"Mənə o qədər pul ayrılsa, dünya mediasında fırtınalar əsdirərəm” — Azər Həsrət Bəxtiyar Sadıqovu “TOPA TUTDU”
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qəzetə 1,5 milyon manat sistemli maliyyə yardımı edilməsini istəyib.
Deputat bildirib ki, əks təqdirdə qəzetin çapını dayandırmalı olacaq.
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, qeyd edilən məbləğ elə də az deyil:
"Şəxsən mənə o qədər məbləğdə pul ayrılsa, nəinki Azərbaycan, dünya mediasında da fırtınalar əsdirərəm. Yəni, bu, böyük məbləğdir. Belə bir məbləğə iddia edən media orqanı əslinə qalanda cəmiyyətin tam da önündə olmalı idi. Amma bu gün "Azərbaycan" qəzeti o mövqedədirmi?
Ümumiyyətlə, "Azərbaycan" qəzeti ötən bu illər ərzində ictimai rəydə nə qədər öndə olub?
Faktiki olaraq olmayıb, görünməyib. Dövlət davamlı şəkildə ona pullar ayırıb. Amma bu qəzetin varlığı ilə yoxluğunu bilmirik. İctimai rəydə ciddi müzakirələrə səbəb olan yazıları ilə gündəmdə olmayıb. Ara-sıra, ildə bir dəfə olub ki, onun üçün də 1,5 milyon ayırmağa ehtiyac yoxdur. Onu şəxsən mən oturduğum yerdə feysbuk hesabımda da edirəm. Yəni, bunun üçün əlavə pula ehtiyac yoxdur.
Sözümün canı odur ki, "Azərbaycan" qəzeti dövlət qəzetidir, Milli Məclisin orqanıdır, maliyyəlişməlidir. Əgər maliyyələşirsə, sən də yerində oturub köhnə hamam, köhnə tas ilə işləməməlisən. İrəli getməlisən, yeni texnologiyalardan istifadə etməlisən".
Ekspert əlavə edib ki, qəzetin əsas məqsədi ictimai rəyə təsir etməkdir:
"Şəxsən mən media sahəsində az-çox, hər halda ortalıqda olan birisi kimi deyirəm ki, "Azərbaycan" qəzeti ictimai rəydə yoxdur. Nəsə bir hadisəyə, baş verənlərə bu qəzetin hansısa şəkildə reaksiya verdiyini, təqdim etdiyini görmürəm. Bu gün zaman dəyişib.
Düşünürəm ki, qəzetin ümumi siyasəti kökündən dəyişməlidir. Necə ki, "Xalq qəzeti"ni Əflatun Amaşov gələndən sonra kökündən dəyişdirdi, zamanla ayaqlaşdırmağa başladı. Əgər "Azərbaycan" qəzeti bunu edərsə, ona əlavə dəstək verilməlidir. Bunu etməyəcəksə, isti kabinetdə oturub sabit bir gəlir əldə etmək fikri ilə bu pulu istəyirlərsə, mənə elə gəlir ki, dövlətin vəsaitini boşuna xərcləməyə dəyməz.
Dediyim kimi, bu məbləği mənə versəydilər nəinki Azərbaycanda, hətta dünya mediasında da fırtınalar əsdirərdim.
Təəssüf ki, bu pullar bizim kimi real adamlara ayrılmır. Amma isti kabinetlərindən bayıra çıxmayan adamlara isə illərlə böyük məbləğlər ayrılır. Nəticə isə göründüyü kimi, göz önündədir. O baxımdan o vəsaitin ayrılmasına da gərək yoxdur".