Səhiyyə sistemimiz o zaman düzələcək ki... - `Balıq başdan iylənər` məsəli...

Azərbaycan səhiyyəsində daha bir rəzalət!
Özü də bu dəfəki rəzalət birbaşa sözügedən sahənin elmi biliklərinin, sirlərinin öyrədildiyi Azərbaycan Dövlət Tibb Universitetinin özündə baş verib.
Baş verib deyərkən, bizə göndərilən bir videomaterialı nəzərdə tuturuq. Amma, ümumiyyətlə bu nə birinci deyil, deyəsən nə də axırıncı.

Belə ki, "DogruXeber.az" redaksiyasına ATU-nin Onkoloji klinikasında lentə alınmış görüntülər daxil olub. Görüntülərdə sözügedən şöbənin hələ qapıdan içəri girən kimi, qeydiyyat şöbəsində xəstələrdən və xəstə yaxınlarından pul tələb olunduğu açıq -aşkar görünür. İndi qapıdan girən kimi hərədə 5 manat tələb edən dövlət müəssisəsinin daxilində nələr baş verir təsəvvür edin. Bəlkə də çoxlarınız, nəinki təsəvvür etmək, bunu canlı yaşamış şahidlərsiniz.

Əlqərəz...

Açığı, müəssisəsinin tabe olduğu qurumun, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin məsələyə münasibəti görüntülərdən daha maraqlı oldu.

Təsəvvür edin, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Fərid bəylə telefon əlaqəsi saxlayıb məsələ barəsində məlumat verdik və münasibət bildirmələrini istədik. Fərid bəy bununla bağlı ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Yəni, aidiyyatı qurum məsələdən yayındı. El dili ilə desək, "yaxasını kənara çəkdi". Bundan sonra ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə telefon əlaqəsi saxladıq. Günel xanım məsələni araşdırıb, sonra bizimlə əlaqə saxlayacağını bildirdi. Aradan qısa zaman keçdikdən sonra Günel xanım təkrar bizimlə əlaqə saxladı və bildirdi ki, "sözügedən tibb müəssisəsinin baş həkimi Leyla xanıma yaxınlaşın, məsələdən xəbəri var. O özü gərəkən açıqlamaları verəcək ". Ertəsi gün əməkdaşlarımız baş həkim Leyla xanımla görüşmək üçün müəssisədə oldular.

Yeri gəlmişkən, onu da əlavə ki, müəssisə rəhbərlərinin də bir "müqəddəs" ifadəsi var: -"İş olan yerdə nöqsan olur". "Nöqsan" dedikləri də barəsində çoxsaylı şikayətlərin olduğu korrupsiya və özbaşınalıqlardır.

Odur ki, Leyla xanımın da mövzuya münasibəti bundan fərqli olmadı
Məsələni dinlədikdən sonra Leyla xanım məsələdən xəbərdar olduğunu bildirib və bu məsələnin həllinin (ört-basdır etməyimizin) qeyri-rəsmi yollarını soruşub. Əməkdaşlarımız bu kimi " həll yolları"nın bizə aidiyyatı olmadığını qəti şəkildə bildirdikdən sonra, baş həkim "dilucu" mövqe bildirib.
- "Məsələdən xəbərdarıq. Aradan qaldırılması üçün müəssisədə qeyri-qanuni pul alan şəxslər barəsində tədbirlər görüləcəkdir."

Qeyd: Yeri gəlmişkən, sözügedən məsələ ilə bağlı redaksiyamıza daxil olmuş videogörüntülər və məlumatlar "DogruXeber.az" tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da göndərilib.

Biz görülən tədbirlər barəsində redaksiyamızın da məlumatlandırılmasını müraciətimiz zamanı xahiş etmişdik. Daha hansı tədbirlərin görüldüyünü, ümumiyyətlə görülüb -görulmədiyini deyə bilmərik. Açığı, redaksiyamıza bu barədə məlumat verilməlidiyinə görə, hər hansı tədbirin görüldüyünü düşünmürük də. Elə məhz bu cür laqeydliyin, ya da bu kimi məsələlər ört-basdır edildiyinin nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsində, eləcə də onlar kimi laqeydlik göstərən digər dövlət qurumlarında heç nə düzəlmir. Əksinə, problemlər günü-gündən daha da artır.

Səhiyyə Nazirliyinin bu cür problemlərə laqeyd yanaşmalarından da belə başa düşdük ki, səhiyyəmiz belə gəlib, belə də gedəcək.

İstər səhiyyə, istər təhsil sahəsində yenilikləri yalnız alınan rüşvət məbləğinin artmasında görürük ki, bu da qiymət artımı ilə əlaqədardır. Hər halda rüşvət alan həkimlər və məktəb direktorları belə deyir.

Məsələn, xəstə, yaxud xəstə yaxını dövlət xəstəxanasında həkimə 5 (beş) manat uzadanda, həkim "5 manat nədir, mənə verirsən? Sən 5 manatla dolana bilirsən hər şeyin od qiymətinə olduğu bu dövrdə" deyə, irad bildirir.

