"Bakı Sağlamlıq Mərkəzi"ndə Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi...
Bu gün Bakı Sağlamlıq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. İlk öncə himn səsləndi. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bu günkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Qeyd etdi ki, Ulu öndər bütün sahələrdə olduğu kimi Azərbaycanın səhiyyə sahəsini, onun ayrılmaz şaxələrindən olan Azərbaycan tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində Respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığında yüksəliş baş verdi, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Ümummilli liderin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Daha sonra, söz fəxri qonaqlarımıza verildi. Nərimanov rayon bələdiyyə sədri Təhmiraz Tağıyev bildirdi ki, Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə böyük nailiyyətlərə imza atır. “Bu gün ölkəmiz hərtərəfli surətdə inkişaf edir. Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyevin böyük, parlaq ideyaları dayanır. Hazırda Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə söz sahibi olan dövlətdir. Əminik ki, Heydər Əliyev siyasəti Azərbaycana daim uğurlar, nailiyyətlər qazandıracaq”, - deyə T.Tağıyev vurğulayıb. Azərbaycan Tibb Universitetinin dosenti, tibb elimləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanovov müəllifi olduğu, siyasət, dilçilik, diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrdə fəaliyyət göstərən və təhsil alanlar üçün dəyərli vəsait hesab olunan “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti“ kitabında statlar gətirərək, Ulu öndərin nitqinin izahedici xarakterini təhlil etdi. Uzun illər Heydər Əliyevin nitqlərini canlı surətdə böyük sevgi ilə dinləmiş həkim - müəllif onun haqqında müşahidə, mülahizə və araşdırmalarını dilə gətirərkən bildirdi ki, nitqi elə məzmunlu vurğu ilə bitirməlisən ki, dediklərin dinləyicinin yaddaşına həkk olunsun. Heydər Əliyev bu baxımdan böyük məharət sahibi idi. Heydər Əliyev öz nitqlərində təkcə mövzu deyil, hazırki reallıqdan doğulan problemləri təhlil etmək və dəyərləndirməklə kifayətlənmirdi. Adı dünya tarixinə daxil olmuş böyük bir şəxsiyyət kimi ölkənin inkişafı, millətin tarixi, taleyi ilə bağlı proqnozlar verir, prioritetləri müəyyənləşdirirdi. Mərkəzimizin həkimlərindən Professor Məhəmməd Kərimov və Dr. Fərəh Amanova da öz növbələrində Ümummilli lider Heydər Əliyevin həyatlarındakı rolundan bəhs etdilər. Sonda Ulu öndərin həyatına həsr olunmuş videoçarx nümayiş olundu. Baş tutmuş tədbirdən sonra Bakı Sağlamlıq Mərkəzinin tibbi və inzibati heyəti əməkdaşlarının Fəxri Xiyaban ziyarəti baş tutdu, Ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək məzarın üzərinə güllər qoyuldu.