“BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında jurnalist Niyaz Niftiyevin təqdimatında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev olub.
R.Əliyev ideyası ilk dəfə Mirzə Fətəli Axundov tərəfindən irəli sürülən, Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadə tərəfindən davam etdirilən və ən nəhayət, 90-cı illərdə yenidən gündəmə gələn “Qafqaz evi”nin yaradılmasından ötrü Çeçenistanda - Cövhər Dudayevin liderliyi ilə keçirilən “Dəyirmi masa”ya təcili aparılmasının səbəblərindən, tədbirdə baş verən gərgin müzakirələrdən danışıb, “Qafqaz evi” ümumi forumunun yaradılması ideyasının nə səbəbə reallaşmamasından söhbət açıb.
Müsahibə zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilk sədri olmuş R.Əliyevin zamanında bir sıra İslam təriqətlərinin Azərbaycana axınının səbəbləri, vəhhabilərin o dövrdə artıq icma halında məscidlərə sahiblənməsi, nurçuların hakimiyyətin müxtəlif qollarında təmsil olunmağa başlamalarına aydınlıq gətirilib.
Sabiq komitə sədri həmçinin İranda, xüsusən də Qumda təhsil alan azərbaycanlı tələbələrlə ilk dəfə məmur, həm də yüksək çinli məmur statusunda görüşü, Şiə ailimi, əslən azərbaycanlı Ayətullah əl-Uzma Məhəmməd Fazil Lənkəraninin kitabını Azərbaycana buraxdırmaması, buna görə o dövrün PA rəhbəri Ramiz Mehdiyevin onu təcili yanına çağırmasının detallarına toxunub.
Müsahibənin ən gərgin hissəsi isə QMİ sədri Hacı Allahşükür Paşazadə ilə dostluğunu düşmənçiliyə çevirən məqamlar ətafında açıqlamalardır. Şeyxin hələ o zaman fövqəladə gücə malik olduğunu qeyd edən müsahibimiz bu gücün haradan qaynaqlandığını da etiraf edir. O, eyni zamanda 2000-ci illərdə Şeyxə qarşı başlanan kampaniyanın geniş miqyas alması və məsələyə Heydər Əliyevin müdaxiləsindən danışır. Məhz bu məsələyə görə Rafiq Əliyevi təcili yanına çağıran Heydər Əliyevin tapşırığı nə olmuşdu?
R.Əliyev həmçinin Şeyxlik iddiasında olan keçmiş tələbə yoldaşı Hacı Sabir Həsənli ilə heç vaxt ulduzunun barışmadığını, amma buna baxmayaraq, onu Şeyxliyə daha uğurlu namizəd hesab etdiyini vurğulayır. Açıq mətnlə qeyd edir ki, QMİ sədri postuna A.Paşazadədən daha çox Hacı Sabir Həsənli layiq olub. O, bu istiqamətdə o zaman hakimiyyətdə daha çox təmsil olunan “Naxçıvan klanı”nın Hacı Sabirə açıq dəstək nümayiş etdirdiyini də etiraf edir. Lakin Hacı Sabir Həsənli Şeyxin fövqəlgücü qarşısında məğlub olur. Bu məğlubiyyət isə ona baha başa gəlir: iş otağında üç dəfə infarkt keçirir və ANS kameralarının hədəfinə çevrilir. Bəs, belə məqamda ANS-i QMİ-yə - Hacı Sabirin infarkt vəziyyətini çəkməyə kim dəvət etmişdi?
Müsahibə zamanı R.Əliyevin ən diqqətçəkən açıqlaması isə Fətullah Gülən camaatının - nurçuların Azərbaycan məktəblərinə total hücumu ilə bağlıdır. Bu barədə dəfələrlə həyəcan siqnalı çaldığını qeyd edən R.Əliyev o dövrün təhsil naziri Misir Mərdanovun onlara “yaşıl işıq” yandırmasının səbəblərinə də toxunub. Hətta qeyd edib ki, komitə sədri olduğu gərgin və bir çox məmur kontingentinin “Nur risalələri”ni oxuduğu vaxtlarda şəxsən öz imzası ilə nurçuların iki məktəbini bağlatdırıb. Bu addımından sonra R.Əliyevə qarşı hansı təzyiqlər olub?
Elmdə alim, məmurluqda nazir statusuna qədər yüksələn Rafiq Əliyev müsahibə zamanı vəzifədən getdikdən sonra məşğul olduğu biznes sahəsində qarşılaşdığı problemlər, qazanc mənbələrindən danışıb.