Həmin verilişlər bağlansa.... - Ziyalılardan TV rəhbərlərinə kəskin tənqidlər

Bir neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
 
 

Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.
Bu verilişlər digər ailələrdə mənfi təsir edir
Mövzu ilə bağlı Bakupost.az -a danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynovanın sözlərinə görə, Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür:
“Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətdəki neqativ hadisələr nümayiş olunur. Ən xoşagəlməz hallardan biri də odur ki, teleməkanda etik qaydalar pozulur, insanlarla kobud rəftar olunur. Efirə qeyri-peşəkar insanları ekspert kimi dəvət edirlər və bir çox hallarda onların tövsiyələri, qiymətləndirmələri problemin həllinə deyil, onun daha da dərinləşməsinə səbəb olur. Bu verilişlər digər ailələrdə də ailədaxili münasibətlərə təsir edir, insanların davranışlarına mənfi təsir göstərir. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin burada heç kimin şəxsiyyətinə toxunmaq, şərəf və ləyaqətini təhqir etmək olmaz. Etik və hüququ qaydalara əməl etməklə bu və ya digər məsələləri müzakirə etmək olar. Digər tərəfdən, bizim çox sayda nümunəvi ailələrimiz var - 40, 50, 60 və daha çox müddətdir bir yerdə yaşayırlar. Niyə onları göstərmir, təbliğ etmirik? Axı belə ailə modeli bizim ailə institutunun qorunub saxlanmasına müsbət təsir göstərə bilər. Biz bu verilişləri indiki formada nə qədər çox göstərsək, bir o qədər ağır fəsadlarla üzləşəcəyik. Ona görə də bununla bağlı ciddi addımlar atılmalıdır”.
Kiminsə pul qazanmasına görə dəyərlərimiz məhv edilməlidir?
Millət vəkili Ceyhun Məmmədov da hesab edir ki, adı çəkilən verilişlərdə ailə dəyərləri gözdən salınır, Azərbaycan kişisi və qadını izləyicilərin qarşısında alçaldılır:
“Dünyanın heç bir ölkəsində şou tipli proqramlarda belə hallar müşahidə edilmir. Bu gün Azərbaycanın bir sıra televiziya kanallarında yayımlanan verilişlər xalqımızın milli-mənəvi dəyərlərinin məhvinə xidmət edir. Azərbaycan kişisini və ya qadınını ekran qarşısında alçaltmaq nəyə xidmət edir? Ola bilər ki, onlar həyatlarının hansısa mərhələsində səhvə yol veriblər. Biz onu mütləq ictimailəşdirib müzakirə obyektinə çevirməli deyilik. Bu gün televiziya kanallarında elmi verilişlərə yer verilmir. Ümumiyyətlə, bəzi istisnaları çıxmaqla televiziyalarımız öz proqramlarında ziyalılara da yer vermir. Bu gün Azərbaycan televiziyalarında həm də ziyalı sözünə ehtiyac var. Televiziyalara bununla bağlı sual verəndə deyirlər ki, biz reklam gətirən verilişlərə yer veririk. Reklamlardan əldə edilən gəlirə görə dəyərlərimiz məhv edilməlidir? Hesab edirəm ki, hər bir yaxşı məhsulun alıcısı olduğu kimi, yaxşı verilişlərin də baxıcısı mütləq olacaq. Kütlə televiziyaları deyil, televiziyalar kütləni idarə etməlidir. Dünyanın hər yerində belədir. Biz tamaşaçıya nə versək, onu da alacağıq. Bu barədə ciddi düşünməliyik”.
Məişət pozğunları efirdən yığışdırılmalıdır
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirib ki, sosial yönümlü verilişlər dünyanın bir çox ölkələrində var. Sadəcə olaraq, həmin verilişləri peşəkar insanlar aparır:
