Azərbaycanın ən məşhur cərrahı deputat seçildi – VIDEO+FOTO



77 saylı Astara Seçki Dairəsindən Milli Məclisə seçilən Rəşad Mahmudov Azərbaycanın ən məşhur həkimlərindən biridir. 
AzNews.az xəbər verir ki, ürək-damar cərrahı kimi nəinki Azərbaycanda, Avropanın bir çox ölkələrində, eləcə də qonşu dövlətlərdə kifayət qədər nüfuz sahibidir. O, tibb elmləri namizədi, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədridir.
Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunun Təngərüd kəndində anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib. 1991-1997-ci illərdə Türkiyədə 9 Eylül Universitetinin tibb fakültəsində oxuyub və 1997-2003-cü illərdə isə həmin məktəbin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildə Uzmanlıq Diplomunu müdafiə edib. 2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1997-2002-ci illərdə Türkiyədə Ege Universitetinin ürək-damar cərrahiyəsi mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında, 2005-ci ildən hal-hazıra qədər Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı işləyir. 
Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri olaraq 6000-dən çox yaşlı və uşaqlarda açıq ürək əməliyyatları aparıb. Son illər həmçinin regionlarda (Naxçıvan, Lənkəran, Şirvan, Qəbələ, Zaqatala, Qazax, Gəncə) açılmış yeni diaqnostik mərkəzlərdə 170-dən artıq açıq ürək əməliyyatlarını edib. 
28 dekabr 2006-cı ildə prezident İlham Əliyev tərəfindən "Tərəqqi medalı", 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. 
16 iyun 2014-cü ildə "Əməkdar Həkim" fəxri adına layiq görülüb. 






 






Fikirlər