TƏBİB HƏKİMLƏRƏ İŞ, XƏSTƏXANALARA İSƏ HÖRMƏT GƏTİRMƏKDƏ…
Vaxtilə xəstələri barmaqla sayılan xəstəxanalarda indi adam əlindən tərpənmək olmur, çünki… Azərbaycan Dövlətinin məqsəd və məramı ilk növbədə vətəndaşların Konstitusion hüquqlarının müdafiəsidir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqamətində yetərincə layihələr icra olunmaqdadır. Eləcə də bu istiqamətdə çoxsaylı Dövlət Aktları və Dövlət Proqramları vardır ki, bütün bunlarda məqsəd cəmiyyətimizin təhsilli, sağlam ruhlu vətəndaşlarının yetişdirilməsidir. Belə Dövlət Proqramlarından biri də vətəndaşların TƏBİB xətti ilə pulsuz müalicəsinin təşkilidir. *** “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müştərək fəaliyyət isə Azərbaycanın səhiyyə sisteminə inanılmaz yenilik gətirib və vətəndaşlar artıq bir müddətdir ki, müalicələrini pulsuz həyata keçirməkdədir. Hansı ki, bir vaxtlar belə bir məlumatı yalnız inkişaf etmiş ölkələrin-ABŞ-ın, Avropa ölkələrinin timsalında eşidə bilərdik. Vaxtilə eşidib həsrətlə o xidmətin Azərbaycanda da olmasını arzuladığımız günləri, necə deyərlər, indi canlı olaraq özümüz yaşayırıq. Söhbət Azərbaycanda vətəndaşlara tamailə pulsuz tibbi xidmətdən istifadəsindən gedir…
TƏBİB-in səhiyyəmizə gətirdiyi inanılmaz yeniliklər… Bəli, rəsmi dövlət qurumlarının balansında olan xəstəxanaların halı hər kəsə məlum idi. Xəstəxanalarda dava-dərman çatışmazlığından tutmuş, həkimlərin maaşının azlığınadək. Bu səbəbdən xəstələrin baha da olsa, daha çox özəl klinikalara, yaxud xarici ölkələrə üz tutması adi hal idi. Üstəlik, həkimlər də xəstə azlığından bu xəstəxanalardansa, özəl klinikalarda çalışmağı üstün tuturdular. Özəl klinikalardakı vəziyyəti isə hər kəs bilir. Hətta indinin özündə də hansına adi həkim məsləhəti üçün baş çəkilirsə, dərhal əvvəlcə 40-50 manat qəbul haqqı ödəməyi tələb edirlər. Halbuki hələ heç kəs bilmir ki, xəstənin dərdinə çarə buradakı həkimdədir, yoxsa yox. Təsəvvür edin, həkimdən məsləhət almaq bir xərc, sonra əgər xəstə bu klinikalıqdırsa, əlavə müalicə haqqı başqa bir xərc, nəhayət, həkimin xidmət haqqı əlavə bir xərc! TƏBİB-in həkimləri və xəstəxanaları hörmətə mindirmə siyasəti… «Təzadlar»a daxil olmuş oxucu sorğusu ilə bağlı araşdırma apararkən maraqlı halların şahidi olduq. Oxucumuz TƏBİB-in tabeliyində olan xəstəxanalardakı mövcud vəziyyəti işıqlandırmağımızı xahiş edirdi… Beləliklə, 5 saylı Kliniki Xəstəxanaya baş çəkməli olduq. Xəstəxananın foyesindəki qəbul şöbəsində ən azı yüzə yaxın insanı görəndə təəccüb etməli olduq. Açığı, əvvəlcə nə baş verdiyini anlamadıq. Sonradan məlum oldu ki, burada TƏBİB və İcbari Tibbi Sığortanın əməkdaşları xəstələrə xüsusi qəbz verərək müvafiq həkimlərə yönəldirlər. «Bəs bu qədər insanlar kitmlərdir, niyə belə uzun növbələrdir?» sualımıza elə xəstələrdən biri cavab verdi: «Burda bütün həkim müayinə və müalicələri pulsuzdur deyə, hamı cumub dövlət balansında olan bu xəstəxanaya…».
