Aravuranların kəmfürsətliyi – Türkiyə və Azərbaycanın qardaşlıq büsatı sınaq qarşısında
Bir dəfə İstanbulda, Məcidiyyəköydə olarkən bir şeylər almaq üçün “Cəvahir” alış-veriş mərkəzinə getmək istəyirdim, küçədə, yol kənarındakı bir müəssisənin qapısının ağzında, əlində qovluq dayanmış bir kişidən istiqamət soruşmaq məqsədilə “bir dəqiqə olarmı” deyə soruşdum. Kişi mənə sarı döndü, aksentimdən türkiyəli olmadığmı anladı, amma acıqlı cavab verdi: “Hayır”. Heyrət etdim. Geyimim də normal idi, yəni səfil-sərgərdana oxşamırdım. Dedim, bəy əfəndi, adres soruşacaqdım... Bəs bu qaba davranışa görə Türkiyədən, türk insanından incidmmi? Əsla. Ondan sonra bu ölkədə mehriban, ünsiyyətcil, xoşqılıqlı, Azərbaycandan olduğumu biləndə mütləq “kardeş ülkə” deyən yüzlərlə adamla rastlaşmışam, eyni zamanda haradan gəldiyimi biləndə üzünü turşudan, “petrolunuz var, paranız çok” deyə 2-3 qat artıq pul qoparmaq istəyən, oğru, dələduz sifətli adamlar da görmüşəm. İndi 3-5 və ya 30-40 min kəmfürsətə, gönüqalına, hərcayıya görə bizə “qardaş” deyən 80 milyonluq xalq haqqında pis düşünmək olarmı? Əlbəttə, olmaz. Təəssüf ki, elələri orda da var, burda da. Elə girəvə gəzirlər ki, ortalığa bir pərxaşlıq salsınlar, ara vursunlar, sübut eləsinlər ki, biz ayrı-ayrı xalqlarıq, çox fərqliyik. O tərəfdə haqqımızda danşanda “abi, bu azerilər nasıl bir toplum yaa” deyə öz aləmlərində bizi aşağılamağa çalışan gədə-güdə olduğu kimi, burda da “ay brat, sən öl, varsa da, yoxsa da, yenə özümüz e, o türklər, bilirsən, nədiləəər” deyə su bulandıran dılğırlar var. Belələrinin bəziləri hansısa anti-türk ovqatlı dairələrə bağlıdırlar, məqsədyönlü təbliğat aparırlar, bəzilərinin başına da, ola bilər, Türkiyədə pis iş gəlib (aldadılıblar, soyğuna məruz qalıblar, döyülüblər və s.), ona görə 3-4 pis adama görə bütün xalqla qərəzgün olublar. Bu sətirləri yazmazdan 10 dəqiqə qabaq internet resurslarında qarşıma bir video çıxdı: Türkiyə vətəndaşı haqqımızda yaxşı-yaman sözlər danışırdı və işə baxın ki, onu paylaşan da bizimki idi. Hiss olunurdu ki, adam barəmizdə qərəzli-qərəzli və əsəbi-əsəbi danışan o şəxsi haqlı sayır. Bizi asıb-kəsən, Türkiyənin daxili işlərinə qarışmamağı əsəbi dillə tövsiyə edən, öz aləmində Ərdoğana da, Kılıçdaroğluna da eyni vaxtda “sahib çıxan” bu adam deyirdi ki, qardaşlıq yalnız savaşda olar, qalan şeylərdə siz ayrı, biz ayrı. Onun sözlərindən elə çıxırdı ki, guya biz işimizi-gücümüzü, dərd-sərimizi bir kənara atıb Türkiyədə prezident seçirik. Hiss olunur ki, adam bizi tanımır və ağlı sosial şəbəkələrin Azərbaycan seqmentində status və şərh yazan 2-3 min adama gedir. Biri bu cür həyəcanlananlara desin ki, 35 ildir bu ölkədə siyasətlə ciddi şəkildə maraqlananların, proseslərdə fəal iştirak edənlərin sayı 10 min civarında qalıb, artmır. Onların da 2-3 mini fəaldır. Yerdə qalanlar isə eləcə televizora baxır, ya da xeyirdə-şərdə siyasətdən danışan adamlara qulaq asırlar ki, görsünlər dünyada nə var, nə yox. Biz heç öz qəsəbəmizdə bələdiyyə üzvü seçmirik, seçə bilmirik, rəhmətliyin oğlu, burda oturub azarkeşlik etməklə Türkiyədə prezident seçənik? “Qalatasaray”-“Fənərbağça” derbisinə necə yanaşırıqsa, Türkiyədəki seçkilərə də elə yanaşırıq. Sadəcə, futbol azarkeşləri ayrıdır, siyasət azarkeşləri ayrı. Bir də bir qism adam həm futbola azarkeşlik edir, həm də paralel olaraq siyasətə. Ona görə də həyəcanlanmağa, “bizə həddimizi göstərməyə” ehtiyac yoxdur. Zatən, bu seçki intriqasıını fürsət sayan araqatanların, tərsinə-tərsinə danışanların nəsil şəcərəsini, bağlı olduqları qrupları bir az araşdıran kimi məlum olur ki, bunların dərdi başqadır, heç öz ölkələrindəki türkləri də sevmirlər. Bir də Anadolu türkcəsində bir məna, bizdə başqa anlam verən 20-30 söz var, 30 ildir yapışəblar onlardan, elə hey gövşəyirlər: “uçaq “indi” yerinə “düşdü” diyorlar yaa... hi-hi-hi”, “kayb olanda “azmışım” diyorlar, ha-ha-ha”, “biz yekəpər adama pəzəvəng deyir axı, türklərdə pəzəvəng sutenyor demək imiş, hoh-hoh-ho”, “oteldə çarpayımız sınmışdı, dedik, kravatımızı dəyişin, heç demə, onlara qalstuka kravat deyirmişlər, hı-hı-hı” və sair və ilaxır. Bu məzəli söhbətlərin məzəsi çoxdan gedib, şirnisi sümürülmüş saqqıza dönüb, artıq bunları hamı bilir və heç kim çaşmır. Zatən, aşağı-yuxarı 30-40 omonim səciyyəli sözü əzbərləmək çətin bir şey deyil. Fəqət “hi-hi-hi”lər davam edir. Bir ara evdə, işdə, dükan-bazarda həmişə rusca danışan və ya hər danışdığı 10 sözdən beşi rus kəlməsi olanların “öncələr” kimi sözlər eşidəndə qulaqlarını şəkləyib, “ana dilimiz əldən gedir” deyə haray-həşir salmaları yayğın idi, son vaxtlar sakitləşiblər, görürlər ki, iki doğma, qohum dilin çulğaşmasının qarşısını almaq mümkün deyil. İnşallah, iki qardaş xalqın, müttəfiq dövlətin arasını vurmaq, bir-birindən ayırmaq istəyənlərin niyyəti də baş tutmayacaq. Türkün sözü, genəldə belə olacaq, amma bizim mahal, rayon, kənd davası (“biz yaxşı camaatıq, onlar yox”) aparanlar hələ bu tezlikdə düzəlməyəcək. P.S. “Azerilər bizə karışmasın” deyə hiddətlənən adamın, görəsən, 3 aydır Avropa qəzetlərində Ərdoğan və Türkiyə haqqında bir neçə min pis niyyətli, təxribat səciyyəli məqalələr yazıldığından xəbəri varmı?