Amma, qınamaq da olmur. Atalar yaxşı deyib, "Balıq başdan iylənər".

Baxın !

Xəstə övladının müalicəsinə köməklik göstərilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın Səhiyyə Nazirliyinə göstəriş verdiyi halda Səhiyyə Nazirliyinin səlahiyyətli əməkdaşlarından biri olan Aynurə Zeynalova ataya deyib, - "Dövlət sənin uşağını müalicə etməyə borclu deyil".

Bu hal ataların başqa bir məsəlini xatırlatdı. Deyir, - "Ağanın malı gedir, nökərin canı çıxır". İndi, dövlət büdcəsinin pulundan sənə nə, ay Aynurə xanım.

Özü də çox maraqlıdır, bu xanım hansı ixtiyarla dövlət adından danışır?

Yeri gəlmişkən, bildiririk ki, övladı ağır xəstə olan və müalicəsi üçün külli miqdarda vəsait lazım olan çarəsiz ata, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun, Vənənd kənd sakini Hüseynov Nihal Məmmədbağır oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Müraciəti əsasında agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" verlişində oldu və yaşadığı problemləri danışdı.

Nihal Hüseynovun bildirdiyinə görə iki yaşlı oğlu Uğur Hüseynov anadangəlmə xəstədir. Azərbaycanda müalicəsi mümkün deyil. Hazırda Türkiyənin Ankara şəhərində dünyaca məşhur xəstəxanalardan birində əməliyyat olunmasını gözləyir. İlik köçürülməlidir və bu əməliyyatın həyata keçirilməsi üçün 150.000 dollar pul tələb olunur.

Əslində bu barədə uzun yazıb, vaxtınız almaq istəmirik. Aşağıdakı linkdə Nihal Hüseynov özü hər şeyi ətraflı danışıb zatən.

Nihal Hüseynovun hər dəqiqəsi ölümə doğru yaxınlaşan, həkimlərin əməliyyat olunmazsa, həyatını itirməsinə sayılı günlər qaldığını dedikləri iki yaşlı körpəsi üçün bir neçə müddətdir nə çətinliklər yaşadığı və hazırda da yaşamağa davam etdiyini yəqin valideyin olan hər biriniz təsəvvür edirsiniz?!

Allah heç bir valideyinə övlad acısı yaşatmasın.
Amin.

Dəyərli oxucularımız, söhbət bir candan, canlıdan, üstəlik də körpə candan gedirsə ürəyində insanlıq, mərhəmət hissi olan heç kim buna biganə, etinasız yanaşa bilmir. Əksinə hər kəs əlindən gəldiyi qədər köməklik göstərməyə çalışır. Necə ki, Nihal Hüseynovun adını çəkdiyi "tik-toker"lər də bacardıqlarını etdilər və digər vətəndaşlarla əlbir olub topladıqları yüksək məbləğlə ailəyə xeyli dəstək oldular.

Kaş ki, həmin şəxslərdə olan mərhəmət hissləri Nihal Hüseynovun kömək üçün müraciət etdiyi səlahiyyətli şəxslərdə olsaydı...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəbuluna düşmək sən demə müşkül məsələ imiş. Odur ki, Nihal Hüseynovu dinləyən səlahiyyətli şəxsin güya kömək məqsədilə irəli sürdüyü təklifi də sözün əsl mənasında gülünc olub. Lap Molla Nəsrəddinin "ağcaqanadı öldürmək üçün, tutub gözünə kül tökmək lazımdır" "məsləhət"i kimi.

Sözə baxın, "Sən həkimi gətir bura, biz burda müalicə etdirək. Ya da sən pulunu topla, axırda 3-5 min çatışmasa, biz o zaman sizə kömək edərik ".

Buna bənzər elin bir sözü var, "get, tapanda gələrsən "

Nihal Hüseynovun redaksiyamıza bildirdiyinə görə, birinci Vitse-prezidentə müraciət edildikdən sonra dərhal Səhiyyə Nazirliyinə kömək etməsi üçün tapşırıqlar verilib.

Amma, Səhiyyə Nazirliyi tərəfindən Türkiyədəki xəstəxanaya bu qədər məbləğ çox olduğunu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu qədər məbləği ödəmək iqtidarında olmadığı bildirilib. Uğurun səhhəti isə hər gün daha da pisləşməyə doğru gedir və həyati təhlükəsi daha da artır. Türkiyədəki həkimlərin dediyinə görə indi zaman 2 yaşlı körpə, məsum Uğur balanın "əleyhinə işləyir".

Hər gün yeganə övladını itirmək qorxusu ilə hər dəqiqə həyəcanı, ürək çırpıntıları artan bu valideynlər, görünür Səhiyyə Nazirliyinin Aynur Zeynalova kimi səlahiyyətli əməkdaşları üçün hər gün narazı saldıqları minlərlə vətəndaşlardan biridir.

Mövzuya qayıdacağıq.

P.S.Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

 






Fikirlər