“Belə verilişlər sosial problemlərin ictimaiyyətin diqqətinə çatdırılmasına, onların hansısa şəkildə həll olunmasına imkan yaradır. Sadəcə, bizdə reytinq və şou xatirinə fırıldaq göstərilir. O verilişləri peşəkarlıqdan uzaq, səviyyəsiz aparırlar. Orada camaata, millətə ağıl öyrədənlərin özlərinin mütləq əksəriyyətinə ağıl öyrətmək lazımdır. İnsanlar baxıb görür ki, bu adamın özü məişət pozğunudur, amma çıxıb millətə namusdan, qeyrətdən danışır. Bütün bunların olmaması üçün efirə peşəkarlar dəvət olunmalı, proqram yalnız bir aparıcının öhdəsinə buraxılmamalıdır. Televiziya rəhbərləri efirə nəzarət etməlidirlər ki, kimlər gəlir, kimlər danışır, kimlər millətə ağıl öyrədir. O zaman sonradan o verilişlər biabırçı şəkildə bağlanmaz. Hansısa bir həkimi bayağı verilişə çıxarırlar və sonradan öyrənirsən ki, o kosmetoloqdur, amma terapevtlik edir, yaxud da özünü göz həkimi kimi camaata sırıyır. Belə şeylər olanda təbii ki, narazılıq olur və bu, həmin verilişlərin bağlanmasına gətirib çıxara bilir”.
Şou proqramları bağlamaq ciddi problem yarada bilər
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bildirib ki, özəl telekanallar fəaliyyət göstərmək üçün gəlir əldə etməlidirlər. Reklamçılar isə ictima-siyasi proqramlarda reklam yerləşdirməyə maraqlı deyillər. Onlar hesab edirlər ki, belə verilişlərə baxan yoxdur. Reklam şirkətləri reklamı daha çox şou proqramlara verirlər:
“Dövlətdən maliyyələşən televiziyalarda - nə AzTV, nə də İTV-də belə verilişlər yoxdur. Amma özü maliyyələşən və məqsədi gəlir əldə etmək olar televiziyalarda bunlar var. Efirlərdə mənəviyyatımızı korlayan, əxlaq prinsiplərini pozan, milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlər gedir. Bu verilişlər bizim adət-ənənələrimizə, bəzi hallarda isə qanunvericiliyimizə ziddir. Ona görə də birmənalı olaraq bu verlişlərə qarşı tədbirlər görülməlidir. Amma necə? Fikrimcə, bu məsələdə bir orta məxrəc tapmaq lazımdır. Elə etmək lazımdır ki, həm aparıcılar, həm də iştirakçılar etik çərçivədən kənara çıxa bilməsinlər. Canlı yayımlar olmamalıdır. Verilişlər öncədən çəkilməlidir. Televiziyalarda bədii şura yaradılmalıdır. Həmin şura verilişlərə baxmalı və müəyyən indikatorlar əsasında müəyyənləşdirilməlidir ki, burada milli-mənəvi dəyərlərə, əxlaq prinsiplərinə zidd olan, insanlarda çaşqınlıq yaradan, hansısa məsələlərə sövq edən məqamlar var, ya yox? Varsa, o verilişləri efirə verməməlidirlər. Hesab edirəm ki, məsələyə bu cür yanaşılmalıdır. Amma şou proqramları tamamilə bağlamaq o televiziyaların maaliyyələşməsində ciddi problemə gətirib çıxara bilər”.
Ciddi təpkilər lazımdır
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli vurğulayıb ki, dəfələrlə bu cür şou proqramların səviyyəsinin artırılması müzakirə olunub. Qeyd olunub ki, düşük, bayağı verilişlər efirə verilməsin, insanların şəxsi həyatına müdaxiləyə yol verilməsin. Təəssüf ki, bütün deyilənlərə baxmayaraq, məlum telekanallarda bu cür verilişlər davam edir:
“İnsanları bir-birilə vuruşdurmaq, etikaya uyğun olmayan situasiyalar yaratmaq, sensasiyalı vəziyyətləri həddən artıq şişirtmək, ailələr, cəmiyyət üçün xarakterik olmayan nüansları ümumiləşdirməyə çalışmaq, insanları alçaltmaq, aşağılamaq, onların heysiyyatına toxunmaq kimi nüanslar tamaşaçıları qıcıqlandırır. Bu, yolverilməzdir. Əgər televiziya rəhbərləri istəsələr ki, bu cür hallar olmasın, o zaman bu halların qarşısı alınacaq. Eləcə də Audiovizual Şura qanuna uyğun olaraq, etik sərhədlərin qorunması ilə bağlı təpkilər versə, düşünürəm ki, bu, ciddi nəticələrə gətirib, çıxaracaq”.
 






Fikirlər