İcbari Tibbi Sığortanın tətbiqi həyatımızda və səhiyyəmizdə NƏLƏR DƏYİŞDİ...

icbari-tibbi-sigortanin-tetbiqi-heyatimizda-ve-sehiyyemizde-neleri-deyishdi-suallarimizi-aynure-ehmedova-cavablandirir

"AzerTaym.az" İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın “İki sahil”-ə verdiyi müsahibəni təqdim edir. 

- İcbari Tibbi Sığorta tətbiq olunduğu müddətdən həyatımızda və səhiyyəmizdə nəyi dəyişir, hansı yenilikləri gətirir?

-İcbari tibbi sığortanın tətbiqi ilə vətəndaşların tibbi xidmətlərə əlçatanlığı yüksəldilib. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçirilir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçirilir. Əlavə olaraq vətəndaşlar üçün hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta hesabına ödənişsiz həyata keçirilir. Bundan əlavə, vətəndaşların tibbi xidmətlərə əlçatanlığının yüksəldilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin yüksək təchizatla təmin olunmuş 115 özəl tibb müəssisələri ilə müqavilə bağlayıb. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən hər hansı tibbi xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşlar göndəriş vərəqəsi ilə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz yararlana bilirlər. İcbari tibbi sığortanın bütün ölkədə tətbiqindən sonra hər il təqribən 4 milyon şəxs Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz istifadə edirlər.  Onu da qeyd edim ki, səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə ilkin səhiyyə xidmətinin inkişafı və səmərəli təşkili əsas amillərdən biri olmuşdur. Çünki ilkin səhiyyə xidməti ümumi səhiyyə sisteminin əsas başlanğıc nöqtəsi, vətəndaşın ilk müraciət etdiyi tibbi xidmət mərhələsidir. Bu xidmətin inkişafı və səmərəli təşkili sayəsində əhalinin tibbi xidmətlərə əlçatanlığı təmin edilir, xəstəliklərin erkən aşkarlanması və vətəndaşın vaxtında müalicəsi mümkün olur. Bununla da əhalinin sağlamlıq vəziyyəti yaxşılaşdırılır. Bu da dövlətin və vətəndaşların səhiyyə xərclərindən xeyli azad olmasına şərait yaradır.  Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminə bir çox yeniliklər gətirib. Belə ki, İTS-nin tətbiqi səhiyyə sahəsinə ayrılan dövlət vəsaitlərinin daha da səmərəli istifadəsinə imkan verir. Həmçinin səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaradılmasına şərait yaradır. Habelə, tibb müəssisələrində göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən ödənilir. Agentlik göstərilən xidmətlərin dəyərini tibb müəssisələrinə icbari tibbi sığorta fondu hesabına ödəyir.

2021-ci ildə 4 milyondan çox şəxs 10 milyondan artıq müraciət edib və müraciətlər üzrə 23 milyona yaxın tibbi xidmət göstərilib

-Tətbiq olunduğu dövrdən indiyədək nə qədər vətəndaşımız icbari  tibbi sığorta sistemindən istifadə edib?  Bunlar arasında hansı kateqoriyada və yaşda olanlar üstünlük təşkil edir?

-2020-cilin yanvar ayından 23 şəhər və rayonda tətbiq edilməyə başladı. Həmin ildə qeyd edilən regionların tibb müəssisələrinə 380 mindən çox nəfər müraciət edib. Bu müraciətlər üzrə isə 1 milyondan çox tibbi xidmət göstərilmişdir. 2021-ci ilin yanvar ayından isə icbari tibbi sığorta yuxarıda qeyd olunan regionlarla yanaşı, 36 şəhər və rayonda, aprel ayından isə Bakı, Sumqayıt və Abşeronda, yəni bütün ölkə ərazisində tətbiq olunmağa başladı. Bu müddət ərzində bütün ölkə üzrə 4 milyondan çox şəxs tibb müəssisələrinə müraciət edib. Bildiyiniz kimi, vətəndaş fizioterapiya xidməti istisna olmaqla, icbari tibbi sığorta ilə il ərzində istənilən qədər müraciət edə bilərlər. Məhz 2021-ci ildə 4 milyondan çox şəxs 10 milyondan artıq müraciət edib və müraciətlər üzrə 23 milyona yaxın tibbi xidmət göstərilib.  2022-ci il ərzində isə dövlət tibb müəssisələrinə 4 milyondan artıq şəxs 16 milyondan çox müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 milyondan artıq olub. Məlumat üçün bildirim ki, tibbi xidmətlərlə bağlı müraciət edənlərin 30%-ə qədərini 18 yaşınadək şəxslər, 70% - ə qədərini isə 18 yaşından yuxarı şəxslər təşkil edib.

Bildiyiniz kimi, hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Əhalinin tibbi xidmətlər əlçatanlığının artırılması məqsədilə  Xidmətlər Zərfinə 700 tibbi xidmətin də əlavə olunması təklif olunub. Buraya  limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatla yanaşı, bəzi xoşxassəli şişlərin aradan götürülüməsi ilə bağlı əməliyyatların sayının artırılması daxildir.

Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir

-İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinin strukturunda müəyyən  dəyişikliklər həyata keçirildi və artıq burada sığorta şöbələri  fəaliyyət göstərir. Sığorta şöbələri yarandıqdan sonra xəstəxanalarda hansı dəyişikliklər baş verdi? Dövlət tibb müəssisələrində  icbari tibbi sığortanın tətbiqi  hansı  mərhələdədir?

- İcbari tibbi sığortanın tətbiqi ilə tibb müəssisələri ilk dəfə qrup və kateqoriyalara bölünüb. Bu da tibb işçilərinin ödənilən əməkhaqlarına tətbiq olunan əlavələrə təsir edib. Belə ki, icbari tibbi sığortanın ölkədə tətbiqi nəticəsində ilk dəfə olaraq səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilməyə başlanılıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsi məqsədilə Agentlik tərəfindən Qayda təsdiqlənib. Qaydaya əsasən tibb işçilərinin əməkhaqlarına vəzifə (tarif) maaşları, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Tibb işçilərinə həvəsləndirici əlavələr vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq sabit və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir. Məqsəd səhiyyə işçilərini həvəsləndirmək, vətəndaşlara keyfiyyətli tibbi xidmətlər göstərilməsinə imkan yaratmaqdır.Qeyd etdiyiniz kimi,  icbari tibbi sığorta tətbiq olunduqdan sonra tibb müəssisələrində “Sığortanın təşkili  və innovasiyalar” şöbəsi yaradılıb. TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində fəaliyyət göstərən bu şöbələr  tibb müəssisələrində tibb işçiləri ilə yanaşı, qeyri-tibb işçilərinin pasiyentlərin icbari tibbi sığortadan istifadə qaydaları, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər haqqında məlumatlar, tibb müəssisəsində hər hansı tibbi xidmətin verilməsi mümkün olmadıqda Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası barədə təlimatlandırmaqdır. Bununla yanaşı, şöbə qeyd olunan məlumatlar haqqında pasiyentlərin məlumatlandırılması üçün dəstək göstərir. Qeyd edim ki, şöbənin daxilində bölmələr də fəaliyyət göstərir. Bölmələr pasiyentlərin ambulator və stasionar qeydiyyata alınmasını həyata keçirir, vətəndaşların sığortalı olub olmadığını müəyyənləşdirir və pasiyentlərin ödənişsiz olaraq keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılması üçün mühüm addımlar atırlar.  Hazırda icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki bütün xəstəxanalarda, Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutlarında, habelə göndəriş vərəqəsi əsasında 115 özəl tibb müəssisəsində tibbi xidmətdən istifadə etmək mümkündür.

Həkim məntəqələri, poliklinikalar, təcili tibbi yardım stansiyaları, müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarının tabeliyinə verilib

-Regionlarda icbari tibbi sığortanın haqqında ətraflı məlumat verməyinizi istərdik. Bölgələrdə bu sistemin əlçatanlığını təmin etmək üçün hansı tədbirlər görülür?

-Bildiyiniz kimi, icbari tibbi sığorta Agentlik tərəfindən Mingəçevir şəhəri və Yevlax rayonunda 3 il, Ağdaş rayonunda isə 2 il pilot layihə şəklində tətbiq edilmişdir. Pilot layihə dövründə tibb müəssisələrində növbəlilik prinsipi tətbiq edilmişdir. Xəstəxanaya müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün qeydiyyat mərkəzləri qurulmuşdur. Sözügedən tədbirlər icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı respublikanın digər regionlarında yerləşən dövlət tibb müəssisələrində də aparılmışdır. Belə ki, icbari tibbi sığortanın ilkin mərhələdə tətbiq edildiyi 23 regionda olduğu kimi, digər şəhər və rayonlarda, eləcə də Bakı şəhərində yerləşən dövlət tibb müəssisələrində artıq informasiya-kommunikasiya texnologiyaları infrastrukturu qurulmuş, fiber optik kabel xətləri çəkilmiş, xəstəxanalar kompüter və printerlərlə təmin edilmiş, qeydiyyat masaları yaradılmışdır. Tibb müəssisələrinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilmişdir.

İlkin tibbi-sanitariya yardımının gücləndirilməsi və icbari tibbi sığortanın tətbiqini effektiv təmin etmək məqsədi ilə xəstəxananın tərkibində Ailə Sağlamlıq Mərkəzləri, Sığortanın təşkili və innovasiya, Xəstə xidmətləri şöbələri yaradılıb. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların qəbul şöbəsinin bazasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılıb

