GÜLAĞA TƏNHA 100 MANAT CƏRİMƏ ÖDƏYƏCƏK: İDDİASI İSƏ RƏDD EDİLDİ!
Xəbər verdiyimiz kimi, Qənbərov Gülağa Məmi oğlu Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək bildirmişdir ki, guya tezadlar.az saytının 02 noyabr 2022-ci il tarixli buraxılışında yayımlanmış «Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı» başlıqlı məlumat xarakterli xəbərdə (https://tezadlar.az/index.php/en/agenda/13189-gulaga-t-nhanin-b-xti-yar-vahabzadi-yalanlari-sok) onun "...işgüzar nüfuzuna xələl gətirilən məlumatlar yayımlanmış, böhtan xarakterli qərəzli məlumatlar əks etdirilmiş, iddiaçı barədə həqiqətə uyğun olmayan aşağılayıcı ifadələr işlədilmiş, onun şərəf və ləyaqətini alçaldan yazılar (???.Red.) dərc edilmişdir..." və sair. Ötən iclasların birində Gülağa Tənhanın vəkili Ağalar Quliyev vəsatət qaldırmışdı ki, linqivistik ekspertiza təyin edilsin... Hakim vəsatəti təmin etmişdi... Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olan ekspert rəyində isə Gülağa Tənhanın gözləntiləri puç olmuşdu. Və bəlli olurdu ki, Gülağa Tənhanın iddialarl absurd və əsassız, mənasızdır. Belə ki, Mərkəzin Əlyazmalar və Səslərin ekspertizaları şöbəsinin aparıcı eksperti, filologiya üzrə fəlsəfə doktoru Almaz Bayramovanın rəyində deyilir: "1.İş materiallarında olan "Gülağa Tənhanın Bəxtiyar Vahabzadı yalanları" başlıqlı məqalənin məzmununda və həmin məqalədə işlədilən ifadələrdə Qənbərov Gülağa Məmi oğlunun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən təhqiredici məlumatlar müəyyın olunmadı. 2.Göstərilən yazıda əks olunmuş məlumatlar ictimai qınağa dəstək və bildirilən məlumatlara etiraz olaraq ifadə edilmişdir". Vəkil Ağalar Quliyev: "Bu gün prosesim olduğu üçün iclasa gəlmədim..." Lakin vəkil heç bir səbəb göstərmədən ötən məhkəmə iclasına gəlməmişdi... Bununla belə hakim növbəti, yəqinki sonuncu iclası bu günə- 2023-cü ilin 3 iyul saat 11:30- a təyin etmişdi. Bu gün də vəkil Ağalar Quliyev heç bir obyektiv, üzürlü səbəb göstərmədən və məhkəməyə təkrarən hörmətsizlik edərək məhkəmə iclasına gəlmədi... "Təzadlar"ın baş redaktoru Asif Mərzili bu günkü məhkəmə prosesi barədə bunları dedi: -Gülağa Tənhanın vəkili Ağalar Quliyev bilərəkdən əsassız iddia ərizəsi tərtib edərək neçə aydır məhkəmənin də, bizim də vaxtımızı almaqdadır... O, bu gün də məhkəməyə hörmətsizlik nümayiş etdirdi. Mən vəsatət qaldıraraq hakimdən xahiş etdim ki, məhkəməyə ikinci dəfədir hörmətsizlik edən, üzürlü səbəb göstərmədən iclaslara gəlməyən vəkilin barəsində xüsusi qərardad çıxarılsın və Vəkillər Kollegiyasına göndərilsin... Lakin hakim məhkəmə iclas katibinə vəkilə zəng edib niyə iclasa gəlməməsinin səbəbini öyrənməsini tapşırdı... Beləliklə, iclas zalından vəkilə zəng olundu. Ağalar Quliyev isə telefonda dedi ki, "Prosesim olduğuna görə gəlmədim...". Bu artıq məhkəməyə hörmətsizlik idi... Nəticədə hakim