“Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir”
Akif Məmmədov: “Ordumuzun bu uğuru böyük qələbəni daha da yaxınlaşdırdı” Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən iki il ötür. Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. Bu mühüm tarixi günlə bağlı "AzerTaym.az"-a açıqlama verən Azərbaycan Respublikası Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsinin Sədri Akif Məmmədov,öncə erməni faşizminin Qubadlıda törətdiyi vəhşiliklərə diqqət çəkib: “Qubadlı rayonunun 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması xalqımıza həm maddi, həm də mənəvi baxımdan böyük ziyan vurub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Bütün bu sərvətlər ermənilər tərəfindən talanmış, dağıdılmışdır”. O, bildirib ki, kənd təəsrrüfatı baxımından böyük potensiala malik Qubadlının işğaldan azad edilməsi ölkəmizə böyük iqtisadi fayda vəd edir: "Qubadlı rayonu faydalı qazıntı ehtiyatları ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Hansı ki, bütün bunların ümmilikdə ölkəmizin iqtisadi inkişafına böyük təkan verəcəyi birmənalıdır”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya səfərlərinə diqqət çəkən Akif Məmmədov qeyd edib ki, 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltmışdı. Cənab Prezidentin növbəti səfəri isə Qubadlı rayonunun işaldan azad olunmasının birinci ildönümündə baş tutmuşdu. Ölkə başçısının bu səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışının və təməlqoyma mərasimi ilə yadda qalmışdı. Müsahibimiz Qubadlı rayonunda bu gün həyata keçirilən quruculuq işlərindən də bəhs edib: "Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Fikirlərinin davamı olaraq o,bildirib ki, Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar”. Akif Məmmədov sonda qeyd edib ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək: “Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb. Şübhəsiz ki,bütün bu faktlarla əlaqədar Ermənistan gec-tez beynəlxalq hüquq qarşısında cavab verəcək”.