xəstə olduğu halda uşaqları məktəbə göndərirlər. Bununla da xəstəlik digər uşaqlara keçir. Şəxsən mənim uşağımın təhsil aldığı sinifdə belə hal olub. Məktəbdə virusa yoluxan müəllim yoxdur”. Digər bir valideyn Seymur Məmmədov isə məktəblərin bağlanmasının uşaqlar arasında savadsızlığa səbəb olacağını deyib: “Məncə bağlansa, daha pis olar. Bağlanmamağı yaxşıdır. Bütün qaydalara riayət edirlər. Məktəblər bağlansa, valideynlərin planları alt-üst olacaq. Bununla yanaşı, uşaqlar əyani, üzbəüz dərsi daha yaxşı mənimsəyirlər. Onlaynla zəmanəmizin uşaqları çox çətin nəsə əldə edə bilsinlər. Nadinc, sözə qulaq asmayan uşaqlardır. Üzbəüz oturanda ən azı müəllimdən çəkinirlər. Onlayn olsa, yenə savadsızlıq baş alıb gedəcək”. Məktəbin 9-cu sinif şagirdlərinin bir neçəsi isə distant təhsilə qayıtmağı arzu edirlər: “Məkəblər bağlansa, daha yaxşı olar. Onsuz da heç nə əvvəlki kimi deyil. Düzdür, yoluxma olanda siniflər bağlanır. Qaydalara əməl olunur. Laki biz distan təhsilə qayımaq istəyirik. Distantla daha çox öyrənirdik. Distant çox rahat idi. Hamımız bağlanmasının tərəfdarıyıq. Soruşun, görün neçə nəfər bağlanır deyəcək...” Müəllimlər isə bu mövzuda danışmaq istəmədilər. Həmsöhbət olduğumuz təhsil işçiləri "hökumət hansı qərarı versə, biz də ona əməl edəcəyik" deməklə kifayətləndilər. Həmsöhbətlərimzilə sağollaşanda zəng çalındı. Böyüklərin nostalji hisslərlə xatırladıqları məktəb zəngi...