“Jurnalistlərin 90 faizi axmaqdır” deyən Nofəl Şahlaroğluna media mənsublarından SƏRT REAKSİYA – VİDEO

Aktyor Nofəl Şahlaroğlu növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib. Bu dəfə aktyor media mənsublarını təhqir edib.

Belə ki, aktyor özünün müəllifi olduğu internet televiziya kanalında jurnalistlərin 90%-nin axmaq olduğunu bildirib:

“Bu mətbuata, televiziyaya və xəbər saytına müsahibə vermək istəmirəm. Ona görə bəzi verilişlərə çıxmaq istəmirəm. Bəziləri deyir, özünü ağıllı aparır. Mən ağıllı deyiləm ey, sizin 90 faiziniz axmaqdır. Orta statistik söhbət edə bilmirsiniz” – deyə, Nofəl Şahlaroğlu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Aktyor Nofəl Şahlaroğlu hansı aparıcıları TƏNQİD ETDİ? – VİDEO   


Aktyorun bu açıqlaması ictimaiyyətdə ciddi etiraza və müzakirələrə səbəb olub. Xüsusilə də, bir çox jurnalistlər arasında Nofəl Şahlaroğlunun fikirləri sərt reaksiyaya səbəb olub.

Bizim.Media aktyorun səsləndirdiyi təhqiramiz ifadələrlə bağlı media nümayəndələrinin fikirlərini öyrənib.

"Azvision.az" saytının rəhbəri Vüsal Məmmədov aktyorun bu fikirlərinə sərt reaksiya verib:

“O, bəzi sözlərində hardasa haqlıdır. Lakin onun say etibarilə 90% deməsi yalnışdır. Çünki bunu heç kim dəqiq iddia edə bilməz. Ona görə ki, jurnalistlərin içində nə qədərinin axmaq olduğunu ölçən olmayıb. Rəqəm deməklə, aktyor başından böyük qələt edib. Bəli, jurnalistlər içində orta statistik səviyyədən aşağı savadda olan şəxslər də var, eyni ilə aktyorlar içində olduğu kimi...Mən də elə aktyorlar var ki, oyununa baxıb deyirəm ki, “kimdir bu çoban?” Əstağfürüllah, çobanları təhqir etməyək...

Deyirəm, bu hansı dərədən gəlib, getsin qoyun otarsın və ya xadiməliyini etsin. Bu yanaşmanı aktyorlara tətbiq etsək, deyə bilərik ki, onların çoxu sənətə tamamilə təsadüfən düşən adamlardır. Soruşsan ki, aktyorun oyun sistemi, rolun araşdırılması və təhlili nədir, yaxud Konstantin Stanislavski kimdir, durub mal kimi üzünə baxacaqlar. Lakin mən durub deyə bilmərəm ki, aktyorların 90%-i orta statistik səviyyədən aşağı kötüklərdir”. 

Vüsal Məmmədov qeyd edib ki, hər sahədə belələri var, o cümlədən jurnalistikada:

“Heç kimə hansısa peşənin üzərinə belə kobudcasına hücum etməyi əsas vermir. Bəli, bir çox jurnalisti mən də tənqid edirəm, hətta bəlkə də mənim qədər irad bildirən ikinci jurnalist yoxdur. Başqa sahənin adamı bunu bizim qədər bilmir. Lakin biz jurnalistlər durub aktyorları tənqid etsək, onları litosferdən də aşağı, nüvənin içinə göməcəyik. Ona görə yaxşı olar ki, özlərini təkmilləşdirməyə çalışsınlar, heç kimlə işləri olmasın”. 

"Oxu.az" saytının əməkdaşı Əzizə İsmayılova Nofəl Şahlaroğlunun gündəmdə belə qalmağa çalışdığını hesab edir:

“Doğrusu, nə dediyindən xəbərim yoxdur. Deyibsə belə, bu cür fikirləri heç vaxt ciddiyə almamışam, almaram da. Azad fikirli adamdır, istədiyini deyə bilər. Belə bir ifadə işlədibsə, yeganə günah ondan müsahibə və ya açıqlama alan KİV-dədir demək ki! Mən də bir ara sözügedən aktyordan müsahibə almalı idim, müraciət də etdim, “bu gün, sabah, o biri gün” - dedi.

Onun bəzi açıqlamalarına baxdım və sadəcə müsahibə almaqdan vaz keçdim. Bu qədər sadə... Onun da söz haqqı var, bizim də... Deyib deyib də, canı sağ olsun. Adam hesab edir ki, ona qədər də, ondan sonra da, hər şeyi ən yaxşı bilən elə özüdür. O da gündəmdə belə qalmağa çalışır. Belə xoşbəxt olursa, niyə mane olaq ki?”

Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərlinin sözlərinə görə isə son zamanlar jurnalistlərin aşağılanmasına, neqativ fikirlərə, təhqirlərə tez-tez rast gəlinir:

“Təbii ki, bu, bizi çox narahat edir. Bu kimi halların adiləşməsi cəmiyyətimizdə jurnalist adına hörməti aşağı sala bilər. Bu aktyor çox böyük səhv eləyib və özünü “yaxşı” göstərmək üçün son dövrlərdə olan kampaniyaya qoşulub. Ümumiyyətlə, Nofəl Şahlaroğlu heç vaxt Azərbaycan mətbuatının, cəmiyyətinin diqqətini cəlb edən aktyor olmayıb.

Sadəcə olaraq, o, sosial şəbəkələrdə açdığı hesabdan cəmiyyəti aşağılamaqla hörmət qazanmaq istəyində olan bir şəxsdir. Düşünürəm ki, Azərbaycan jurnalistikası, mətbuatı bu məsələdə bir olmalıdır və bu kimi şəxsləri efirlərə çağırmamalıdır.

Efirlərdə görünməməyi ilə bağlı aqressiyasını aktyor jurnalistlərə belə tökür. Azərbaycan mətbuatı bütün sınaqlardan həmişə üzüağ çıxıb və bu kimi şəxslərin aşağılayıcı ifadələri jurnalistikamıza ləkə gətirə bilməz. Məncə, ən böyük axmaqlıq jurnalistikamızı və cəmiyyətimizi aşağılamaqdır” – deyə, Hacıbəy Heydərli qeyd edib.






Fikirlər