“Rəsulzadənin adı Bakı Dövlət Universitetinə qaytarılsın VƏ...” - Qulu Məhərrəmli

“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamı Azərbaycan tarixinə, Azərbaycan istiqlalının əsasını qoyan, bütün ömrünü bu yolda sərf etmiş tarixi şəxsiyyətə hörmət və ehtiramın ifadəsidir”.

Bu fikirləri Musavat.com-a açıqlamasında tanınmış telejurnalist, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.

Onun sözlərinə görə, bizim 100 illik tariximizdə Məhəmməd Əmin Rəsulzadənin xüsusi yeri var:

“O, 20-ci əsrin əvvəllərində Azərbaycanda çox mürəkkəb hərbi-siyasi şəraitdə, böhranlı vəziyyətdə Azərbaycan istiqlalı ideyasının reallaşdırılmasına xidmət edən, Azərbaycan milli hərəkatına rəhbərlik edən, Azərbaycan Cümhuriyyətinin ideoloqu və bu istiqlalın reallaşmasında fəal iştirak edən şəxsdir. Rəsulzadə Azərbaycan Cümhuriyyətinin, müstəqil Azərbaycanın ilk dövlət başçısı, Milli Şuranın sədri olub. Bu Cümhuriyyətin yaşaması üçün 2 il çox zəhmətlər sərf edib. Cümhuriyyətin süqutundan sonra çox keşməkeşli bir həyat yaşayıb. Rusiyada, Türkiyədə, Almaniyada, Polşada, Fransada, Rumıniyada və digər ölkələrdə Azərbaycan ideyasının gerçəkləşdirilməsi, istiqlal düşüncəsinin yaşaması və bu istiqlalın bərpası üçün böyük zəhmət sərf edib. Ömrünün sonuna kimi istiqlal savaşı aparıb və həyatını bu yolda qoyub. Ona görə də Azərbaycan xalqının böyük Məhəmməd Əminə sevgisi tükənməzdir. Onun 140 illiyinin parlaq bir şəkildə qeyd olunması çox vacibdir. Hesab edirəm ki, sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün hökumət qurumları, ictimai təşkilatlar öz səylərini əsirgəməyəcək.

Əlbəttə, biz çox arzulayardıq ki, 140 illik yubiley günlərində Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi yaradılsın, adı Bakı Dövlət Universitetinə qaytarılsın, ona layiq olduğu abidə qoyulsun. Bunların hamısının reallaşması şübhəsiz ki, Azərbaycan xalqının, Rəsulzadəsevərlərin ürəyincə olardı. Çünki Məhəmməd Əmin Rəsulzadə tək bir partiyaya mənsub adam deyil, o, Azərbaycan milli düşüncəsinin, siyasi düşüncəsinin təmsilçisidir, onun dayağıdır. Azərbaycanda milli ideologiyanın hazırlanmasında müstəsna rol oynamış böyük tarixi şəxsiyyətdir”.

 






Fikirlər