7 yaşlı Fəridin ölümünə görə nazirlik ittiham olundu

7 yaşlı Fəridin ölümünə görə nazirlik ittiham olundu

Bir neçə gündür ki, idmançı Mehman Xəlilovun məşq zamanı kobud rəftarı nəticəsində dünyasını dəyişən yeddi yaşlı Fərid Bakarovun başına gələn faciə cəmiyyətdə ciddi müzakirə edilir. 

Elm və Təhsil Nazirliyindən bildirilib ki, 19 saylı məktəbin idman zalı məşqçiyə icarəyə verilib. Lakin sonradan Azərbaycan Cüdo Fedarasiyasının açıqlamasında qeyd olunub ki, Mehman Xəlilova məşqçi kimi fəaliyyət göstərməsi üçün hər hansı lisenziya verilməyib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəbin inzibati binası Elm və Təhsil Nazirliyi tərəfindən qanuna uyğun olaraq  icarəyə verilir:

“2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında” qanun, 2011-ci ildə qəbul olunmuş “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsini”nin tələblərinə görə, məktəbin idman zalı, dərs otaqları dərsdən sonrakı vaxtda orta məktəbdə tədris aparmayan sahələrə icarəyə verilə bilər və məktəblər burdan gəlir əldə edə bilər. Bu, qanunvericilikdə nəzərdə tutulub, amma təəssüf ki, bunun konkret struktur və mexanizmi nəzərdə tutulmayıb. İstənilən fiziki və hüquqi şəxs məktəbin inzibati binasını, otaqlarını, idman zalını, bufetini, stadionunu icarəyə götürüb məbləğin müəyyən faizini Elm və Təhsil Nazirliyinə köçürür. Amma burada bir mexanizm var, mütləq şəkildə həmin şəxslərin qeyd edilən sahədə mütəxəssis olması əsas şərtdir. Əfsuslar olsun ki, bu gün Elm və Təhsil nazirliyi bunu yoxlamır. Hazırda istər Bakıda, istərsə də rayonlarda məktəblərin stadionları icarəyə verilib, halbuki məktəbin şagirdləri asudə vaxtlarını orada keçirməli, sağlam ruhda böyümələri təmin olunmalıdır. Ən vacib məqamlardan biri resurslardan həmin məktəbin şagirdlərinin istifadə etməsidir”. 

Onun sözlərinə görə, bu məsələdə əsas problem məktəbin resurslarından istifadə edən şəxsin ciddi yoxlanılmamasıdır: 

“Bu gün Elm və Təhsil Nazirliyi maddi maraqlara görə məktəbin bufetlərini arendaya verir, öz yaxın şirkətləri tərəfindən şagirdlərə qida paylanır və yekunda uşaqlarımızı zəhərləyirlər. Eyni zamanda bu sahə üzrə hər hansı fiziki, psixoloji yoxlamadan keçməyən insanlara məktəbin idman zalları icarəyə verilir və nəticədə uşaqlarımız ölür. Biz bu sahəyə ciddi nəzarət etməliyik, amma Elm və Təhsil Nazirliyi yalnız aylıqların vaxtlı-vaxtında yığılmağına nəzarət edir, yəni öz maddi maraqlarını əsas götürür. Təəssüflər olsun ki, bu sahədə hər hansı yoxlama mezanizmi həyata keçirilmir.

Konkret olaraq dünən yayılan video üzərindən danışsaq, deyə bilərəm ki, bu hadisə birinci dəfə deyil ki, baş verir. Bu, onu göstərir ki, məktəbdəki idman zalına nəzarət olmayıb. İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilməlidir. Mütləq şəkildə bu xidmətlərin hər biri göstərilən yerlərdə təhlükəsizlik kameraları quraşdırılmalıdır. Bizim problem olaraq gördüyümüz məsələ nəzarət mexanizmidir. Bu gün biz nəzarət hissəsində ciddi problem yaşayırıq. Təəssüf ki, Elm və Təhsil Nazirliyi maddi marağına görə uşaqlarımızın sağlamlığına və həyatına zərbə vurur. Onlar nə elm, nə təhsil verirlər, əvəzində isə uşaqların sağlamlıqlarını alırlar. Bu çox ciddi məsələdir. Məktəbin infrastrukturu kimə icarə verilir, orada kimlər fəaliyyət göstərir, bu, ciddi yoxlanılmalıdır. 

Az qala, Elm və Təhsil Nazirliyi öz inzibati binasını da icarəyə versin. Son 3 il ərzində onların bir məqsədi var: Pul qazanmaq. Onlara keyfiyyət, kəmiyyət, insanların təhlükəsizliyi maraqlı deyil. Nə nəzarət var, nə yoxlama var. O yaşda uşağın həmin idman növü ilə məşğul olmasına icazə verilmir, lakin Elm və Təhsil Nazirliyi bunu yoxlamayıb, çünki marağında deyil. Əsas odur vaxtlı-vaxtında icarə pulu ödənsin. Məsələ bu qədər bəsitdir”. 






Fikirlər