Səttar Möhbalıyev: “Hümanist tədbirlərin davam etdirilməsi VACİB VƏZİFƏDİR”
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən onlayn müşavirədə təşkilatlara tapşırıqlar verilib.
Aprelin 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) onlayn iclas-müşavirə keçirilib.
"AzerTaym.az" Konfederasiyanın mətbuat xidmətinə istiandən xəbər verir ki, AHİK sədri, millət vəkili Səttar Möhbalıyev İcraiyyə Komitəsinin gündəliyində duran məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb. Bir sıra statistik, maliyyə hesabatları, təşkilatların fəaliyyəti ilə bağlı arayışlar, ilin iqtisadi yekunları, müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
İclas-müşavirədə pandemiya vəziyyətində əhalinin sağlamığının qorunması, rifah halının pozulmaması istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər izahlı şəkildə diqqətə çatdırılıb, həmkarlar ittifaqı üzvlərinin bu işləri rəğbətlə qarşılandığı vurğulanıb. Müşavirədə həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr, atılacaq addımlar barədə geniş məlumat verilib.
AHİK-in sədri Səttar Möhbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu çətin günlərdə ölkə Prezidentinin yanında olmalı vətəndaşların, xüsusən aztəminatlı ailələrin ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidirlər: “Hər bir həmkarlar ittifaqı təşkilatı, həmkarlar ittifaq orqanlarının rəhbərləri Prezidentinin qərarlarının yerinə yetirilməsində yaxından iştirak etməli, pandemiya şəraitində karantin məhdudiyyətlərinə hər kəs tərəfindən əməl edilməli, aztəminatlı ailələrə, yaşlı insanlara maddi yardımların göstərilməsi işi daha da genişləndirilməlidir”.
Səttar Möhbalıyev eyni zamanda qısa müddətdə həmkarlar ittifaqı orqanlarının həyata keçirdikləri tədbirlər, göstərdikləri yardımlar barədə müşavirə iştirakçılarını məlumatlandırıb. Bildirib ki, bu günə qədər həmkarlar ittifaqlarının bütün təşkilatları tərəfindən bu məqsədlə bir milyon manatdan artıq vəsait xərclənib. 3400-ə yaxın aztəminatlı ailəyə ərzaq yardımları göstərilib. 120 min manat məbləğində qoruyucu vasitələr paylanılıb. 530 min manat məbləğində vəsait Koronavirusla bağlı tədbirlərin həyata keçirilməsi üçün ianə edilib. Eyni zamanda həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əmək haqqlarından Koronavirusla Mübarizə Fonduna ianələr ediblər. Həmkarlar ittifaqlarının ilk təşkilatlarından isə Fonda 352 min 500 manat vəsait köçürülüb.
AHİK sədri yaxın planda görüləcək işlərdən danışıb: “Konfedrasiya respublikanın bütün bölgələrndə üç minə yaxın aztəminatlı ailələrə ərzaq sovqatlarının paylanmasını həyata keçiriləcək. Ərzaq sovqatlarının tərkibi hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarət olacaq. AHİK tərəfindən göstərilən bu yardımlardan əlavə, Sahə Həmkarlar İttifaqları və ilk təşkilatlar da yerlərdə bu təşəbbüsə geniş forma qoşulub”.
Müşavirənin sonunda AHİK sədri fəallıqlarına görə bütün həmkarlar ittifaqı təşkilatlarına təşəkkürünü bildirib, bu humanist tədbirlərin davam etdirilməsinin vacib vəzifə olduğunu diqqətə çatdırıb.