Deputat cərimələrin artırılmasına qarşı çıxdı: “Vətəndaşı yükləmək SƏHVDİR!”

Sürücülər üçün nəzərdə tutulan cərimələrin artırılması təklif edilir. Ancaq bu təklif vətəndaşların narazılığına səbəb olub. Yolların normal şəraitdə olmadığını səbəb göstərən avtomobil sürücüləri həmin təkliflə razılaşmır və qayda pozuntusuna səbəb olaraq yol infranstrukturunu göstərirlər. 

Bəs sözügedən məsələdə çıxış yolu nədir? 

AzerTaym.az bildirir ki, millət vəkili Fazil Mustafa məsələ ilə bağlı “Yeni Sabah”a danışıb. Bildirib ki, cərimələrin artırılması mənfi tendensiyadır:

“İlk növbədə infransturuktur yetkin səviyyədə olmalıdır ki, vətəndaşdan da qaydalara əməl etmək tələb olunsun. Bizdə yol infranstrukturu olduqca problemli vəziyyətdədir. İnsanlar saatlarla vaxtını tıxaclarda itirir. Bəzən avtobus zolağına ona görə digər avtomobillər çıxır ki, başqa bir yol, yaxud alternatif yoxdur. Ona görə də bu istiqamətdə bütün məsələlər birinci növbədə infranstrukturun qurulması və daha sağlam formalaşması yönündə olmalıdır”. 

F.Mustafa qeyd edib ki, ağırlığı vətəndaşın üzərinə qoymaq olmaz:

“Hazırda şərtlər elə formalaşıb ki, sanki bütün məsələlərdə tək məsuliyyət daşıyan subyekt sadə vətəndaşlardır. Bu da onların ciddi problemlərlə qarşılaşmasına gətirib çıxarır. Bu cərimələr illərdir artır və yol infranstrukturu qaydaya salınmır. Hər hansısa istehsal prosesinə gecikməmək üçün qaydaları pozmağa məcbur olan vətəndaş həm də maddi cəhətdən sıxıntılı vəziyyətə düşür. Bu baxımdan həmin məsələdə həddən artıq yüksək cərimələrin vətəndaşa yüklənilməsi çıxış yolu kimi düşünülə bilməz. Bu zərərli yoldur. Ona görə də, sözügedən tendensiyadan bir qədər uzaqlaşmaq lazımdır. Şəraiti yaxşılandırandan sonra cərimələrin də məbləğini artırmaq olar. Yoxsa, hazırkı vəziyyətdə məsələni hansısa şəkildə həll etmək, cərimə yolu ilə vətəndaşın üzərinə problemi yükləmək yalnış seçimdir. Əvvəl-axır qanunvericilikdə bu yoldan uzaqlaşmaq üçün addımlar atılmalıdır”. 






Fikirlər