Qazi icra hakimiyyətinin qarşısında maşınını yandırdı - VİDEO
Qazi Elnur Səmədov ona verilən avtomobili yandırıb. "Yeni Sabah" xəbər verir ki, qazi bu addımı Qaradağ Rayon İcra Hakimiyyətinin ona laqeyid münasibətinə görə atdığını bildirib. Qazi avtomobili elə icra hakimiyyəti önündə yandırıb. *** Hadisə ilə bağlı İH açıqlama yayıb. Açıqlamada bildirilir ki, Qaradağ rayonu Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 12, mənzil 40 ünvanında qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30.10.1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 9 ünvanında yerləşən Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırıb. Məlumata görə, qazinin tələbləri ondan ibarətdir ki, səhhəti ilə əlaqədar Türkiyə Respublikasında müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılması olub. "Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır və 1-qrup əlillik təyin olunmuşdur. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və Prezident təqaüdü ödənilir.27.08.2021-ci il tarixində maşın,12.11.2021-ci il tarixində iki otaqlı mənzillə təmin edilmişdir. Yaşat fondu tərəfindən müalicələri həyata keçirilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılmış və müraciətlərinin həlli üçün müvafiq köməkliklər göstərilmişdir", - deyə Qaradağ RİH-dən bildirilib.