Öz həyatlarını təhlükəyə ataraq bizim həyatlarımızı xilas edənlər...

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti 70 yaşlı kişiyə köməklik göstərib | Bakuplus.az

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti bu sahədə dünyanın ən modern və peşəkar qurumlarından birinə çevrilib. 

Azərbaycan vətəndaşlarının təhlükəsiz həyat və fəaliyyətinin təmin olunmasını ali məqsədi hesab edən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib. Ötən illər ərzində yaşayış, sənaye və ictimai-iaşə obyektlərində, o cümlədən iri ticarət mərkəzlərində, meşə və açıq sahələrdə baş vermiş yanğınlar, sel və daşqınlar, uçqun, dağıntı, sürüşmə hadisələri, zəlzələlər və digər fövqəladə hadisələr zamanı operativ və səmərəli müdaxilə tədbirləri ilə nazirliyin qəza-xilasetmə qurumları öz peşəkarlıqlarını nümayiş etdiriblər. Məhz bu səbəbdən də Fövqəladə Hallar Nazirliyinin ötən illər ərzindəki uğurlu fəaliyyəti hazırda geniş ictimaiyyət və media tərəfindən təqdir edilməkdədir. 

Nazirliyin öz işini düzgün, müasir dövrün çağırışlkarına uyğun şəkildə qurmağı bacaran qurumlarından biri də Xüsusi Riskli Xilasetmə Xidmətidir. 

Əminliklə demək olar ki, yalnız post-sovet məkanında deyil, dünyada xüsusi riskli xilasetmə işlərinin həyata keçirilməsi  istiqamətində ən peşəkar qurumlardan birinə çevrilmiş bu Xidmətin əməkdaşları yüksək praktiki bacarıqlara malikdirlər. Xidmətin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı, ekstremal şəraitlərdə dözümlülüyü xüsusi vurğulanmalıdır. Məhz bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi müddətdə bu qurum saysız-hesabsız axtarış-xilasetmə işləri həyata keçirib, minlərlə insanın xilaskarına çevrilib, onlara ikinci həyat bəxş edib, müxtəlif texnogen qəzalar, təbii fəlakətlər, digər fövqəladə hallar zamanı zərərçəkmişlərin təxliyəsi, onlara ilkin yardım göstərilməsi kimi işləri böyük bir səylə, öz missiyalarına həıdsiz bağlılıqla  yerinə yetiriblər.

 

44 günlük Vətən Müharibəsinin gedişində də qazanılan Şanlı Zəfərin ardınca işğaldan azad edilmiş torpaqlardakı fəaliyyətindən ayrıca danışmaq istərdik. Belə ki, üsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparıblar. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən “N” saylı hərbi hissəsi yaradılıb. Bundan başqa, nazirlik tərəfindən alınan “GCS - 200” markalı kənardan idarəedilən, müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə edilir.

Bu Xidmətin 2023-cü ildə qardaş ölkədə Türkiyədə baş verən dəhşətli zəlzələdən sonrakı zamanı fədakar fəaliyyətini də xüsusi vurğulamağa ehtiyac var. Belə ki, FHN-in 760 nəfərdən ibarət olan xilasetmə dəstəsi zəlzələnin ardınca Kahramanmaraş, Hatay və digər şəhərlərində səylə çalışmış, axtarış-xilasetmə əməliyyatlarında iştirak edən və Kahramanmaraşda dağıntılar altından 3 nəfəri sağ, 25 nəfərin cəsədini çıxaran FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Elvin İsgəndərov isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Türkiyə Cümhuriyyəti dövlət üstün fədakarlıq medalı” ilə təltif olunmuşdu. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin artıq Azərbaycan hüdudlarını da aşan uğurları şübhəsiz ki, bu qurumun fəaliyyətinin peşəkar şəkildə, doğru standartlar və sərrast hədəflər üzərində qurulmasının nəticəsidir. Belədə isə əlbəttə, Xidmət rəisi,general-leytenant Etibar İsmayılov adı ön plana çıxır. Biz bu barədə birbaşa onun özü ilə danışmaq, onun fikirlərini öyrənmək istədik. Lakin Etibar müəllim özünəməxsus təvazökarlıqla bildirdi ki, rəhbərlik etdiyi qurumun indiki səviyyəyə gəlib çatması Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun ciddi səylərinin məhsuludur.

Nazir, xidmət rəisləri... — Yeni general-leytenant və general-mayorlar kimdir? (DOSYE)

"Bilirsiniz, mən və əməkdaşlarım burada icraçılarıq. Başlıca vəzifəmiz cənab Nazirin bizə verdiyi tövsiyə və tapşırıqları mümüknü olduğu qədər qüsursuz şəkildə yerinə yetirməkdir. Cənab nazir Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyətinə həmişə diqqətlə yanaşıb. Həm şəxsi heyətin peşəkarlığının artırılmasını qarşımızda vacib məsələ kimi qoyub, həm də Xidmətin ən müasir avadanlıqlarla təchiz olunmasını təmin edib. Bütün bunlardan sonra bizə düşən missiya yaradılmış hərtərəfli şəraitdə öz vəzifə öhdəliklərimizi yerinə yetirməkdir. Bir sözlə, Xüsusi Riskli Xilasetmə Xidməti hazırkı səviyyəyə gəlib çatmasına görə cənab Nazirin diqqətinə, qayğısına minnətdar olmalıyıq" – deyə E.İsmayılov vurğuladı.

Xidmətin uğurlu fəaliyyətinə nəzər salan zaman bir məqamın üzərindən sakitcə keçmək mümkün deyil. Qurum əməkdaşları yalnız öz vəzifə borclarını səylə yerinə yetirməklə kifayətlənmirlər, onlar eyni zamanda maariflənmə işinə də həssaslıqla yanaşırlar. Təhsil müəssisələri başda olmaqla müxtəlif idarələrdə, təşkilatlarda keçirilən maarifləndirici tədbirlər alqışalayiqdir. Bu tədbirlərdə fövqəladə hallar (hadisələr) zamanı FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi “112” xidməti ilə əlaqə, partlayıcı maddələrin (şübhəli elementlərin) aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verilir.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Bundan başqa, Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimlərinin keçirilməsi də adət halını alıb. Məhz belə təlimlərin nəticəsidir ki, Xidmət əməkdaşlarının peşəkarlıq səviyyəsi günbəgün yüksəlməkdədir. Üstəlik, ən müasir, modern avadanlıqlarla təchiz olunan əməkdaşların beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçilməsinə də məxsusi diqqət yetirilir. 

Ümumiyyətlə, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti olduqca ağır, məsuliyyətli bir fəaliyyətlə məşğuldurlar.  Dəqiq, həssas, səhvsiz, müəyyən təhlükəsizlik qaydalarına əməl eləməklə işləmək onlar üçün hədsiz vacibdir. Və sevindirici haldır ki, Xidmət əməkdaşları bütün bu sadalanan keyfiyyətlərə yiyələniblər. Bir sözlə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun birbaşa diqqəti, məsləhətləri, göstərişləri sayəsində Xüsusi Riskli Xilasetmə Xidməti kimi olduqca professional, öz fəaliyyət istiqaməti üzrə dünyanın ən modern və peşəkar qurumlarından birinin ortaya çıxması sevindirici haldır.

Biz də son olaraq öz həyatlarını təhlükəyə ataraq bizim həyatımızı xilas edən fədakar, cəsur bir şəxsi heyətə malik Xüsusi Riskli Xilasetmə Xidmətinin rəhbərliyinə, əməkdaşlarına minnətdarlıq borcumuzu ifadə eləmək istəyirik. 

 

Azər Nəcəf

“AzerTaym.az“

saytının rəhbəri.

 






Fikirlər