Sabah Əli Əliyev həbs oluna bilər: MƏHKƏMƏ...
2022-ci il yanvarın 7-də Yasamal Rayon Məhkəməsində iki iclas keçiriləcək. İddiaçılar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovdur. Onlar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər. Musavat.com xəbər verir ki, bu barədə VİP mətbuat xidməti məlumat yayıb. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib. Emil Cəfərovun iddiası üzrə hakim Hüseyn Səfərovun sədrlik edəcəyi məhkəmə iclası saat 10-05-də başlayacaq. Ramin Ədilovun iddiası üzrə hakim Rauf Daşdəmirovun sədrlik edəcəyi iclas isə saat 11-20-yə təyin olunub. Qeyd edək ki, iddiaçıların şikayətinin motivi VİP sədri Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.