Bilgəhdə 5.3 hektar torpağın 28 sahibi ayağa qalxdı – Hacı Qalibə qarşı ŞOK ittihamlar – FOTOLAR

Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısının daşla hörülməsi ilə bağlı qalmaqal səngiməmiş “POSAT” Bağ Tikinti Kooperativinin 28 üzvü də ayağa qalxıb.

Onlar ölkə rəhbərliyindən Hacı Qalib Salahzadənin onlara məxsus 4, ümumilikdə isə 5.3 hektar bağ torpaq sahəsinin zəbtdən azad olunmasını xahiş edirlər. “Keçmiş deputat və keçmiş bələdiyyə sədri Qalib Salahzadə heç bir əsası, kötüyü olmayan bir kağızı əlinə alıb. Həmin kağızı özü Bilgəh bələdiyyəsinin sədri olarkən yazıb. Bələdiyyə sədri kimi kooperativə məxsus 4 hektar torpaq sahəsini vəfat etmiş nənəsi Kübra Camalovanın adına həyətyanı sahə kimi verib. Əlavə olaraq da 1.3 hektar torpağı da həmin 4 hektara qataraq  yekun olaraq 5.3 hektarı nənəsinin adına rəsmiləşdirib. Respublikanın hansı bir yerində qoca arvada həyətyanı sahə olaraq 5.3 hektar torpaq verirlər? Məhkəmələrdə Hacı Qalibdən nənəsinin adına verdiyi sənədin kötüyünü tələb edirlər, yazır ki, Bilgəh Bələdiyyəsində yanğın olub, arxiv yanıb. Saxtakarlığı bu şəkildə ört-basdır edirlər” – bu sözləri redaksiyamıza müraciət edən “POSAT” Bağ Tikinti Kooperativinin sədri Yusif Nağıyev deyib. Onun sözlərinə görə kooperativin 28 üzvü sabiq deputat Hacı Qalib Salahzadənin onlara aid 4 hektar torpaq sahəsini zəbt etməsindən şikayətçidirlər: “Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına Bilgəh bələdiyyəsinin sənədini 2005-ci ildə çıxarıb və bizə məxsus 4 hektar ərazini də digər 1.3 hektar torpağa qataraq hasarlamaqla zəbt edib.

 

 

 

Zəbt edilmiş ərazinin görüntüləri

Halbuki həmin bağ torpaq sahəsi 5 hektar olmaqla Bakı Şəhər Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin (XDS İK) 7 may 1976-cı il tarixli 25/247 nömrəli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə ayrılıb. Bakı Şəhər XDS İK-nın 15 fevral 1989-cu il tarixli 1/14 nömrəli qərarı ilə həmin ərazinin 4 hektarı kooperativ bağların tikintisi üçün ayrılıb. Tikinti Nazirliyinin tabeliyindəki “Tikintiavtonəqliyyat” İstehsalat Birliyinin nəzdində həmin idarənin qısaldılmış abreviaturasını əks etdirən “POSAT” (Производственное Обьядинение СтройАвтоТранспорт) Bağ Tikinti Kooperativi təsis edilib və keçmiş Şaumyan (indiki Xətai rayonu) rayon XDS IK-nın 27 oktyabr 1989-cu il tarixli 81/58 nömrəli qərarı ilə həmin Kooperativ qeydiyyatdan keçib. Hacı Qalib Salahzadə ərazinin kooperativə məxsus olduğunu bildiyi halda ərazini zəbt edib. Bu gün həmin ərazi oğlu Əliabbas Salahzadənin adınadır. Cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadənin atası tərəfindən zəbt olunmuş kooperativə məxsus bağ torpaq sahəsinin adına keçirilməsi də əslində kriminaldır. Əliabbas Salahzadə gec-tez bu qanunsuzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacaq”.   

“POSAT” BTK üzvləri Musavat.com-a deyiblər ki, kooperativə məxsus 4 hektar bağ torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması ilə bağlı qalaq-qalaq məhkəmə qətnamələri, qərarları var. Amma Azərbaycan dövləti adından verilən qərarlar icra olunmur, 15 ildən çoxdur ki, kooperativ üzvləri torpaq sahələrinə yaxın düşə bilmirlər: “Bu qədər göz önündə olan saxtakarlığı dövlət qurumları görmək istəmirlər. Bizə məxsus 4 hektar torpaq sahəsini və əlavə olaraq 1,3 hektar qonşu torpaq sahəsini həyətyanı torpaq sahəsi kimi Hacı Qalib Salahzadə nənəsi Kübra Camalovanın adına özəlləşdirib və sonradan oğlu Əliabbas Salahzadənin adına rəsmiləşdirib. Bu, absurd və qanuna tüpürməkdir. Çünki bələdiyyə sədrinin verdiyi sənədlərin saxtalığına və qanunsuzluğuna əmin olmaq üçün nə ekspert lazımdır, nə də məhkəmə hakimi. Vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan Fazil Rüstəmovun imzası var. Vəfat etmiş adamın adına torpaq sahəsində kadastr almamış BTİ çıxarış verib. Üzvləri olduğumuz “POSAT” Bağ Tikinti Kooperativinə 4 hektar torpaq sahəsi 1989-cu ildə ayrılıb”.

