SƏN ÖLMƏLI DEYİLDİN ...

Sən ölməli deyildin...

(Aida Hüseynovanın 60 illiyi ərəfəsində...)
 
Təqvim 2017-ci ili göstərirdi. İki ay olardı ki, ABŞ-ın İndiana ştatının Bluminqton şəhərində idik. Geriyə, yaşadığımız Miçiqan ştatına dönməyə az zaman qalırdı. Ehtiram göstərmək üçün, onu qaldığımız evə qonaq dəvət edib, xidmətində durmaqdan başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiniz, onun Azərbaycan musiqisinin təbliğində necə də böyük xidmətləri olub. İndi onu xatırlayarkən kövrəlməyə bilmirəm. Söhbət 2000-ci ildən 2022-ci ilədək ABŞ-ın İndiana Universitetinin tərkibində olan Ceykobs Musiqi Məktəbində işləmiş sənətşünaslıq üzrə fəlsəfə doktoru Aida Hüseynovadan gedir. O vaxt onun çalışdığı məktəb ABŞ-nın, eləcə də bütün dünyanın ən nüfuzlu ali musiqi təhsil ocaqlarından biri sayılırdı.
 
Bir başqa aləm idi, Aida xanım. Duyğusal, romantik. Bir o qədər də əzmkar, iradəli. Deyirdi ki, nəslində ilk və yeganə musiqiçidir. Atası Nemət Hüseynov mikroelektronika üzrə ölkənin aparıcı mütəxəssislərindən biri olub, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır. Məşhur Azon zavodunun yaradıcılarından biridir, ötən əsrin 70-80-ci illərində həmin zavodun baş mühəndisi vəzifəsində çalışıb. Özündən bir qədər öncə atası da dünyasını dəyişib. Anası Natella Kazımova kimya elmləri doktoru olub, bütün ömrünü Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda çalışıb. 2012-ci ildə dünyasını dəyişib. Qardaşı Emin Hüseynov isə texnika üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, bir sıra kitabların və dərslikərin müəllifi, çalışdığı təhsil ocağının beynəlxalq əlaqələrinin inkişafında əhəmiyyətli payı olan alim və müəllimdir…

 
Haqqında söhbət açdığım Aida Hüseynova 1964-cü ildə Bakıda doğulmuşdu. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirmişdi. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülmüşdü. 
 
1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş namizədlik dissertasiyanı uğurla müdafiə edərək, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdü. Bir neçə il Bakı Musiqi Akademiyasında müəllimlik etmişdi.  
 
Özünü şanslı adam sayırdı. Söyləyirdi ki, tale onu çox gözəl müəllimlərlə rastlaşdırıb. 8 nömrəli musiqi məktəbinin direktoru, mərhum Rəna Rəhimova onun ilk musiqi müəllimi olub. Sonradan 16 nömrəli məktəbdə təhsil alıb, burada o, Zemfira İsmayılzadənin sinfində oxuyub. Tezliklə Azərbaycanın gənc pianoçular müsabiqəsinin laureatı olub və Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. Dediyinə görə, həmin vaxtlar 16 nömrəli musiqi məktəbinin direktoru vəzifəsində çalışan, Azərbaycan musiqisinin canlı əfsanəsi, pianoçu Çingiz Sadıqovun onun haəyatında əvəzsiz rolu olub…
 
 
Nəsibinə bir çox ali musiqi məktəblərində olmaq düşüb, dünyanın ən nüfuzlu universitetlərində, o cümlədən ABŞ-nın Harvard, Prinston, Berkli, Stanford, Kolumbiya universitetlərində, Böyük Britaniyanın Kəmbric Universitetində mühazirələrlə çıxış edib, müxtəlif konfransların iştirakçısı olub...
 
Deyirdi ki, elmi və pedaqoji fəaliyyətində üç ali təhsil ocağının xüsusi rolu var və bunlardan ilki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Bu tədris ocağında o, həm musiqişünas, həm də pianoçu kimi püxtələşib və uzun illər müəllimlik etmişdi…
 
Sankt Peterburq Konservatoriyasının da onun həyatında az rolu olmayıb. 1992-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə orada yiyələnib…
 
İndiana Universitetində çalışdığı kafedranın müdiri professor Konstans Qlen o vaxt ona elmi təcrübəsi ilə əlaqəli fənnlərin yaradılması təklifi ilə müraciət edib. Nəticədə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnlərini yaradılıb və 2000-ci ildən vəfat edənədək həmin kursları tədris etməklə məşğul olub…
 
Deyirdi ki, çox maraqlı təcrübədir. Canlı ifaya böyük önəm verir və İpək Yolu musiqi ənənələrini təmsil edən musiqiçiləri tez-tez auditoriyaya dəvət edir. Bəzən "Skype" və digər internet vasitələrinin yardımı ilə də görkəmli musiqiçi və alimlərlə əlaqə qurub, onları tələbələri ilə görüşdürür. Həmin fənnləri tədris edərkən Azərbaycan musiqisinə böyük önəm verir və həm ənənəvi musiqimiz, həm də bəstəkar yaradıcılığımız, eləcə də milli caz haqqında bilgilərini tələbələrinə çatdırmağa çalışır. Ümumiyyətlə, gənc amerikalıların musiqimizə göstərdikləri maraq və bu sahədə biliklərinin artması onu çox sevindirirdi…
 
Elmi işinin əsas obyekti, Azərbaycan musiqisində baş verən inqilabi dönüş, musiqi ənənələrimizin Qərb musiqisinin formaları ilə sintezi idi... 
 