İcbari tibbi sığorta sistemin tətbiqi ilə əlaqədar olaraq paytaxtla yanaşı, regiondakı tibb müəssisələrinin inzibati strukturuna dəyişiklik edilərək yenidən qurulub. Belə ki, həkim məntəqələri, poliklinikalar, təcili tibbi yardım stansiyaları, müalicə diaqnostika mərkəzləri rayon mərkəzi xəstəxanalarının tabeliyinə verilib.  Eyni zamanda, ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi və icbari tibbi sığortanın tətbiqini effektiv təmin etmək məqsədi ilə xəstəxananın tərkibində Ailə Sağlamlıq Mərkəzləri, Sığortanın təşkili və innovasiya, Xəstə xidmətləri şöbələri yaradılıb. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə xəstəxanaların qəbul şöbəsinin bazasında Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi yaradılıb. Burada xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub.  Bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. İdarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir. Eyni zamanda qeyd edim ki, struktur dəyişiklikləri planı hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə və tibb müəssisələrinin potensialının qiymətləndirilməsi üzrə nəticələr nəzərə alınmış, mövcud vəziyyət araşdırılmışdır. Nəzərinizə çatdıraq ki, bu struktur dəyişikliklər TƏBİB-in Agentliyin tabeliyində olduğu müddətdə həyata keçirilib. Məlum olduğu kimi, artıq TƏBİB müstəqil qurumdur və tibb müəssisələrində təkmilləşdirmə işləri sözügedən qurum tərəfindən davam etdirilir. Bununla yanaşı, vətəndaşların keyfiyyətli tibbi xidmətlərdən istifadəsi məqsədilə tibb müəssisələri yüksək keyfiyyətli tibbi ləvazimatlarla təmin edilib. Belə ki, 2022-ci ildə imzalanmış satınalma müqavilələri üzrə  keyfiyyətli xidməti təmin edən, pasiyent üzərində hər hansı dərin yara izləri buraxmayan, qapalı əməliyyatların icrasını təmin etməyə imkan verən laparoskopik dayaq dəstləri və alətləri satın alınıb. Habelə tam avtomat cihazlar, orqan transplantasiyası üçün nəzərdə tutulmuş cihazlar, süni tənəffüs cihazları, oftalmoloji və neyrocərrahi mikroskoplar satın alınıb. Regionlardakı dövlət tibb müəssisələri yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub.  

Təcili tibbi yardım avtomobilləri xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlarla təmin edilib

Əlavə olaraq qeyd edim ki, ötən ildə 37-si sadə differensiallı, 7-si xüsusi 2 differensiallı, 20-si reanimobil və 1-i perinatal küvezli olmaqla, ümumilikdə 65 ədəd yeni müasir təcili tibbi yardım avtomobilləri satın alınıb. Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərmanlar və tibbi avadanlıqlar ilə təmin edilib.  Qeyd edək ki, bu avtomobillərin bir qismi  ehtiyac olan region xəstəxanalarına paylanılıb. Əhalinin məmnunluq səviyyəsinin artırılması ilə bağlı digər müsbət məqamlardan biri onların tibb müəssisələrində verdikləri laborator analizlərinin nəticələrini onlayn qaydada öyrənmək imkanının yüksəldilməsidir. Belə ki, artıq cari ildən 40 şəhər və rayonun sakini üçün “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmətə inteqrasiya edilən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin sayı 20-dən 79-ə qədər artırılıb. Yəni vətəndaşlar analiz nümunələrinin nəticəsini öyrənmək üçün vaxta qənaət edərək əlavə məsafə qət etmədən onlayn şəkildə sadəcə qurumun saytında “Elektron xidmətlər” bölməsindəki “Laboratoriya analizlərinin nəticələri”   altbölməsinə daxil olaraq şəxsiyyət vəsiqəsələrinin FİN kodunu daxil etməklə analiz nümunələrinin nəticələri ilə tanış ola bilərlər. Bundan əlavə, həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaq da Agentliyin prioritet istiqamətlərindən biri olub. Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılmışdır. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil etmişdir. Bundan əlavə həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Habelə, həkim heyəti üzrə mövcud olan kadr çatışmazlığı probleminin aradan qaldırılması yönündə addımlar atılıb. Belə ki, 2022-ci ildə kadr təminatını yaxşılaşdırmaq üçün “Tibb müəssisələrində kadr potensialının gücləndirilməsi Proqramı” icra olunub. Proqramın tətbiqi xaricdə təhsil almış həkimlərimizi ölkəmizdə çalışmağa cəlb etmək məqsədi daşıyır. Qeyd edim ki, proqram üzrə qəbul olunan cərrahi və radioloji profilli ixtisaslar üzrə həkim-mütəxəssislərin həvəsləndirici əlavələrinin məbləği 6500  manatdan, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 5000 manatdan az olmamaq şərtilə müəyyən olunub. Proqram 2 il müddəti əhatə edir, müddət bitdikdən sonra proqram üzrə işə qəbul olunmuş həkimlər öz əmək fəaliyyətlərini çalışdıqları tibb müəssisələrində davam etdirəcək və əməkhaqlarına tətbiq edilən sabit və həvəsləndirici əlavələr onlara da şamil ediləcək. Hazırda proqram üzrə regiondakı tibb müəssisələrinə ixtisaslı həkimlər qəbul olunub və proses davam etməkdədir.






Fikirlər