Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü - FOTOLAR

kemaleddin-heyderov-rusiyali-hemkari-ile-gorusdu

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzerTaym.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan Kəmaləddin Heydərov xatırladıb ki, xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri bu gün ölkələrimizin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində yüksələn xətlə inkişaf edir.

K.Heydərov ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışıb, iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə mövcud sıx əməkdaşlıq münasibətlərinin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının xətti ilə Azərbaycan FHN-in Akademiyasına xüsusi trenajor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazların verilməsini, əməkdaşların müxtəlif təlim kursları və seminarlarda iştirakı üçün şəraitin yaradılmasını məmnunluqla qeyd edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib. İmzalanacaq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov iki nazirlik arasında münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşməsinin qarşılıqlı faydasından danışıb. Bu məqsədlə hər iki nazirlik arasında müxtəlif səviyyəli səfərlərin, keçirilən görüş və müzakirələrin əhəmiyyətini vurğulayıb.

A.Kurenkov, həmçinin Rusiya ərazisində müxtəlif vaxtlarda baş vermiş fövqəladə hadisələr zamanı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanacaq Fəaliyyət Planı iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Bakı-2023” beynəlxalq təlimi haqqında videoçarx nümayiş olunub.

Yekunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov imzalayıblar.

Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində rusiyalı nazir, həmçinin FHN-in Akademiyasına da baş çəkərək ali təhsil ocağının fəaliyyəti ilə yerində tanış olacaq.

 













 






Fikirlər