1997-ci və 2003-cü illərdə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev haqqında iki kitab yazıb, onlardan biri isə bəstəkarın nəvəsi, böyük müğənni Müslüm Maqomayevin yubileyinə hazırlanmış hədiyyə kimi nəşr olunub. Azərbaycan piano məktəbinin inkişafı haqqında da yazıları var idi...
 
Deyirdi ki, 2001-cü ildə Ayna Mətbu Evindən Ekson şirkətinin Uşaq Ensiklopediyası layihəsi çərçivəsində ərsəyə gələn kitabların musiqiyə həsr olunmuş cildini yazmaq təklifini alıb və yazdığı “Musiqi: Səmimiyyət Məbədi” adlı musiqi ensiklopediyası Azərbaycanda latın qrafikası ilə dərc olunan ilk ensiklopediyadır. Həmin nəşr əvvəlcə qaçqın uşaqlara pulsuz paylanılıb. Layihə böyük əks-səda doğurduğundan, 2004-cı ildə ensiklopediyanın təkrar nəşri işıq üzü görüb. Həmin nəşrə təhsil nazirliyi tərəfindən orta məktəb dərsliyi statusu verilib…
 
Elmi məqalələri Azərbaycanda, ABŞ-da, Almaniyada, Hollandiyada, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görmüşdü. Bunların arasında Alman Musiqi Ensiklopediyası, Hollandiyada dərc olunan “İslam mədəniyyətlərində qadınlar” musiqi ensiklopediyası, ABŞ-nın Kəmbric Xor Ensiklopediyası üçün yazdığı məqalələri xüsusilə qeyd edirdi.  
 
 
Evində gördüyüm “Azərbaycan musicisi: muğamdan operaya doğru” kitabına gəldikdə isə o, dedi:- “Adını çəkdiyiniz kitabım müasir Azərbaycan musiqisi haqda ingilis dilində yazılan və sanballı akademik nəşriyyatında işıq üzü görən ilk nəşrdir. Bu iri miqyaslı layihəni ərisəyə gətirməyim on ildən çox vaxt apardı. Çox şadam ki, kitabımın sayəsində Azərbaycan bəstəkarları, ifaçıları və caz sənəti, ümumiyyətlə Azərbaycan musiqisinin XX əsrdəki nailiyyətləri ilə dünyanın hər bir yerində ingilis dilini bilən oxuyucular tanış ola bilərlər…”
 
ABŞ-nın müxtəlif şəhərlərində keçirilən bir çox tədbirlərdə iştirak edib. 2005-ci ildə San Fransiskoda keçirilən Dünya musiqisi festivalının məsləhətçilər şürasının üzvü olub, Azərbaycan musiqisinin həmin nüfuzlu tədbirdə ləyaqətlə təmsil olunması üçün əlindən gələni əsirgəməyib. Çox işlər görmüşdü, lap çox. Onlardan biri də böyük muğam ustası Alim Qasımovun və ABŞ-nın məşhur violonçelçalanı Yo-Yo Manın iştirakı ilə həyata keçirilən “Leyli və Məcnun” layihəsi idi. 
 
Söyləyirdi ki, Nyu Yorkdakı Linkoln Mərkəzinin 50 illiyinə həsr olunmuş silsilə konsertlərin sırasında “Leyli və Məcnun” da var idi. Əsər həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleya Zalında, bu təşkilatın o vaxtki baş katibi Ban-Ki-Munun və dünya ölkələrinin diplomatik missiyalarının nümayəndələrinin önündə ifa olundu. Unudulmaz bir gün idi! Hamı bir nəfər kimi, ayağa durub, musiqiçilərimizi salamlayır və 10-15 dəqiqə ərzində onları səhnəni tərk etməyə imkan vermirdilər...
 
ABŞ-da yaşamaq çətin deyil ki, sualıma isə:- “Təbii ki, vətəndən uzaq qalmaq, ailədən, uşaqlıq dostlarından ayrılmaq heç də asan deyil. Amma dünyanın ən nüfuzlu musiqi məktəblərinin birində dərs demək, ABŞ kimi nəhəng ölkədə Azərbaycan musiqisini tanıtmaq, elmi araşdırmalar aparmaq və onların bəhrəsini görmək, dünya şöhrətli musiqiçilərin iştirakı ilə iri həcmli layihələrdə iştirak etmək, bunlar hamısı qürur vericidir. Azərbaycan musiqisini tanıtmaq üçün əlimdən gələni edirəm…”
 
Bəli, yaşasaydı bu il 60 yaşı tamam olacaqdı. Heyf ki, onun haqqında xatirələrimi bölüşürəm.
 
Sən ölməli deyildin, yerin behişt olsun, Aida xanım!
 
Ruhuna ehtiramla,
 
Elman Eldaroğlu






Fikirlər