Kooperativ sədri Yusif Nağıyev deyib ki, müstəqillik dövründə 4 hektar sahəni təkrar qeydiyyatdan keçiriblər: “Bütün sənədlərimiz yerli-yerində var. Vergilər Nazirliyində təkrar qeydiyyatdan keçirmişik, Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr almışıq. Sonradan bizə məlum olub ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-qanuni olaraq, həmin torpaq sahəsinə 2010-cu ildə vəfat etmiş, mərhum Camalova Kübra Mirəbdül Hüseyn qızının adına xüsusi mülkiyyətdə olmasına dair 02.10.2013-cü il tarixdə RX seriyalı 0272020 saylı çıxarış verilib. Qalib Salahzadə nənəsinin adına olan torpağı vərəsəlik qaydasında oğlu Əliabbas Salahzadənin adına keçirib”.

Yusif Nağıyevin sözlərinə görə bundan sonra Qalib Salahzadə onların torpağa aid sənədlərini ləğv etdirmək üçün məhkəməyə müraciət edib. Lakin ilkin, apelyasiya və Ali Məhkəmə iddianın qanunsuz və əsassız olduğunu nəzərə almaqla rədd edib: “Bunu görən Qalib Salahzadə öz imkanlarından istifadə edərək, 2016-cı ildə yenidən Bakı Şəhər İcra Hakimiyyəti vasitəsilə Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15.02.1989-cu il tarixli qərarının etibarsızlığına dair ikinci dəfə sərəncam qəbul etdirdi və biz yenidən həmin sərəncamı mübahisələndirmək məcburiyyətində qaldıq. Bu dəfə də məhkəmələrimiz ədalətli mövqe nümayiş etdirdi. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsinə dair iddiamız təmin olundu. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Bilgəh bələdiyyəsinə qarşı digər mübahisəmiz üzrə icraat təzələnərək, iş davam etdirildi. Məhkəmə icraatı təzələndikdə iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Qalib Salahzadə bizim başımızı digər məhkəmə çəkişmələrinə qatdığı müddətdə bizə ayrılmış torpaq sahəsinin bir hissəsini digər qohum-əqrəbasının adına rəsmiləşdirib.




Məhkəmə araşdırması zamanı alınmış sorğulardan da mübahisələndirdiyimiz qərarın nə bələdiyyənin arxivində, nə də ki, Milli Arxiv İdarəsində olmadığı müəyyən olundu. Yəni cinayət faktı aşkar edildi. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi 2018-ci ildə Bilgəh bələdiyyəsinin “vətəndaş Camalova Kübra Mirəbdül Hüseyn qızına fərdi yaşayış evinin tikintisi üçün 5,3 ha torpaq sahəsi ayrılması barədə”  22.11.2005-ci il tarixli, 041 saylı qərarının bizə ayrılmış 4,0 ha torpaq sahəsinin hüdudları daxilində etibarsızlığının tanınmasına və həmin qərarın hüquqi nəticələrinin qanunsuz sayılmasına dair qərar qəbul edib. Bundan sonra Qalib Salahzadə artıq çıxılmaz vəziyyətdə olduğunu gördüyündən, yenidən özünün və qanunvericiliyin yol verdiyi prosessual imkanlardan istifadə edir, bu dəfə artıq torpaq sahələrini adlarına rəsmiləşdirdiyi qohumlarının və onun təsiri altında olan Bilgəh bələdiyyəsinin adından müxtəlif əsassız şikayətlər, ərizələr və sairə xahişlər verərək məhkəmə baxışını, məhkəmə qərarlarının qanuni qüvvəyə minməsini yubatmağa çalışır”.

Yusif Nağıyev ölkə rəhbərliyinə, baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək Bilgəh bələdiyyəsinin Qalib Salahzadənin təsiri altında olduğunu bildirib və Bilgəh bələdiyyəsinin qanunsuzluqları ilə bağlı müvafiq araşdırma aparılmasını xahiş edib. Musavat.com

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq. 






Fikirlər