Rasim Məmmədovdan adını çəkmədiyi “krışa”sına MESAJ...

BAKU STEEL COMPANY” RAMİZ MEHDİYEVİN NƏZARƏTİNDƏN ÇIXARILDI - Nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırılıb • Cumhuriyyət

“Həyat bumeranqdır, bu gündən onun üçün də var”

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədov son söz deyib. Onun çıxışı təxminən 10 dəqiqə çəkib. Halbuki ötən məhkəmə iclaslarında o, son söz çıxışına  hazırlaşmaq üçün azı 2 həftə vaxt istəmişdi. Ancaq son anda Rasim Məmmədov uzun-uzadı danışmaq istəməyib və çıxışını qısa edib. O deyib ki, talama, mənimsəmə ittihamlarını qəbul etmir, taladığı deyilən zavod ona məxsus olub: “Belə çıxır ki, mən 10 ildə öz malımı talamışam. Sovet dağılandan sonra ortada qalmış zavodlarlda bağlı prezidentə yalan məlumatlar verməklə, özləri taladılar. Mən bir zavodu alıb, qurub, ölkəyə xeyir vermişəm. Prezident dəfələrlə açılıslarda iştirak edib, mən də yanında olmuşam. O, bir dəfə də deməyib ki, bu zavodlar sənin deyil. Ona mənimlə bağlı yalan məlumat verən bilməlidir ki, həyat bumeranqdır, bu gündən onun üçün də var”.

Rasim Məmmədov onu da deyib ki, yerli məhkəmələr ona bəraət verməsələr, Avropa Məhkəməsinə müraciət edəcək.

Hakimlər hökmlə bağlı qərar vermək üçün müşavirəyə gedib.

Bir neçə gün əvvəl prokuror Rasim Məmmədova 15 il həbs cəzası, vəkillər isə bəraət istəmişdi.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

O, 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Rasim Məmmədov nə ibtidai istintaq zamanı, nə də məhkəmədə  ittihamları qəbul etməyib, özünü təqsirli bilməyib. O, məhkəmə boyu bildirib ki, prezidentə yalan məlumat verilib, pullar başqası tərəfindən mənimsənilib, ancaq onun ayağına yazılıb. Məhkəmənin hazırlıq iclasında vəkil Elçin Sadıqov şirkətə şərik olmuş Bəylər Əyyubovun, qardaşının və Ramiz Mehdiyevin məhkəməyə şahid kimi dəvət olunaraq dindirilməsi barədə vəsatət qaldırandan sonra həbs olunub (hazırda ev dustaqlığındadır). Sonradan bu vəsatət bir daha səslənmədi və məsələyə qayıdılmadı. Həmin şəxslərin adı məhkəmədə bir daha çəkilmədi. Rasim Məmmədov son söz çıxışında da ad çəkməyib.






Fikirlər