Prezident Mirşahinin sualını belə cavablandırdı - VİDEO
Ötən gün “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev forumda iştirak edib və sualları cavablandırıb. Dövlət başçısına sual verənlər arasında xarici media nümayəndələri ilə yanaşı “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev də olub. O, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”nın qarşısında duran vəzifələr sırasında məhz dezinformasiyalarla mübarizədən ötrü Siz bizdən nə tələb edirsiniz? Çünki Siz bizi Qələbəyə gətirmisiniz. Bizim media mübarizəmizdə də önümüzdə Siz oldunuz və Azərbaycanın informasiya blokadasının yarılmasında əsas açar şəxs Siz oldunuz. Biz Sizin ardınızca getdik. Ona görə də Sizdən bu məsələdə tövsiyə istəyirəm" sualını səsləndirib. Prezident isə onun sualına maraqlı cavab verib: “Sözün düzü, mən bundan bir qədər uzağam. Çünki Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir, bu, birincisi. İkincisi, siz özünüz hər şeyi yaxşı bilirsiniz və mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, yenə də media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir. Ona görə media nümayəndələrinə mənim tövsiyəm budur ki, ancaq belə də davam edin”.“Qafqazinfo” Həmin görüntüləri təqdim edirik: