“Nərimanov Tibb Mərkəzi”ndə BAZAR AÇIBLAR ...
Məlumdur ki, koronavirus pandemiyası zamanı xəstələrə qulluq edən həkimlərin risk altında olmasını nəzərə alaraq onlara əlavə əmək haqqı hesablanması barədə hökumətin qərarı olub. //gundelik-baku.com//
Unutmayaq ki, koronavirus xəstələri ilə təmas nəticəsində həkimlərimiz dünyasını dəyişdi.
Yəni bu əlavə əmək haqqı boş yerdən verilmirdi. Bunun ciddi əsasları var idi.
Hətta həmin dövrdə Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarı olub. Bu müddət bir neçə dəfə uzadılıb.
Təəssüf ki, dövrü mətbuatda həkimlərin əlavə əmək haqqını ala bilməməsi ilə bağlı xeyli sayda faktlar var.
Əgər belə faktlar 1-2 olsaydı, düşünərdik ki, təsadüfdür. Amma, koronavirus adı altında səhiyyə müdirləri xeyli miqdarda dövlət vəsaitini mənimsəyiblər.
Redaksiyamıza müraciət edən həkim də məhz bu problemdən bəhs edir.
Söhbət Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 83, mənzil 22-də yaşayan, vətəndaş Nəbiyeva Hökümə Vəli qızının şikayətindən gedir.
Vətəndaşın şikayətini olduğu kimi dərc edirik.
“ Mən, Nəbiyeva Hökümə Vəli qızı, “Nərimanov Tibb Mərkəzi”nin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında provizor-həkim vəzifəsində işləyirəm.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 112 nömrəli “Yeni növ Koronavirus ( COVİD-19 ) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Qərarın 1.1 bəndinə uyğun olaraq vəzifə maaşının 3 misli məbləğində əlavə əmək haqqını 2021-ci ilin noyabr ayına kimi almışam. Sonrakı dövrlər üçün əlavə ödənişləri “Nərimanov Tibb Mərkəzi”nin baş direktoru Fazil Alməmmədov ödəməkdən imtina edir.
Belə ki, çalışdığım aptekin yerləşdiyi kabinet təhükəli “sarı” zonada yerləşir və bu səbəbdən iş günü ərzində 1 saat iş vaxtı yox, 6 saat iş vaxtı koronoavirus infeksiyası zonasında çalışmışam.
Azərbaycan Respublikası İcbari Tibbi Sığortası üzrə Dövlət Agentliyindən bildirilir ki, guya mən gündəlik maksimal 1 saat iş vaxtı koronavirus infeksiyası ilə mübarizə çərçivəsində tibbi profilaktik tədbirlərində iştirak etmişəm.
Necə olur ki, xəstələrlə təmasda olmayan mənim iş otağımdan kənarda yerləşən sahələrdə işləyənlər əlavə ödənişlər alır, amma mənə olmaz..?
Bir saatdan sonra mən küçədə oturmalıyam..?
Hörmətli Alməmmədova rəsmi müraciət etməyimə baxmayaraq, müraciətimə cavab o yana, heç qəbul etmədi. Bu cənabın köməkçisi, müxtəlif cangüdənləri var.
Bu cangüdənlər heç vətəndaşı “Hörmətli Alməmmədova” yaxınlaşmağa qoymurlar.
Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd etmişdir ki, “məmurlar xalqın xidmətçiləri olmalıdır” .
Ancaq cənab Alməmmədov özünü bir oliqarx kimi aparır, elə bil ki, bu boyda səhiyyə təşkilatı onun şəxsi əmlakıdır.
Mən xahiş edirəm ki, bu məmurun maliyyə fəaliyyəti yoxlanılsın.
Xəstəxananın aptekində orta təhsilli əczaçı ştatı boş olduğuna görə, mən iki nəfərin işini görmüşəm.
Alməmmədov rəhbər işçi kimi, hər bir işçiyə qərəzsiz yanaşmaq əvəzinə, mənimlə “prinsip” aparır, hər vasitə ilə hüquqlarımı tapdalamağa çalışır.
Bütün bunları nəzərə alaraq, ölkə qanunlarına əsaslanaraq, mənə çatası əlavə əmək haqqı ödənişlərinin ödənilməsinə kömək etməyinizi xahiş edirəm.
Redaksiyadan: Xeyli müddət ərzində həkim Hökümə Nəbiyevaya Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Dövlət Agentliyinin, yaxud TƏBİB-in verdiyi rəsmi cavablara baxanda düşünürsən ki, səhiyyə sistemi bərbad durumdadır. Yəni həkimə konkret cavab verən yoxdur, ancaq ümumi sözlər. Bu hal uzun müddət davam edə bilməz. Bir gün bu rüşvət çanağı başınızda çatlayacaq.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.