Deputatla hərbçi arasında Ağdam və şəhid mübahisəsi böyüdü - Qarşılıqlı ittihamlar...
“Mən Ədalət Verdiyevi təhqir etməmişəm, onun əleyhinə söz danışmamışam. Sadəcə, Heydər Əliyevə istinad olaraq demişəm ki, Ağdam 6 min şəhid verib”. Bu sözləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas hərbi ekspert Ədalət Verdiyevlə aralarında olan problemlə bağlı danışarkən deyib. O bildirib ki, Ə.Verdiyevə xəbəri yanlış çatdırıblar: “Bilmirəm ona sözü hansı formada çatdırıblar. Ağdamlıların toyunda çıxış edən zaman demişəm ki, “Ədalət Verdiyev deyir Ağdam 1200 şəhid verib, amma Ağdamda 6 min şəhid olub”. Yenə deyirəm – mən Heydər Əliyevə istinad etmişəm. Görünür, Ədalət çıxışlarımı izləməyib. Mənim hər zaman dediyim bir söz var: Əsl ağdamlı Qazaxdan, Gəncədən, Naxçıvandan, Qubadan, Lənkərandan, Kürdəmirdən gəlib Ağdamda öləndir, mən də ağdamlı olsam, orada ölməli idim”. A.Abbas deyib ki, Ədalət Verdiyev hörmət etdiyi ekspertdir: “Amma o, mənim ailəmin adını hallandırmaqla səhv edir. Mən Birinci Qarabağ müharibəsində 6 il, yəni 1988-ci ildən 1994-cü ilə kimi Ağdamda, Tərtərdə səngərlərdə olmuşam, minlərlə də şahidim var. Pulumla, sursatla, ərzaqla yardım etmişəm. Vətən müharibəsində də 44 günün ən azı 1 ayını Füzuli, Ağcabədi, Ağdam, Tərtər rayonlarında şəhid dəfnində iştirak etmiş, getdiyim hər şəhidin, qazinin, döyüşçünün evinə də bacardığım qədər pay aparmışam. Ədalət mənim oğlanlarımın müharibəyə getmədiyini deyir. Qeyd edim ki, oğlumun ikisi də polkovnik-leytenant rütbəsi daşıyır. Biri hərbçi, digəri isə polisdir. Onlar nazirə tabedirlər, Aqil Abbasa, öz ağıllarına yox. Səhər onları işləmək üçün Laçına göndərsələr, ikisi də gedəcək. Özbaşına müharibəyə getmək olur?!”. Deputat deyib ki, Ə.Verdiyev müharibədə iştirak edib: “Ədalət Ağdamda torpaq uğrunda vuruşanlardandır, hörmət də edirik, xanımı da ağdamlıdır. Axı söz-söhbət nəyə lazımdır? Lap Ağdamın 6 min yox, 100 şəhidi var. Bu nəyi dəyişəcək? Statistikaya baxaq görək Ağdamdan çox şəhid verən var? Heç şəhidlərin hamısı siyahıya alınmayıb. “Fred Asif” kimi tanınan qəhrəmanımız, komandir batalyon olan Asif Məhərrəmov şəhid statusu almadı”. A.Abbas deyib ki, Ə.Verdiyevi qəti şəkildə təhqir etməyib: “Sadəcə, yazımda da qeyd etmişdim ki, ara qarışan kimi Ağdamın adı çəkilir, bu da ağdamlıların xətrinə dəyir. Ona görə də demişəm ki, deyəsən, Ağdamın daşı ağırdır. Vəssalam!” Aqil Abbas deyib ki, bu sözləri toyda deməkdə pis məqsədi olmayıb: “Ağdamlı məclisi, qazi oğlunun toyu idi. Təbrik edən zaman Ağdamla və ağdamlılarla bağlı xoş sözlər deyəndə demişəm ki, “Ədalət Verdiyev də deyir ki, Ağdamın 1200 şəhidi var”. İndi Ədalətə söhbəti necə çatdırıblar, bilmirəm. Facebook səhifəsində haqqımda paylaşım edib, hamı da məni söyür”. Globalonfo.az hərbi ekspert Ədalət Verdiyevlə də əlaqə saxlayıb. O, bildirib ki, toya təzə ailə quran gənclərə xeyir-dua vermək üçün yığışırlar, bəy-gəlini təbrik etmək üçün gedirlər: “Aqil müəllimin Ağdam əhalisinin iştirak etdiyi toyda məni müzakirə etməsini və Heydər Əliyevə qarşı qoymaq cəhdini qəbul etmirəm. Mən Aaqil Abbasdan fərqli olaraq Heydər Əliyevin də, İlham Əliyevin də rəhbərliyi altında cəbhədə döyüşmüşəm. 1992-dən 1997-yə qədər 5 il fasiləsiz Ağdamda xidmət etmişəm, bir dəfə Aaqil Abbası qərargahımızda belə görmədim. Heydər Əliyevin səsləndirdiyi rəqəmə gəlincə, bu, Ağdam uğrunda gedən döyüşlərdə həlak olanların ümumi sayı ola bilər, lakin bunun da rəsmi təsdiqi yoxdur”. Hərbi ekspert deyib ki, əgər A.Abbasın əlində belə bir statistika varsa, qoy rayonlar üzrə açıqlasın: “Birinci Qarabağ müharibəsində Ağdam qeydiyyatında olan 1027 şəhidi var. Onun 290 nəfəri mülki şəxslər, qalanları isə hərbçi və polislərdir. Bu məlumatlar həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həm də Ağdam rayon İcra Hakimiyyətində mövcuddur”. Ə.Verdiyev deyib ki, Birinci Qarabağ müharibəsində 11557 nəfər şəhidimiz olubsa, onun 6 mininin Ağdamda olması da məntiqə çox uyğun gəlmir: “O zaman digər rayonlara ümumi şəhidlərin az bir hissəsi qalmış olur. Biz şəhidin çox olması ilə deyil, az olması ilə öyünməliyik. Hər bir şəhid ev, el, oba, kənd üçün böyük bir itkidir, daimi bir atəşdir ki, eli, obanı ocağı daim yandıracaq”.