Səttar Möhbalıyev həmkarları ilə görüşüb - FOTOLAR

Səttar Möhbalıyev həmkarları ilə görüşüb - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən mədəniyyət paytaxtımız Şuşa şəhərində “Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” adlı xarici ölkələrin həmkarlar ittifaqlarının iştirakı ilə dəyirmi masa keçiriləcək.

 "AzerTaym.az" bildirir ki, dəyirmi masada iştirak etmək üçün Bosniya və Herseqovina, Portuqaliya, Serbiya, Albaniya, Qırğızıstan, Litva, Gürcüstan və Moldovadan ölkəmizə gələn həmkarlar ittifaqlarının nümayəndələri oktyabrın 19-da AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə görüşüblər.

 Ölkəmiz haqqında qonaqlara ətraflı məlumat verən S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, pandemiya şəraitində gördüyü işlərdən, əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının qorunması istiqamətində atdığı addımlardan danışıb.

 Bildirib ki,  Azərbaycanda həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunması məqsədilə ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin dövrün tələb və standartlarına uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində müasir metod və vasitələrdən yararlanaraq davamlı və planlı şəkildə öz işini uğurla davam etdirir. Həmkarlar ittifaqları tərəfindən əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, asudə vaxtın təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.

 AHİK sədri vurğulayıb ki, COVID-19 pandemiyası başlayanda dövlətimiz qabaqlayıcı tədbirlər görərək onun bütün sahələrdə mümkün təsirlərini azaltmağa çalışdı: “Məhz bunun nəticəsidir ki, Azərbaycan pandemiyadan ən az itkilərlə çıxan nümunəvi ölkə oldu. İşsiz vətəndaşlara 190 manat məbləğində pul ödənildi və bu, 200 min insanı əhatə edib. Bu məqsədlə dövlətimiz tərəfindən 70 milyon manat vəsait ayrılıb. Qeyd olunan göstəricilər daha sonra 3 dəfə artırılıb. Həmçinin dövlətimiz tərəfindən 90 min ödənişli ictimai iş yerləri açıldı, 17 min aztəminatlı tələbənin təhsil haqqı dövlət hesabına ödənildi. Ümumilikdə Azərbaycan hökuməti pandemiyaya qarşı mübarizəyə 3, 5 milyard manat vəsait sərf edib.

 Azərbaycan həmkarlar ittifaqları da hər zaman olduğu kimi, pandemiya dövründə də dövlətin bütün çağırışlarına adekvat cavab verərək COVID-19-un fəsadlarının aradan qaldırılması istiqamətində əhəmiyyətli işlər gördü, bir çox iş yerlərinin saxlanılmasına nail oldu, aztəminatlı ailələrə yardımlar göstərdi. Ümumilikdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən pandemiyaya qarşı mübarizəyə 20 milyon manatdan artıq vəsait xərclənib”.

 Həmçinin S.Möhbalıyev uzun illər davam etmiş Ermənistanın işğalçı siyasətindən, törətdiyi vandalizm hərəkətlərindən və terror aktlarından, bunun nəticəsində bir milyondan artıq insanın məcburi köçkün həyatı yaşamasından, hətta işğal dövründə danışıqları pozmaq üçün əl atdığı hərbi təxribatlardan söz açıb.

 Qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında təcavüzkar dövlətin növbəti hərbi təxribatına cavab vermək üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində 30 illik işğalı Zəfərlə tamamladı, işğalçı ordunu məhv etdi, separatizmə layiq olduğu cavabı verdi, eləcə də uzun illər beynəlxalq hüququn pozulmuş prinsiplərini bərpa etdi. Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışan Konfederasiya sədri bütün bunları Azərbaycanın heç bir kənar kömək olmadan özünün maliyyə imkanları hesabına etdiyini vurğulayıb. Müharibə dövründə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən danışan S.Möhbalıyev bildirib ki, AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə 10 milyondan artıq vəsait xərclənib, o cümlədən 346 şəhidin övladı həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb və hər ay onlara maddi dəstək göstərilir.

 Şuşada keçiriləcək dəyirmi masaya toxunan AHİK sədri qeyd edib ki, hər bir ölkədə məşğulluğun təmin edilməsi, ən yüksək səviyyədə layiqli əmək şəraitinin yaradılması son dərəcə aktualdır. Bu baxımdan tədbirin mövzusunu əhəmiyyətli hesab edən S.Möhbalıyev aparılan müzakirələrin və gəlinən qənaətlərin səmərəli olacağına əminliyini ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

 Şuşanın təbii gözəllikləri və əzəməti haqqında qonaqlara məlumat verən Milli Məclisin deputatı təssüflə əlavə edib ki, Ermənistanın vandal hərəkətləri bu şəhərdən də yan keçməyib və Siz səfəriniz zamanı bunları öz gözlərinizlə görəcəksiniz. Onun sözlərinə görə, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın şanı-şöhrəti bu gün bütün dünyayanı bürüyüb: “İnanıram ki, bizim əziz Şuşamızın gözəlliklərindən zövq alacaqsınız və bu, Sizdə xoş təəssüratlar yaradacaq”.

 Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, məşğulluq, əməyin təhlükəsizliyi, layiqli iş şəraiti,  həmçinin məcburi əməyə qarşı mübarizə qlobal xarakter daşıyır, məhz buna görə də Şuşada keçiriləcək dəyirmi masa hər birimiz üçün önəmlidir.

  Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər vacib məqamlardan da söz açılıb, geniş fikir mübadiləsi aparılıb.






Fikirlər