Kişi döydü, qadın şikayət etdi, sonra barışdı, vəssalam? Bəlkə, qanunvericilik sərtləşdirilsin?
“Hüquq-mühafizə orqanlarına şikayət daxil olduğu andan onlar hüquqi prosedura tətbiq etməlidir”. Bunu Yenisabah.az-a hüquqşünas Ələsgər Əhmədoğlu bildirib. Onun diqqətinə ailədaxili zorakılıqla bağlı şikayətlər və bundan əziyyət çəkən qadınların sonradan şikayət ərizələrini geri götürməsi çatdırılıb. Bu cür hadisədən sonuncusu Şəmkir rayonunda baş verib. Şikayət ərizəsini geri götürən qadın onu yumruqlayan ərinin üzr istədiyini və barışdıqlarını bildirib. Bundan sonra cinayət təqibinə xitam verilib. Bu məsələ xeyli müzakirə yaradır, bəziləri düşünür ki, qanunvericilik sərtləşdirilməlidir. Ələsgər Əhmədoğlu bildirib ki, bu tip məsələlərin çox vaxt ailə daxilində həll edilməsinə üstünlük verilir: “Bu məsələ çox ciddi ictimai müzakirəyə ehtiyacı olan məsələlərdən biridir. Çünki məişət zorakılığı adından da göründüyü kimi, ailə içərisində məruz qaldığı şiddəti, yaxud basqını xatırladır. Ailə içində olduğu üçün bəzən ailənin hər hansı xırda, böyük zorakılığa görə dağılması ilə dəyən zərər arasında bir balans qurulur və təəssüf ki, çox vaxt bunun hüquq müstəvisində yox, ailə içərisində həll olunmasına üstünlük verilir. Bu həm ailələrdə ümumi yanaşmada belədir, həm də hüquq-mühafizə orqanları bu məsələlərin heç də həmişə hüquq müstəvisində həllində maraqlı olmur. Bəzən hətta onlar özü arada barışdırıcı mövqe tutan tərəf kimi çıxış edirlər. Bu isə hüquq baxımından o qədər də normal deyil. Çünki hüquq-mühafizə orqanlarına şikayət daxil olduğu andan onlar hüquqi prosedura tətbiq etməlidir. Onlar tərəflərə konsultasiya, məsləhətverici tərəf deyil. Bu cür davranmaq hüquq sisteminin içərisində mövcud deyil. O, mental əsaslardan doğan təşəbbüsdür”. Qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı çağırışlara dair fikirlərini bölüşən hüquqşünas buna ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, problem həllini humanist yollarla tapmalıdır: “Əvvəlcə şikayət ərizəsi verib, daha sonra şikayəti geri çəkib cinayət işinə xitam verilməsi məsələsinə, mövcud hüquq sistemi bunu belə tələb edir. Fərd şikayətçi olmadıqdan sonra cinayət işinə xitam verilir. Qanunvericilikdə dəyişiklik edilə bilər. Qanunvericilikdə bu trend yüksəlirsə, cəmiyyətdə rahatsızedici vəziyyətə çatırsa, o zaman bunu dəyişib daha sərt qanunlar gətirilə bilər. Amma başqa bir məqam da son 15 ildə boşanmaların sayının 5 dəfə artmasıdır. Bu da ailə sistemini ciddi şəkildə təhdid edən məsələlərdəndir. Qanunvericiliyin sərtləşdirmədən öncə cəmiyyətin fikri nəzərə alınmalıdır. Bütün detallar nəzərə alınaraq ortaya detallı araşdırmalar qoyularsa, sonda bununla bağlı yekun qərar verilə bilər. Amma indiki halda onsuz da bizdə istər cinayət hüquq, istər cinayət prosessual hüququ, istərsə Cinayət Məcəlləsi çox sərtdir və hər xırda məsələyə görə cəzalar müəyyən edilir. Məsələn, istənilən bəsit məsələdə şəxsin dərhal inzibati həbsə aparılması, yazdığı bir statusa görə həbs edilməsi, jurnalistin yanlış yazdığı ehtimal edilən cümləyə görə inzibati həbsə atılması çox sərtdir. Mövcud qanunvericiliyi daha da sərtləşdirək deyə çıxış etsək, bu adekvat olmaz. Humanizm prinsipləri çərçivəsində çözümlər axtarmalı, həll yolları tapmalıyıq. Burada maarifləndirmə ön plana keçə bilər”.