AZƏRBAYCANDA ŞOK! Məşhur prokuror çılpaq fotoları ilə ŞANTAJ EDİLİB...

Məşhur prokuror çılpaq fotoları ilə şantaj EDİLİB

Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

  "AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur. Ümman Əliyev özünü dələduzluq etməkdə təqsirli bilib: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Həmin ifadəmi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam”.

 Ümman Əliyev deyib ki, 2001-ci ildə yaşadığı Quba rayonunun Nic kəndindən işləmək məqsədilə paytaxta gəlib. Onun sözlərinə görə, onun ilk iş yeri Bakıxanov qəsəbəsində yerləşən “Hamam Plaza” olub: “Mən orada ofsiant işləyirdim. Hamama gələn şəxslərə çay, meyvə verirdim. Bir sözlə, onlara belə qulluq edirdim. Tariyel Qurbanovu da orada tanımışam. Tariyel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Tariyel müəllim hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.

 Ümman Əliiyevin sözlərinə görə, qardaşı Vüsal epilepsiya xəstəsi olub: “Onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat aldım. Qardaşımın müalicəsinə həmin pulu xərcləmədim. Amma faktiki olaraq həmin pulu müalicə adı ilə almışam. Bunu da Tariyel müəllim bilməyib. Həmin pulu Tariyel müəllim mənə poçt vasitəsi ilə göndərdi. Həmin pulu götürərək şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə də pula ehtiyacım var idi. İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəliyi ilə bağlı yenə də Tariyel müəllimdən 1800 manat aldım. Həmin pulu da Tariyel müəllim poçt vasitəsi ilə göndərdi. Qubada həmin pulu poçtdan götürdük”.

 Ümman Əliyev bildirib ki, onunla birlikdə müttəhimlər kürsüsündə əyləşən Pərvin Yusifovu cəzaçəkmə müəssisəsindən tanıyıb: “Növbəti dəfə pulu Tariyel müəllimdən Pərvinin kartı vasitəsi ilə almışam. Həmin puldan da Pərvinə dost kimi vermişəm. Pərvin Tariyel müəllimdən pulu hansı məqsədlə aldığımı bilməyib. Ümumiyyətlə o, Tariyel müəllimi tanımayıb. Pərvinə şəxsi pulum olduğunu demişəm. O da göndərilən pulu çıxararaq mənə verib”.

 Ümman Əliyevin sözlərinə görə, Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul alıb. O deyib ki, müxtəlif vaxtlarda aldığı pulların ümumi məbləği yadında qalmayıb. Bildirib ki, Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməyib, ifadəsinin həmin hissəsini müstəntiqin təzyiqi altında verib.

 Ümman Əliyev qeyd edib ki, Tariyel Qurbanovdan pul alan zaman heç kimlə əlbir olmayıb. O bildirib ki, pulları tək özü istəyib və alıb.

 İbtidai istintaq zamanı Ümman Əliyev ifadəsində göstərib ki, Tariyel Qurbanovla əlaqə saxlayıb, onun çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Hakimin səsələndirdiyi bu ifadəsini təqsirləndirilən şəxs məhkəmədə təsdiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb və ona da belə bir foto göstərməyib.

 İstintaq ifadəsinə görə, Ümman Əliyev növbəti günlər də Tariyel Qurbanovdan daha dörd dəfəyə pul alıb. Həmin ifadəyə görə, Ümman Əliyev ondan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə alıb.

 Daha sonra ifadə verən digər təqsirləndirilən Pərvin Yusifov da özünü təqsirli bilməyib. O deyib ki, Ümman ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkiblər: “Biz eyni regiondan olduğumuz üçün orada münasibətimiz yarandı. Həbsdən azad olunandan sonra da görüşməyə başladıq. Bir gün Ümman ilə çayxanada olan zaman dedi ki, kartın var, ona pul atsınlar. Mən də anamın kartı olduğunu bildirdim. Ondan pulun problemli olub-olmadığını soruşdum. Dedi ki, heç bir problem yoxdur. Anama məxsus məndə olan kartın şəkilini çəkdim və Ümmana göndərdim. Ümman da həmin kartı kimisə yolladı. İki dəfəyə həmin karta pul göndərildi. İlk dəfə 900 manat, sonra isə 1200 manat göndərilmişdi. Mən də həmin pulları kartdan çıxararaq Ümmana verdim. Buna görə də Ümman mənə xərcləmək üçün pul verdi”.

 Pərvin Yusifovun sözlərinə görə, növbəti dəfə “Azərsu”yun qarşısında Ümmanın göstərişi ilə Tariyel Qurbanovdan 1150-1200 manat alıb: “Həmin vaxt Tariyel Qurbanova zəng etmişəm. Telefon nömrəsini mənə Ümman vermişdi. Zəng etməkdə məqsədim deyilən yerə çatdığımı bildrmək olub. Mənim başqa məqsədim olmayıb. Ümmanla Tariyel Qurbanovun münasibətlərindən də xəbərim olmayıb. Həmin gün Ümman mənə zəng etdi və dedi ki, ona pul göndəriblər, xəstə olduğu üçün götürməyə gedə bilmir. Məndən həmin pulu götürərək ona çatdırmağımı istədi. Mən də Ümmanın dediyi kimi etdim və qeyd olunan yerdən pulu götürdüm. Həmin vaxt ora Tariyel Qurbanovun özü gəlmişdi. Tariyel Qurbanova Ümmanın xəstə olması barədə heç nə demədim”.

 Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə “Avesta Konserni”nin binasının yaxınlığında yenə də pul götürmək üçün Tariyel Qurbanovla görüşüb: “Tariyel Qurbanovun məndən Ümmanın səhhətini soruşdu. Mən də dedim ki, inşallah, yaxşı olar. Tariyel Qurbanov mənə 3 min manat verdi. Həmin pulu da Ümmana çatdırdım. Bu zaman Ümman mənə 500 manat verdi ki, xərcləyim. Mən də ondan həmin pulu götürdüm və şəxsi ehtiyaclarıma xərclədim”.

 Təqsirləndirilən şəxs deyib ki, Ümman Əliyevlə birlikdə Tariyel Qurbanova hədə-qorxu gəlməyib, ona çılpaq fotolarını göstərməyib və pul tələb etməyib. Onun sözlərinə görə, Ümmanın belə hərəkət etməsindən isə xəbəri olmayıb.

 

Pərvin Yusifov deyib ki, Tariyel Qurbanovadan pul tələb etməməsinə baxmayaraq ona dəymiş ziyanın 6350 manatın 1700 manatını ödəyib: “Həmin pul da Baş Prokurorluğun depozit hesabına köçürülüb. Bundan başqa, dəymiş ziyanın 25 faiz miqdarında isə dövlət büdcəsinə ödəniş etmişəm. Həmçinin Tariyel Qurbanovla barışıq əldə etmişik. O da məndən şikatyətçi deyil”.

 Növbəti proses oktyabrın 28-də davam edəcək.

 İstintaq orqanı tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.

 Qeyd edək ki, Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra isə o, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.

 Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub.

 Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

 Xatırladaq ki, Tariyel Qurbanov bir vaxtlar sol əllə hərbi salam verməsi ilə gündəmə gəlmişdi.






Fikirlər