Şəhidlər arasında ayrıseçkilik: Könüllülərə “qan pulu” verilmir

O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər?”

Oğlum 1992-ci ildə Ağdərənin çaylı kəndində şəhid olub. Ona şəhid adı da verilib. İllərdir müavinət də alırıq. Ancaq di gəl ki, sonuncu sərəncamdan sonra bütün şəhid ailələrinə verilən birdəfəlik qanpulu bizə düşmədi. Müraciət etdik, dedilər ki, sizin övladınız döyüşə könüllü gedib, ona şamil edilmir. Biz bilmiş olduq ki, vətən üçün könülsüz döyüşmək lazım imiş”.

Kürdəmirin Qaraqocalı kəndinin sakini Gülnar Zamanova belə deyir.

Onun oğlu Sehran Qəniyev 15 yaşında evdən qaçıb könüllü Qarabağa döyüşməyə gedib. Bir neçə aydan sonra isə döyüşdüyü kənddə mühasirəyə düşərək həlak olublar. Ana deyir ki, bəli, oğlu Qarabağa könüllü gedib. O, bunun qarşısını dəfələrlə alıb. Ancaq günün birində qaçıb və sadəcə gedib:

Vətənpərvər uşaq idi. Qarşısını ala bilmədim. Getdi və şəhid oldu. Buna sözüm yoxdu. Anası kimi həmişə fəxr etmişəm onunla. Bilirəm, onsuz da elə oğulu Allah adama sonacan verməz. Musiqiyə, idmana gedirdi. Tərbiyəli, ağıllı, hamı başına and içirdi. Mənə kömək edirdi, vətənpərvər, sevgi dolu bir uşaq idi. Mənə təsir edən ayrı-seçkilikdir. O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər? Sehran şəhid sayılmır ki, nə məsələdir? Bütün bunlar da bir ana kimi mənə pis təsir edir. Şəhidi ayırmazlar, prezident bir sərəncam, bir qərar veribsə, sonacan versin. Bu işi layiqli şəkildə yerinə yetirsin”.

Gülnar Zamanova oğlunun döyüşə getdiyi vaxtları xatırlayır. Deyir, 1992-ci ilin iyulunda gedib. Müharibənin ən qızğın vaxtlarında ön cəbhədə 41 gün döyüşüb. Bir gün evlərinə də gəlib:

Avqustun 14-də gəldi. Elə bircə gün qaldı. 15-də tələsik getdi. Yalvardım-yaxardım, dedim, bala, sənin məktəbə gedən vaxtındır, uşaqsan, nə işin var səngərdə, müharibədə? Dinləmədi, qaçıb çıxıb getdi. Ağdərənin Çaylı kəndində döyüşürdü. Getməyi ilə ölümü bir olub. Elə getdiyi günün axşamı döyüş olub. Ermənilər bunların olduğu yeri mühasirəyə alıb, hamını qırmışdılar. Hətta meyitlərini 24 saat sonra çıxarmaq mümkün olmuşdu”.

Gülnar Zamanova deyir ki, belə bir şəraitdə həlak olan, vətənini sevib, könüllü döyüşə gedən birinə qarşı ayrı-seçkilik etmək günahdır:

Həm şəhidin özünə, həm də ailəsinə qarşı böyük haqsızlıqdır. Mənim ana kimi çəkdiyim əzablar hər hansı maddiyyatla ölçülmür. Həmin günü xatırlayıram. Qapıya gəldilər. Nəsə dedilər, yoldaşım təcili getdi. Evdə də heç nə demədi. Sonra zəng etdi ki, get qardaşıngilə, gələcəyəm ora. Getdim ki, 4 tabut var ortada. Oğlum, qardaşımın oğlu, bibim oğlu və bibimin nəvəsi. Hamısı eyni yerdə döyüşürdülər. Birdən öldürüblər. Soruşdum, nolub, kimdi bunlar? Dedilər, ay bədbəxt, elə biri sənin balandı. Ayaqlarım tutuldu, elə bildim ölürəm. Üstünə ölüm kağızı yapışdırmışdılar. Adını oxuyanda dünyam dağıldı, qaldım altında”.

Gülnar Zamanova deyir ki, dövlət şəhidlərin ailələrinə birdəfəlik müavinət verdi, onların ailələrinə təşəkkür etdi:

Anlaya bilmirəm, bizim övladımızın canı can deyil? Mən ana deyiləm? Oğul itirməmişəm? Bu, nə ayrı-seçkilikdir belə? Bizim qapımızı açan olmadı. Nədi ki, oğlum hərbiyə gedəndə 16 yaşı tamam olmamışdı və könüllü getmişdi. Beləsini daha da baş tacı etməkdən, deyirlər, könüllüdür, ona düşmür. Nə bilim, yaxşı oğul olmaq üçün könülsüz döyüşmək lazım idi? Bu adam torpağını sevirdi, vətənpərvər idi. Ona görə belə hörmət qoyurlar?

Meydan TV məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib.

2019-cu ilin əvvəli prezident İlham Əliyev 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutan Fərman imzalayıb.

Ağdərə 1992-ci il

Ağdərə 1992-ci il

Mənbə: Meydan Tv






Fikirlər