“Ulu Öndərin yubileyinə ən layiqli töhfə Xankəndidə bayrağımızın qaldırılması, suverenliyimizin bərpası oldu”
“2023- cü il müstəqil Azərbaycanın ən möhtəşəm, yadda qalan illərindən biri olaraq tarixə yazıldı”. Bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev deyib. Millət vəkili qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində mühüm işlər görüldü ki, bu fəaliyyətdə milyonlarla insanın iştirakı təmin edildi: “Ulu Öndərin 100 illik yubileyinin ən yüksək səviyyədə qeyd olunması üçün “Heydər Əliyev İli” elan olundu. İl boyu ölkə daxilində və xaricində çoxsaylı beynəlxalq forumlar, sammitlər, toplantılar keçirildi. Milyonlarla insanın iştirakçısı olduğu tədbirlərdə Heydər Əliyev irsinin gənc nəsillərə ötürülməsi istiqamətində genişmiqyaslı təbliğat işləri aparıldı. Ulu Öndərin yubileyinə ən layiqli töhfə isə, heç şübhəsiz, Xankəndidə üçrəngli bayrağımızın qaldırılması, ölkənin bütün ərazilərində suverenliyimizin bərpası oldu. 44 günlük müharibədə tarixi qələbə qazansaq da, vətənin ürəyində şeytan yuvası qalmaqda idi və vaxtaşırı xarici havadarlarına arxalanaraq, hədə-qorxularla dövlətimizi təhdid edirdi. İndi həmin özlərindən razı ,,liderlər,, Bakıda çay içirlər. Etiraf etməliyik ki, cəmi 1 il əvvəl, fantastik görünən və reallığı mümkün olmayan hadisələrin şahidi olduq. Bütün bunlar, Azərbaycan dövlətinin gücünün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin göstəricisidir. Xronologiyaya diqqət etdikdə, bu nəticəyə gəlmək üçün necə zərgər dəqiqliyi ilə, ölçülü-biçili siyasət aparıldığı hər kəsdə heyranlıq hissi doğurur. —Fərrux dağı və ətraf ərazilər separatçılardan təmizləndi. —Ekoloqların başlatdığı hərəkat, Qarabağın təbii sərvətlərinin talanmasının qarşısını aldı. —Laçın rayonu ərazisində dövlət sərhədi tam nəzarətə alındı və separatçıların təminat yolları bağlandı. —19-20 sentyabrda cəmi 24 saatlıq anti-terror tədbirləri nəticəsində 15 minlik erməni ordusunun beli sındırıldı və 200 illik separatizm sona çatdı. Azərbaycan Ordusu, dünyanın ən güclü dövlətlərinə terrorla necə mübarizə aparılmalı, dərsini verdi. 2023- cü il işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası istiqamətində qlobal layihələr icra olundu. Keçmiş məcburi köçkünlərin, ən strateji rayon, Laçına qayıdışı başlandı. 2023-cü il, iqtisadiyyatdan tutmuş, Ordu quruculuğu, mədəniyyət, idman, sosial sfera, xarici siyasət, tikinti-quruculuq, ümumiyyətlə cəmiyyətin bütün sahələrində uğurlu nəticələrlə yaddaşlara həkk olunacaqdır. Yeri gəlmişkən, qarşıdan gələn bayramlar münasibətilə xalqımızı təbrik edirəm, əmin-amanlıq, növbəti ilin daha da düşərli olmasını arzulayıram”.