Ceyhun Yusifov məhkəmənin qapalı keçirilməsini istədi- Adəm Məmmədov isə etiraz etdi

Vəkil Adəm Məmmədov və Ceyhun Yusifov arasında məhkəmə çəkişməsi davam edir. Ötən gün Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə məhkəmənin növbəti iclası keçirilib.

Adəm Məmmədovun vəkili Mirdamət Qədirli Bakunews.az-a vəkillər- Adəm Məmmədovla Ceyhun Yusifov arasında xüsusi ittiham qaydasında keçirilən məhkəmə prosesindən danışıb: "Məhkəmə prosesində Xüsusi ittihamçının nümayəndələri 7 vəsatət verdilər. Lakin məhkəmə ədalətli qərarlar qəbul edərək, 6 vəsatəti rədd etdi. Lakin onların bir vəsatətini təmin etdi. Həmin bu vəsatətə bizdə etiraz etmədik. Buna görə də məhkəmə ədalətli qərar qəbul etdi. Bundan sonra biz vəsatət verdik. Həmin vəsatət də məhkəmə tərəfindən təmin edildi. Vəsatətimiz isə cinayət işi materiallarının surətlərinin götürülməsindən ibarət idi.

Xüsusi ittihamçının bir vəsatəti isə ondan ibarət oldu ki, cinayət işi qapalı məhkəmə prosesi ilə keçirilsin. Lakin, biz buna etiraz etdik, hətta prosessin mediada işıqlanmasını istədik. Məhkəmə də onların bu vəsatətini təmin etmədi. Məhkəmə prosesinin növbəti iclası avqust ayının 2-nə təyin edildi.
Xatırladaq ki, Vəkil Adəm Məmmədovu digər vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında məhkəməyə verib.

Ceyhun Yusifov həmkarının ona böhtan atdığını bildirir və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148 Təhqir (yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Adəm Məmmədov və onun vəkili isə həmin şikayətin əsassız olduğunu, həmin məsələ ilə bağlı cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə qərarın olduğunu qeyd edirlər.






Fikirlər