mənə söz verdi, iddia tələbinin əsassız, başqatma olduğunu çıxışımda ətraflı bildirdim. Xüsusilə qeyd etdim ki, Gülağa Tənhanın əsas məqsədi budur ki, "Təzadlar"da yayımlanmış "Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı..." başlıqlı tövsiyyə xarakterli xəbər saytdan götürülsün, buna isə heç bir məntiqi və hüquqi əsas yoxdur... -Bəs məhkəmənin yekun qərarı nə oldu? -Hakim Şəhriyar Əliyev müşavirəyə getdi və az sonra qayıdaraq Azərbaycan Dövlətinin adından qərarını elan etdi: "1.Gülağa Məmi oğlu Qənbərovun iddiası rədd edilsin. 2.Ekspertiza xərci kimi 100 manat Gülağa Məmi oğlu Qənbərovdan tutulsun!". XXX -Təəssüflər olsun, iddiaçı öz ərizəsində istinad etdiyi «Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı» başlıqlı məlumat xarakterli xəbəri qəsdən məqalə, bəzən isə məqalələr kimi təqdim etməklə məhkəmədə yalnış təsəvvür yaratmağa çalışmış, xüsusən də həmin xəbərin kontekstindən çıxardığı bəzi ifadələri özünün işgüzar nüfuzunun ləkələnməsi kimi qələmə vermiş, adı çəkilən xəbərin yazılmasına səbəb olan faktı isə qəsdən məhkəmədən gizlətmişdir. Belə ki, bütün bunlar bu gün hakim Şəhriyar Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin növbəti hazırlıq iclasında bəlli oldu. Mən izah verəndə ki, mübahisələndirilən xəbər və Gülağa Tənhanın bu xəbərin yazılmasına səbəb olan videoçıxışı iddia ərizəsinə əlavə edilibmi? Məlum oldu ki, yox. Odur ki, hakim də təəccüb qaldı və mən adı çəkilən və məhkəmə mübahisəsinə səbəb olan xəbəri hakimə təqdim etdim. Hakim həmin xəbəri oxuyandan sonra bir daha məlum oldu ki, qeyd olunan xəbərdə heç bir ifadə iddiaçının şərəf və ləyaqətini zərbə altına qoymayıb, yaxud aşağılamayıb. Onu da qeyd edim ki, «Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı» başlıqlı məlumat, əslində, mətndən də göründüyü kimi tövsiyyə xarakterli xəbərdir, məqalə deyildir. Hansı ki, Gülağa Məmi oğlu Qənbərovun özü tərəfindən, öz səsi və görüntüsü ilə yazılmış və 31 oktyabr 2022-ci ildə YouTube sosial platforma üzərindən yayımlanmış videoçıxışına istinadla qələmə alınmışdır. Belə ki, Qənbərov Gülağa Məmi oğlu qəsdən tövsiyyə xarakterli xəbərin nəyin əsasında, nə üçün, hansı səbəbdən yazlımasını məhkəmədən gizlətmişdir. Axı mübahisələndirilən həmin xəbərdə hər şey aydın şəkildə istinadla verilmiş və Gülağa Qənbərova özünün yayımladığı video çıxışında Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadə və şairin ailəsi haqqında söylədiyi təhqir və aşağılayıcı ifadələrinə tövsiyyə xarakterli müraciətimiz aydın şəkildə öz əksini tapmışdır (G.Qənbərovun məlum təhqiramiz videoçıxışının linki təqdim olunur: https://www.youtube.com/watch?v=w_znGsHFiVw). O ki qaldı Gülağa Məmi oğlu Qənbərovun iddiasına, aşağıda onun məhkəmədən gizlətməyə çalışdığı və «Gülağa Tənhanın Bəxtiyar Vahabzadə yalanı» başlıqlı məlumat və tövsiyyə xarakterli xəbərin yayımlanmasına səbəb olan videoçıxışının əsas tezislərini təqdim edirik: «Gülağa Məmi oğlu Qənbərov videoçıxışında üzünü V.Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadəyə tutaraq deyir: -Mən o vaxt bir çox ziyalılara kömək edirdim. Eyni zamanda Bəxtiyar Vahabzadəyə də. Bəxtiyar Vahabzadəyə göstərdiyim qayğını heç onun oğlu İsfəndiyar Vahabzadə göstərməyib. -Bu gün mən İsfəndiyar müəllimə səslənirəm: hörmətli İsfəndiyar müəllim! 1998-ci ildən başlayaraq atanız Bəxtiyar Vahabzadə ölənə kimi siz harda idiniz? -Niyə ona dərman almırdınız? -Niyə ona yetərincə ərzaq almırdınız? -Niyə onun kitablarını çap etdirmirdiniz? Niyə siz ona qayğı göstərmirdiniz? Hətta mən ona masajistinə qədər təşkil edirdim. Amma bu, bir oğul kimi vəzifə borcunuz idi. -Siz atanıza qayğı göstərməmisiniz. Əgər siz atanıza qayğı göstərməmisiniz, onun o çətin günlərində gəlib onunla yanaşı dayanmamısız, ananızın qayğısına qalmamısınzsa, siz bu gün Azərbaycan xalqına nə oğulluq edə bilərsiniz? Siz Azərbaycan millətinin necə qayğısına qala biləsiniz? -Sizin atanızın Prezident Aparatının yanındakı evində mən ən azı 100 dəfə olmuşam. -Sizin rəhmətlik ananız dəfələrlə mənə çay dəmləyib, ləzzətli Şəki yeməkləri bişirib… -Mən Bakıda olanda gəlib Bəxtiyar müəllimə baş çəkirdim, qayğı göstərirdim… Onun kitablarının çapında ona kömək edirdim. -Bu gün özünüzə dost seçdiyiniz, rüşvətxor, Azərbaycan xalqını uçuruma aparan, hətta süpürgəçidən belə 300-500 manat almadan onu işə qəbul etməyən keçmiş səhiyyə naziri Əli İnsanovla əlbir olmağınız, dostluq etməyiniz bunu göstərir ki, siz də onun səviyyəsində bir adamsınız. -Əgər atanız sağ olsaydı, bu gün sizin o bazar səviyyəli çıxışınızı eşitsəydi, bəlkə də xəcalətindən özünü asardı. -Cənab prezident kimi nə səbəbdən vəzifəsindən azad edib, bu cənab prezidentin işidir… Ona görə də cənab prezidentə şər-böhtan atmaq, dövlətə, dövlətçiliyə zidd getmək bu ən azı kişiliyə yaraşan bir iş deyil». Məhkəmənin diqqətinə çatdırdım ki, Gülağa Məmi oğlu Qənbərov iddia təqdim edəndə məhz bu videoçıxışını qəsdən, məqsədli şəkildə gizlətmişdir. Belə ki, o, iddia ərizəsində guya özünün işgüzar nüfuzunun ləkələndiyini bildirir. Amma özü YouTube üzərindən yayımladığı bu videoçıxışı ilə Türk dünyasının ustad şairi, Ulu Öndər Heydər Əliyevin yaxın dostu və silahdaşı olmuş, Prezident Təqaüdçüsü, «İstiqlal» və «Şərəf», «Şöhrət» ordenli, Akademik, Xalq şairi Bəxtiyar Vahabzadənin ailə şərəfini aşağılayan, təhqir edən ifadələr işlətmişdir. -Asif müəllim, bəs Bəxtiyar Vahabzadənin ailə üzvləri bu təhqirlərdən xəbərdardırmı? -Bəli, onlar bu barədə biz məlum xəbəri paylaşandan sonra xəbər tutublar, mənə Bəxtiyar müəllimin övladları- Azər Vahabzadə, qızı Gülzar Vahabzadə və digər oğlu İsfəndiyar Vahabzadə zəng etdilər, Tənhanın bu yalanlarından əsəbləşərək təəssüfləndilər. Bildiyim qədər