Millət vəkilindən “velosipedlər nömrələnsin” paylaşımı ilə bağlı AÇIQLAMA...

Bu gün Milli Məclis üzvü Emin Hacıyev haqqında sosial şəbəkələrdə məlumat paylaşılıb.

Medianews.az xəbər verir ki, paylaşımda millət vəkilinin adından “Velosipedlər nömrələnsin. Sürücülər qaydanı pozanda cərimələnsin” sözləri paylaşılıb.

Sözügedən paylaşımla bağlı millət vəkili açıqlama verib. O, həmin fikirlərin ona aid olmağını bildirərək təkzib edib.

Mİllət vəkilinin açıqlamasını olduğu kimi təqdim edirik:

“Pravda.az saytına yol hərəkət qaydalarını pozan hərəkət iştirakçıları ilə bağlı verdiyim müsahibəmi sizə təqdim edirəm:

“Bu gün ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Xüsusilə də iqtisadiyyatımızda yüksək artım tempi müşahidə olunur. Bunun nəticəsidir ki, paytaxtımızda mütəmadi olaraq yeni müəssisələr açılır, iş yerləri yaradılır.

Bu sevindirici hal olsa da şəhərdə əhalinin cəmləşməsi nəticəsində yollarda tıxac və sıxlıq artır. Belə olan halda vaxt və qənaət baxımından əlverişli olduğu üçün moped, skuter və velosiped kimi kiçik qabaritli nəqliyyat vasitələrinə tələbat artır. Kiçik qabaritli nəqliyyat vasitələrinin istifadəsinin aktuallığı xüsusən pandemiya dövründən sonra artmışdır. Sağlamlığın qorunması və pandemiyanın yayılmasının qarşısını almaq üçün insanların sərbəst şəkildə küçədə hərəkətinə məhdudiyyətlər qoyulduğu bu dövrdə kafe, restoran, ictimai iaşə obyektləri öz fəaliyyətlərini çatdırılma xidməti vasitəsilə davam etdirirdilər. Çatdırılma xidməti pandemiya dövründə bütün dünyada aktuallaşaraq öz vacibliyini bu gün də davam etdirir.

Lakin burada əsas məsələ yol hərəkəti zamanı təhlükəsizliyin qorunmasıdır. Müşahidələr onu göstərir ki, bir çox moped istifadəçiləri dəbilqədən istifadə etmir, yol hərəkəti qaydalarına riayət etmir, yol nişanlarına məhəl qoymayaraq təhlükəli manevrlər edirlər. Təəssüf ki, bəzi hallarda bu hərəkətlər yol qəzaları ilə nəticələnir. Hesab edirəm ki, bununla bağlı Milli Məclisin plenar iclasında da qeyd etdiyim kimi mopedlərə dövlət qeydiyyat nişanı tələbi qoyulmalıdır. Bu sahədə yeni tənzimləmələrə ehtiyac vardır. Bildiyimiz kimi piyadalar da yol keçid qaydalarını pozan zaman onlara müəyyən cərimə tətbiq olunur. Düşünürəm ki, moped, velosiped və skuter istifadəçiləri hərəkət zamanı yol hərəkəti iştirakçılarına təhlükə törədərlərsə bu zaman onlara müvafiq cərimə tətbiq olunmalıdır.

Bildiyimiz kimi velosipedlərə dövlət qeydiyyat nişanı tətbiq edilmir. Lakin velosipedi idarə edən şəxs yolda hərəkət zamanı işıqforun siqnalına riayət etmirsə yaxud yol hərəkəti nişanlarına məhəl qoymursa o digər hərəkət iştirakçıları üçün təhlükə yaradır və beləliklə buna uyğun cərimələrin tətbiqini zəruri hesab edirəm”.






Fikirlər