BOLQARISTANIN VARNA İDARƏETMƏ UNİVERSİTETİNİN REKTORU AZƏRBAYCAN KOOPERASİYA UNİVERSİTETİNDƏ...
Azərbaycan Kooperasiya Universitetinin rektoru prof. Eldar Quliyev Varna İdarəetmə Universitetinin rektoru prof. Todor Radevi qəbul etdi. AKU-nun Beynəlxalq əlaqələr və Təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyevanın rəhbərliyi ilə təşkil olunan görüş 28 aprel tarixində baş tutdu. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki,rektorlar arasında keçən səmimi görüş universitetlərarası elmi əməkdaşlıq, tələbə – müəllim mübadiləsi, birgə elmi tədbirlərin təşkilinin müzakirəsi ilə davam etdi və MBA proqramı üzrə ikili diplom layihəsini nəzərdə tutan müqavilənin imzalanması ilə yekunlaşdı. Rektorla görüşdən sonra prof. Radev universitetin Elmi işlər üzrə prorektoru Bəyalı Ataşov, Turizm və Maliyyə fakültəsinin dekanı Səbinə Vəliyeva və Magistratura şöbəsinin rəhbəri Əmiraslan Nəbiyev ilə müzakirələr apardı, birgə fəaliyyət planı işlənib razılaşdırıldı. Bundan başqa, 30 aprel tarixində dünyanın bir sıra qabaqcıl universitetləri ilə yanaşı Bolqarıstanın Varna İdarəetmə Universitetinin də təmsil olunduğu Təhsil sərgisində Azərbaycan Kooperasiya Universitetinin Turizm və Maliyyə fakültəsinin I kurs tələbələri Leonara Şirəliyeva və Ayxan Dadaşov prof. Todor Radevə asistentlik etdilər. Rektorun ölkəmizə və universitetə səfəri xoş təəssüratları və məhsuldarlığı ilə yadda qaldı.