məhkəməyə hazırlaşırlar. Çünki videoçıxışında Gülağa Qənbərov deyir ki, guya Bəxtiyar Vahabzadənin evində 100 dəfə olmuşdur. Onun məlum video çıxışını izləyən oğlu Azər Vahabzadə (qızı Gülzar Vahabzadə və digər oğlu İsfəndiyar Vahabzadə də) mənimlə söhbətində dedi ki, «Əvvəla, mən səhhətimlə bağlı hər gün nahar vaxtı Baş Prokurorluqdakı iş yerimdən atamgilə gedirdim və anamın bişirdiyi pəhriz yeməyini yeyirdim. Hər dəfə də soruşdurdum ki, kim gəlib, kim zəng edib və s. Bir dəfə də olsun Gülağa adlı adamın adını eşitməmişəm. Atamın evində 100 dəfə olmaq, il ərzində bu 3 gündənbir deməkdir. Necə olub ki, mən hər gün o evdə oluram, amma bir dəfə də Gülağa adlı şəxsi orada görmürəm? İkincisi, G.Qənbərov yalan və təhqiredici ifadələri ilə deyir ki, guya atamın ərzağını, dava-dərmanını alırmış, müalicəsini etdirirmiş, kitablarını çap etdirirmiş. Bunun hamısı yalan və böhtan, ailəmizin təhqir edilməsi, nüfuzunun heçə endirilməsidir. Atam Bəxtiyar Vahabzadə Prezident Təqaüdçüsü, «İstiqlal» və «Şərəf», «Şöhrət» ordenli, Akademik, professor və Xalq şairi idi. Onun aylıq təqaüd və mükafatları təxminən ən azı 8 min manat edirdi. Üstəlik, mən Baş Prokurorluğun Baş İstintaq İdarəsinin rəisi idim, qardaşım İsfəndiyar Vahabzadə isə səfir, bacım Gülzar Vahabzadə yüksək maaşlı sahədə çalışırdı, kürəkənimiz Ziya müəllim isə Bakıdakı məşhur 5 saylı Klinik Xəstəxananın baş həkimi idi. Sual olunur: biz bu qədər imkan və vəzifəli olaraq, harada idik ki, Gülağa Qənbərov adlı bir şəxs Bəxtiyar Vahabzadənin çörəyini alırmış, dava-dərmanını gətirirmiş? Bu iddialar nəinki bizim ailəyə, atamız-Xalq şairi Bəxtiyar Vahabzadə ocağına qarşı ağır təhqir və böhtandır. Eləcə də, Gülağa Qənbərov həmin videoçıxışı ilə Dövlətimizin və Ulu Öndər Heydər Əliyevin yaxın dostu və silahdaşı, məslək yoldaşı Bəxtiyar Vahabzadəyə göstərdiyi diqqət və qayğısını heçə endirib. Və o, bununla həm də dövlətin bütün Türk dünyasında tanınan və sevilən bir Xalq şairini nəinki Allahın, hətta Gülağa Qənbərov adlı birinin ümidinə buraxması kimi utanverici iddianı ortaya qoyur. Biz bütün buş ər və böhtanla bağlı ölkə rəhbərliyinə, aidiyyəti dövlət qurumlarına müraciət hazırlamışıq. Mən Gülağa Qənbərovun bizim evdə bircə dəfə olduğunu bilirəm, o da onun atamın dövlət vəsaiti hesabına çap olunmuş kitabının iç səhifəsinə «Kitab Gülağa Qənbərovun vəsaiti hesabına çap olunmuşdur» yalan sözlərini yazması ilə bağlı idi, atamın sərt etirazından sonra bizə gəlmişdi. Deyəsən, Sizinlə gəlmişdir...». Əlavə şərhə ehtiyac varmı? "Təzadlar"ın Araşdırma Qrupu
Xatırladırıq ki, qəzetin Baş redaktoru, Türk Dünyası Jurnalistlər Birliyinin üzvü, Türkiyənin anadoluyakasihaber.com və ilkhavadis.com və camlicavadisi.com.tr saytlarının köşə yazarı Asif Mərzili Gülağa Tənhanın bu absurd iddiasl ilə bağlı bir müddət əvvəl TezadlarTV-yə belə açıqlama vermişdir: