Qadına balta ilə xəsarət yetirən Xalq artistini hansı cəza gözləyir? – HÜQUQŞÜNAS RƏYİ + FOTO

“Ağadadaş Ağayevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilir. Yaşadığı evin qarşısındakı özəl klinikanın mühafizəçisindən yardım, təcili həkim istəyib. Lakin mühafizəçi imtina edib, sənətçini klinikaya dəvət edib. Əsəblərinə hakim ola bilməyən Xalq artisti baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib. Burada iki şəxsin həyat və sağlamlığına qəsd edilməsindən söhbət gedir”.

Bu barədə Medianews.az-a açıqlamasında hüquqşünas Rüfət Səfərov bildirib.

Qeyd edib ki, xəsarətin, ya da xəsarətlərin dərəcəsini bəri başdan söyləmək mümkün deyil. Onun fikrincə, bunu təyin edilən məhkəmə-tibb ekspertizası müəyyən edəcək: “Bundan sonra məluma olacaq ki, əgər xəsarət varsa, yüngüldür, az ağırdır, yoxsa ağırdır? Eyni zamanda, zərərçəkmiş şəxslər xidməti vəzifələrini və ya ictimai borcunu yerinə yetirərkən cinayətkar qəsdə məruz qalıblarsa, bu, cinayət məsuliyyətini daha da ağırlaşadırır. Şübhəsiz ki, işin halları, dinamika, cinayətin obyekti, obyektiv, subyektiv tərəfləri mənə tam bəlli deyil. Yalnız sosial mediada, KİV-də yayılan bəzi məlumatlar əsasında qeyri-qəti mülahizələr yürütmək olar”.

Hüquqşünasın sözlərinə görə, əgər məlum olsa ki, qəsdən sağlamlığa yüngül zərər vurulub, bu zaman Xalq artisti A.Ağayev Cinayət Məcəlləsinin 128-ci Maddəsinə əsasən, cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması, bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər: “Yox əgər, aydınlaşsa ki, qəsdən sağlamlığa az ağır zərər vurulub, bir ildən beş ilədək azadlıqdan məhrumetmə mümkündür. Daha da ağır ola bilər. Bəlli olsa ki, qəsdən sağlamlığa ağır zərər vurulub, o zaman altı ildən on iki ilədək azadlıqdan məhruetmə cəzası ola bilər. Onu da deyim ki, Cinayət Məcəlləsinin 78-ci Maddəsi xəstəliyə görə cəzadan azad etməni nəzərdə tutur. Əgər müəyyən olsa ki, şəxs onkoloji xəstəliyin terminal mərhələsindədir, belədə həmin Maddəyə əsasən cəzanı çəkməkdən azad edilir. Şübhəsiz ki, ibtidai araşdırma işi tam, hərtərəfli, obyektiv aparılmalıdır. Zərərçəkmiş şəxsə şəfalar diləyirəm. Eləcə də Xalq artistinə şəfalar və ən azı, fərdi məsuliyyət arzulayıram”.






Fikirlər