Məsələ artıq aydın idi… Sonra həkimlərin qəbulundakı sıralamalara baş çəkdik. Xəstəxanın demək olar bütün mərtəbələri qarışqa yuvası kimi qaynayırdı. Eləcə də qan analizi laboratoriyasının qarşısında. Buraya, hətta təsəvvüredilməz formada çoxluq hakim idi. Bunun da səbəblərini aydınlaşdırdıq. Özü də xəstəxana rəhbərliyindən və ya TƏBİB nümayəndələrindən yox, elə xəstələrin özündən… Xəstəlikdən pulsuz müalicə sui-istifadəliyi… Beləliklə, başlayaq qəbul şöbəsindən: xəstələrlə söhbətimizdən məlum oldu ki, pasiyentlərin inanılmaz dərəcədə belə çoxluğu bütün müalicə və həkim qəbullarının TƏBİB-in hesabına pulsuz olmasıdır. Məsələn, rayondan gəldiyini deyən xəstə Azad Hüseynovun 70 yaşı var. Eşidib ki, xəstəxanalarda artıq hər şey pulsuzdur, həyat yoldaşını da özü ilə gətirib. Bu da qısa söhbətimiz: -Azad kişi, xəstəliyin nədir? -Revmatizmim var… -Sonuncu dəfə həkimdə nə vaxt olmusunuz? Görürəm axı, ayaq üstə cavan oğlan kimi dayanmısınız… -Düzünü desəm, sonuncu dəfə həkimdə nə vaxt olduğum yadıma düşmür… Qonşum burada olmuşdu, dedi, hər şey pulsuzdur, qərara gəldim ki, arvadı da gətirim, onu da yoxlatdırım… -Arvadın xəstəliyi nədir? -Şikayəti yoxdur, amma pulsuzdur də, həkimlər qoy onu da müayinə eləsin…
Pulsuzdur deyə, vətəndaşlar zərurət oldu-olmadı, üz tutur TƏBİB-in balansına verilmiş xəstəxanalara. Bəli, bu, dövlətin vətəndaşına etdiyi diqqət və qayğının ifadəsidir, amma vətəndaşlar da nəzərə almalıdır ki, gerçəkdən xəstə olanların və həkimlərin vaxtı bu səbəbdən izafi xərclənir. Qan analizi laboratoriyasının qarşısında dayanan iki qadının söhbəti isə lap düşündürücüdür: «- Salam, Sona xanım, nə xoş təsadüf… Qan analizini nəyə görə verirsiniz? -Zobum var, özəl xəstəxanalarda bu analizlər çox bahadır… Amma burda pulsuz edəcəklər. Bir də, gəlmişkən, həkimə dedim ki, o biri analizləri də yazsın. 14 dənə analiz yazdı…Sən də elə elə. Gəlmisən də. Bir də Allah bilir nə vaxt gələcəksən…». Göründüyü kimi, bəzi xəstələr yeri gəldi-gəlmədi, lazım oldu-olmadı, pulsuzdur deyə, bütün analizlərini tələb edirlər…
Təkliflərimiz işin təşkilinə aiddir və… Ümumi vəziyyəti dəyərləndirmək üçün TƏBİB-in Nərimanov Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri Aygün Qulamqızı ilə görüşmək qərarına gəldik. Aygün xanımın cavabı qısa oldu: «Vəziyyəti özünüz artıq müşahidə etmisiniz, görürsünüz… Vətəndaşların kütləvi axını həkimlərimizi çox yorur. Amma çalışırıq ki, hamının problemlərinə çarə tapaq. Elə müayinə və müalicə istiqaməti olur ki, başqa klinikalara yönəldilir. Amma hələki narazı qalan yoxdur… Əlimizdən gələni edirik ki/, vətəndaşlar razı qalsın…».
Həmsöhbətimizlə bəzi təkliflərimizi də müzakirə etdik: məsələn, qəbulda böyük növbələrin yaranmasına bir səbəb də odur ki, məsələn, xəstə TƏBİB nümayəndələrinə qəbz yazdırıb həkimin yanına gedir. Əgər həkim ona qan analizi verilməsini, yaxud hansısa aparatdan keçməsini bildirən göndəriş yazırsa, xəstə təkrarən növbəyə dayanmalıdır. Növbədə isə 4-5 cərgə olmaqla, hərəsində ən azı 10-15, bəzən 20 dəqiqə vaxt itirilməlidir. Üstəlik, növbəti günlərdə qan analizinin cavabını almağa gələn xəstə təkrarən növbəyə dayanmalıdır, sonra təkrarən həkimin qəbulu üçün növbə tutmalıdır və s. Yaxşı olar ki, xəstəxanaların qəbul şöbəsində ASAN Xidmətdə, eləcə də banklarda… olduğu kimi, xüsusi aparatlar və monitor quraşdırılsın, xəstələr dərhal hansı həkimə və ya hansı məqsədə (qan analizi, yaxud onun cavabı və s.) yazılmış növbəlilik qəbzini götürüb rahat şəkildə TƏBİB nümayəndələrinə yaxınlaşıb müvafiq göndərişini alsın. Elə xəstələr olur ki, xeyli vaxt müqabilində növbəyə dayanır, amma həkimin vaxtı bitmiş olur. Növbəti gün yenidən gəlmək lazım gəlir. Təbii ki, bunlar texniki məsələlərdir. Əsas odur ki, TƏBİB və İcbari Tibbi Sığortanın birgə fəaliyyəti ilə nəinki həkimlərimizə və dövlət balansında olan xəstəxanalara, həm də xəstələrimizə hörmət və dəyər verilməkdədir. Bu isə dövlətin vətəndaşına sosial qayğısının, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasına dəstəyin ifadəsidir. A.MƏRZİLİ (tezadlar.az) P.S. Rəsmi dillə desək, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Belə ki, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılır. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir. Fərmana uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti TƏBİB həyata keçirir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa müqavilə bağladığı digər özəl tibb müəssisələrindən birinə göndəriş vərəqəsi verilir. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı qurumun saytında yerləşdirilib.